Olaylar, faktlar (20–23 oktyabr)

 

218 il əvvəl...

 

21 oktyabr 1805-ci ildə İspaniya və Fransanın birləşmiş donanması ilə Böyük Britaniyanın dəniz qüvvələri arasında Trafalqar burnu yaxınlığında (İspaniyanın Atlantik okeanı sahillərində) böyük döyüş olub. İngilis admiralı Horatsio Nelsonun donanması ispan-fransız qüvvələrini darmadağın edib. Qarşı tərəfin 18 gəmisi batırılıb, 7 min nəfər döyüşçüsü həlak olub. İngilislərin itkisi 1700 nəfər idi. Admiral Helson da döyüşdə həlak olub. Bu tarixi döyüş sayəsində Britaniya dünya okeanında hökmranlığı ələ aldı.

 

100 il əvvəl...

 

20 oktyabr 1923-cü ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi (MİK) “Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında” dekret qəbul edib. Bir il əvvəl MİK latın əlifbasının ərəb əlifbası ilə bərabər hüquqa malik olması haqqında dekret vermşdi. Latın qrafikalı əlifbaya tam keçid 1929-cu ildə reallaşdı. 1939-cu ildə onu kiril əlifbası əvəzlədi.

 

67 il əvvəl...

 

23 oktyabr 1956-cı ildə Macarıstanda antisovet çıxışları (23 oktyabr – 4 noyabr) başlanıb. Aksiya iştirakçıları Macarıstanın “Varşava bloku”ndan çıxmasını, sosialist inkişaf yolundan əl çəkməsini tələb edirdilər. Çıxışlara rəhbərlik edən Macarıstan KP-nin islahatçı qanadının lideri İmre Had hökumətin başçısı seçildi. Moskvanın təlimatı ilə partiyada Yanoş Kadarın başçılıq etdiyi mühafizəkarlar hökuməti tanımadı və özləri “müvəqqəti hökumət” qurdular, sonra isə kömək üçün Moskvaya müraciət etdilər. SSRİ və “Varşava bloku” ölkələrinin hərbi kontingenti Budapeştə yeridildi, “antiinqilabi qiyam” yatırıldı.

 

45 il əvvəl...

 

23 oktyabr 1978-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Naxçıvan MSSR-in Naxçıvan rayonu Babək rayonu adlandırılıb. Muxtar respublikanın mərkəzi Naxçıvan şəhəri isə ayrıca ərazi-inzibati vahid (respublika əhəmiyyətli şəhər) olub.

 

42 il əvvəl...

 

20 oktyabr 1981-ci ildə Mingəçevirdə respublika energetikasının flaqmanı – “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci bloku istifadəyə verilib. İnşası 1974-cü ildə başlanan stansiya Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün ən möhtəşəm tikintisidir, vaxtilə ölkənin enerji tələbatının yarısını (2400 Mvt) təmin edib. Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı fərmana əsasən, 20 oktyabr Azərbaycanda “Energetiklər günü” kimi qeyd olunur.

 

36 il əvvəl...

 

21 oktyabr 1987-ci ildə Heydər Əliyev Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçovun təzyiqi ilə SSRİ rəhbərliyindən istefa verib. Sov.İKP MK-nın plenumunda Heydər Əliyevin ali orqandan – Siyasi Büro üzvlüyündən istefası qəbul olunub. Ertəsi gün Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən də istefa verdi. Bundan qısa müddət sonra ermənilər Qarabağ avantürasına start verdilər.

 

21 il əvvəl...

 

22 oktyabr 2002-ci ildə Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin “Merkuri-2” gəmi-bərəsi Bakının 130 kilometrliyində qəzaya uğrayaraq batıb. Bərədə olan 51 nəfərdən yalnız 9 nəfəri xilas etmək mümkün olub. Bu, Azərbaycanın gəmi nəqliyyatı tarixində ən böyük qəza idi.

Hazırladı: V.Orxan