Adam Marşalek Bakıda görüşlər keçirib

 

Polşanın tanınmış nəşriyyatlarından olan “Marşalek Publishinq Group”un rəhbəri professor Adam Marşalek Bakıya səfər edib. Qonaq Bakı Slavyan Universitetində (BSU), Azərbaycan Milli Elmlər Akademiyasında, Azərbaycan Dillər Universitetində görüşlər keçirib, BSU-da “Müəllim hazırlığının təlim və tədris məsələlərinə həsr olunmuş” beynəlxalq elmi-praktik konfransda iştirak edib.

BSU-da keçirilən görüşdə rektor Anar Nağıyev universitetdə Polşa Tədris-mədəniyyət mərkəzi, polyak dilinin tədrisi barədə danışıb, BSU-nun müəllim və tələbələrinə dəstəyinə görə Adam Marşalekə minnətdarlığını bildirib. Qeyd edib ki, BSU-nun tədqiqatlarının beynəlxalq elmmetrik bazalara çıxarılması əsas məqsədlərdəndir.

Adam Marşalek BSU-da olmaqdan məmnunluğunu ifadə edib, budəfəki gəlişinin məqsədinin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi olduğunu bildirib.

Görüşdə Azərbaycan və polyak tədqiqatçılarının birgə beynəlxalq layihələrdə iştirakının vacibliyi vurğulanıb.

Adam Marşalekin AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ilə görüşündə də azərbaycanlı alimlərin tədqiqatlarının beynəlxalq nəşrlərdə yayılması ilə bağlı fikir mübadiləsi aparılıb.

İsa Həbibbəyli akademiyada aparılan elmi-tədqiqat işləri arasında Polşa ədəbiyyatına aid araşdırmaların da olduğunu diqqətə çatdırıb, AMEA-nın nəşriyyatı və müvafiq elmi qurumları ilə “Marşalek Publishinq Group” şirkəti arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edib.

Adam Marşalek də öz növbəsində çap etdikləri elmi jurnallarda Azərbaycan alimlərinin araşdırmalarına da yer verə biləcəklərini xüsusi vurğulayıb, Polşada təşkil olunacaq elmi konfransa Azərbaycan alimlərini də dəvət edib.