Üçcildliyin birinci cildi çapdan çıxıb
  
   Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Milli sənətə töhfə” layihəsi çərçivəsində “Seçmə aşıq şeirləri” üçcildliyinin birinci cildi çapdan çıxıb.
   Klassik və çağdaş xalq aşıq sənətindən seçmələrin yer aldığı üçcildliyin ilk kitabı 600 nüsxə tirajla nəşr edilib. Bir müddət sonra onun elektron versiyası da saytda yerləşdiriləcək.
   “Milli sənətə töhfə” layihəsi çərçivəsində görülən işlərin əsas məqsədi gənc yazarları xalq ədəbiyyatımız ilə yaxından tanış etmək, eləcə də Azərbaycan xalqının milli-mədəni irsini qorumaq və təbliğ etməkdir.
   Kitabın tərtibçi-redaktoru İlqar İlkin, rəyçi professor Nizami Cəfərov, məsləhətçilər Xalq şairi Zəlimxan Yaqub və professor Məhərrəm Qasımlıdır. Aşıq şeirlərindən ibarət toplular silsiləsinin nəşri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.