Olaylar, faktlar (17–19 oktyabr)

 

156 il əvvəl...

 

18 oktyabr 1867-ci ildə Rusiyadan satın alınan Alyaska rəsmən ABŞ-nin ərazisi elan edilib. Rusiya İmperiyası Senatı həmin ilin 30 martında imzalanmış müqaviləni təsdiq etdikdən sonra müvafiq protokol ABŞ rəsmilərinə təqdim edilib. Alyaska (1,5 milyon kvadrat kilometr) o dövr üçün böyük məbləğ sayılan 7,2 milyon dollara (qızılla) ABŞ-yə satılmışdı. Məsələ ABŞ Konqresində müzakirə olunarkən bir sıra qanunvericilər təşəbbüsün müəllifi olan dövlət katibi Vilyam Struvardı ölkənin vəsaitini “nəhəng buzlağa görə” israfda ittiham etmişdi. İllər sonra bu buzlaqların arasında zəngin neft yataqları aşkarlandı. 18 oktyabr ABŞ-də “Alyaska günü” kimi qeyd edilir.

 

112 il əvvəl...

 

18 oktyabr 1911-ci ildə Osmanlı ilə İtaliya arasında Liviya uğrunda gedən müharibənin başa çatmasına dair sülh sazişi imzalanıb. Osmanlı paytaxt Tripoli də daxil olmaqla Liviyanın bir hissəsini İtaliyanın nəzarətinə keçməsinə razılaşıb, İtaliya isə Aralıq dənizindəki Dodekan (On iki ada) adalarını Osmanlıya verib. Lakin Osmanlının zəif düşdüyü bu zamanda adalara nəzarəti Yunanıstan ələ keçirib.

 

102 il əvvəl...

 

18 oktyabr 1921-ci ildə RSFSR tərkibində Krım Muxtar Sovet Sosialist Respublikası (mərkəzi Simferopol şəhəri) yaradılıb. 1944-cü ildə Krım tatarları Orta Asiyaya sürgün edildi, bir il sonra vilayətin muxtariyyət statusu ləğv edildi. 1954-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanına (19 fevral) əsasən, Krım Ukrayna SSR-ə verildi. Krım tatarlarının çoxu isə öz torpaqlarına dönə bilmədi. 2014-cü ildə Rusiya Krımda əksəriyyət təşkil edən rus əhali arasında referendumu əsas götürərək Krımı ilhaq etdi.

 

32 il əvvəl...

 

18 oktyabr 1991-ci ildə Azərbaycan Parlamenti – Ali Sovet  “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edib. Konstitusiya Aktı Azərbaycanın müstəqilliyini bərpa etməsi barədə Ali Sovetin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinin davamı olaraq qəbul olunub. 6 fəsildən ibarət sənədin preambulasında Azərbaycan Respublikasının 1918-1920-ci illər Xalq Cümhuriyyətinin varisi olduğu, Konstitusiya Aktının Azərbaycan Milli Şurasının 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə əsaslandığı vurğulanırdı. “Müstəqillik Günü” haqqında Azərbaycan Respublikasının Qanununa (15 oktyabr 2021-ci il) əsasən, 18 oktyabr Müstəqilliyin Bərpası Günü elan edilib.

Eyni gündə Prezident Ayaz Mütəllibov şəhər və rayonlarda icra hakimiyyəti başçısı vəzifəsinin təsis edilməsi barədə fərman verib.

***

19 oktyabr 1991-ci ildə erməni silahlı dəstələri Dağlıq Qarabağda azərbaycanlı əhaliyə qarşı daha bir terror aktı törədib. Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında minik avtomaşınının partladılması nəticəsində 3 nəfər həlak olub, 2 nəfər yaralanıb.

 

18 il əvvəl...

 

17 oktyabr 2005-ci ildə Azərbaycanda parlament seçkiləri (6 noyabr) ərəfəsində müxalifət qüvvələrinin (“Azadlıq” bloku) “narıncı inqilab”a başlamaq cəhdləri iflasa uğrayıb. İflasın ardınca siyasi prosesləri körükləmək istəyən hakimiyyətdaxili qüvvələr də ifşa olunub. Bir neçə yüksək vəzifəli şəxs (iqtisadi inkişaf naziri Fərhad Əliyev, səhiyyə naziri Əli İnsanov və s.) məsuliyyətə cəlb olunub.

Hazırladı: V.Orxan