Oktyabrın 13-də Bakıdakı “Hilton” hotelində Şimali Kipr Türk Respublikasının (ŞKTR) mədəniyyət və tanıtım günlərinin açılış mərasimi keçirildi.
Mərasimdə ŞKTR-in Prezidenti Ersin Tatar ölkənin dövlət qurumlarının rəhbərləri, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı və digər qonaqlar iştirak edirdi.
Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra ŞKTR-in tanıtım filmi nümayiş olundu.
Mərasimdə çıxış edən Prezident Ersin Tatar Kipr türk xalqının böyük türk millətinin ayrılmaz bir parçası olduğunu vurğuladı. O, Azərbaycana səfərinin ölkəsinin gələcəyi üçün faydalı olacağına inandığını bildirdi: “Biz taleyi bir, keçmişi bir, qəlbi bir olan eyni millətin övladlarıyıq. Adət-ənənələrimiz, mədəniyyətlərimiz, milli dəyərlərimiz birdir. Azərbaycanı hər zaman ana vətənimiz Türkiyə Cümhuriyyətinin yanında qəbul etmişik”.
Ersin Tatar ölkələrimiz arasında siyasi və mədəni sahələrdə əlaqələri inkişaf etdirmək üçün yeni bir mərhələnin başlanmasına görə Azərbaycan rəhbərliyinə təşəkkürü bildirdi.
Mədəniyyət və tanıtım günlərinin əhəmiyyətindən danışan dövlət başçısı belə tədbirlərin Azərbaycanla Şimali Kipr arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini dedi. Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdiyini diqqətə çatdıran Ersin Tatar şanlı Zəfər münasibətilə xalqımızı təbriklərini çatdırdı: “Prezident İlham Əliyevin rəhbərliyi, Ali Baş Komandanlığı ilə işğal altındakı Azərbaycan torpaqları azadlığa qovuşub. Azərbaycan dövlətinizə və xalqına bundan sonra sülh, əmin-amanlıq və gözəl həyat arzu edirəm. Biz eyni millətin insanlarıyıq, mədəniyyətimiz birdir, tariximiz birdir, dillərimiz də birdir. Bizlər bir-birimizin gözünə baxarkən ürəyimizdən keçənləri oxuyuruq. Can Azərbaycanla əlaqələrimiz mədəni, ticarət, təhsil və başqa sahələrdə daha da inkişaf edəcək. Biz böyük Türk dünyasının övladlarıyıq. Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Azərbaycan bir-biri ilə çox sıx bağlıdır. 300 milyonluq Türk dünyasının bir-birinə daha da yaxınlaşması, qardaşlıq bağlarının möhkəmlənməsi üçün yeni böyük addımlar atılacaq".
Daha sonra qonaqlar sərgi ilə tanış oldular. Sərgidə ŞKTR-in inşaat, mətbəx, hotelçilik və digər sahələrini əhatə edən stendlər qurulub.
Şimali Kiprin İskele Bələdiyyəsi xalq oyunları qrupunun bir-birindən maraqlı rəqs nömrələri tədbirə rəng qatdı.
Şimali Kiprin Bakıda mədəniyyət və tanıtım günləri oktyabrın 14-də başa çatır.
Lalə Azəri