İnsan ömrünü şərəfləndirən də, həyatını mənalandıran da onun əməlləridir. O insan xoşbəxtdir ki, uca Yaradanın verdiyi ömrü şərəflə yaşayır, özündən sonra həyatda bir iz qoyub gedir. Ömrünü milli teatrın tərəqqisinə həsr edən, yaradıcılığı ilə həmkarlarına nümunə olan Əməkdar incəsənət xadimi, tanınmış rejissor Baxşı Qələndərli də belə sənətkarlardandır. Naxçıvan teatrının inkişafına öz töhfəsini verən rejissorun bu il anadan olmasının 120 illiyidir.
Baxşı (Baxış) Həsən oğlu Qələndərli 1903-cü il iyul ayının 20-də Xankəndidə dünyaya göz açıb. İlk təhsilini Xankəndidəki ikisinifli məktəbdə alan Baxşı 1921-1923-cü illərdə Şuşa Müəllimlər Seminariyasında oxuyub.
Uşaqlıqdan teatra böyük maraq göstərdiyindən Şuşa Müəllimlər Seminariyasında oxuduğu müddətdə dram dərnəyində iştirak edir. Seminariyanı bitirdikdən sonra bir il doğma kəndlərində müəllimlik edir. 1926-1930-cu illərdə Bakı Teatr Texnikumunda təhsil alır. 1930-1934-cü illərdə isə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Səhnə Sənəti İnstitutunda təhsilini davam etdirir. İnstitutu müvəffəqiyyətlə bitirir, təyinatla İrəvan Dövlət Azərbaycan Dram Teatrına göndərilir. Bu qədim sənət ocağında ilk olaraq 1935-ci ildə Cəfər Cabbarlının “1905-ci ildə” dramına quruluş verir. O, bu teatrda 1934-cü ildən 1964-cü ilədək fəaliyyətini davam etdirir. 1943-1951-ci illərdə bu teatrda baş rejissor vəzifəsində çalışır. M.F.Axundzadə, Ü.Hacıbəyli, C.Cabbarlı, Ə.Haqverdiyev, A.Ostrovski, N.Qoqol və onlarla digər klassikin əsərlərini tamaşaya qoyur.
B.Qələndərlinin rejissorluğu ilə oynanılan “1905-ci ildə” tamaşası geniş rezonans doğurub. Bundan sonra teatra Cəfər Cabbarlının adı verilib.
B.Qələndərli 1964-cü ildən ömrünün sonunadək C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərib. O, Naxçıvan səhnəsində milli klassiklərimizin, çağdaş dramaturqlarımızın və həmçinin əcnəbi müəlliflərin əsərlərinə maraqlı quruluşlar verib. Rejissor hazırladığı tamaşaların ideya-bədii cəhətdən, aktyor oyunu baxımından maraqlı olmasına çalışırdı. O istəyirdi ki, hər yeni tamaşa izləyicini yalnız güldürüb əyləndirməsin, həyat haqqında dərin düşüncələrə qərq etsin.
İnsan ürəyinin hökmü ilə seçdiyi və sevdiyi işlə məşğul olanda, sözün həqiqi mənasında, öz peşəsinə aludə olanda, gördüyü işin də faydası olur. Bu həyat həqiqətini biz B.Qələndərlinin ömür yolunun timsalında aydın görürük. O öz sevimli peşəsinin sirlərinə dərindən bələd olduğundan praktiki fəaliyyətini də nəzəri biliklərlə daha da zənginləşdirmək arzusu ilə yaşayır, insanların maariflənməsində teatrın roluna böyük əhəmiyyət verirdi. O, bir rejissor olsa da, əsl vətəndaş idi. Çalışırdı ki, əsər tamaşaya hazırlanarkən hər bir aktyorda səhnəyə məhəbbət hissi aşılasın. Məşq zamanı aktyorlara “İnsan sevməsə, sevdirə bilməz” deyirdi.
Ötən əsrin 60-70-ci illərində Naxçıvan teatrında müasirlik duyğusunun qüvvətlənməsi müşahidə olunurdu. Bu xüsusən B.Qələndərlinin baş rejissor kimi teatrda fəaliyyətə başlamasından sonra daha bariz şəkildə görünməyə başlayır. Onun Naxçıvan teatrında quruluş verdiyi ilk tamaşa Adil Babayevin “Ürək çağırır” (11 may 1964) pyesi olmuşdur. Bu tamaşadan sonra rejissor Kəmalə Ağayevanın “Məhsəti” əsərinə (bədii tərtibatçı M.Qasımov) quruluş verir. 1964-cü ilin iyun ayının 1-də göstərilən ilk tamaşada Zəroş Həmzəyeva (Məhsəti), Məmməd Quliyev (Gəncə hökmdarı), İsa Musayev (Pərvər baba), İldırım Cabbarov (İlyas), Əkbər Qardaşbəyov (Əmir Əhməd), Əyyub Məmmədov (Əşrəf) və başqaları çıxış etmişdilər. Təcrübəli rejissor tamaşada tarixi şəraiti bütün təfərrüatı ilə təsvir etmək prinsipindən, cah-calallı dekorasiyalardan və parıltılı geyimlərdən uzaq qaçmışdı. Səhnə əsəri rejissor dəst-xəttinin sadəliyi, təsvir vasitələrindəki qənaətçilliyi ilə diqqəti cəlb edirdi. İki dünyagörüşün, iki fəlsəfi baxışın baş-başa gəlməsi tamaşada inandırıcı bir şəraitdə göstərilirdi. Məscid və xərabət – bu iki cəbhə tamaşanın iki rəmzi surəti idi.
Aktyor ansamblını möhkəmləndirmək və səhnə mədəniyyətini yüksəltmək istiqamətində B.Qələndərlinin Naxçıvan teatrındakı fəaliyyəti xüsusilə səmərəli idi. Onun adı bir rejissor kimi respublika mətbuatında tez-tez çəkilirdi. O, quruluş verdiyi tamaşalarda nə özündən əvvəlki həmkarlarını, nə də müasirlərini təkrarlamazdı. Təsadüfi deyil ki, sənətşünaslıq doktoru, professor Cəfər Cəfərov B.Qələndərlini “Naxçıvan teatrı üçün bir tapıntı” adlandırmışdı.
Belə bir deyim var: “Çatmaq istədiyi hədəfi olmayan insanlar çalışmaqdan zövq almazlar”. Baxşı müəllim isə məhz çatmaq istədiyi hədəfləri ustalıqla fəth edən, yüksək zirvələrə doğru inamla irəliləyən, sözün həqiqi mənasında, işindən zövq alan əməksevər, qəlbən öz peşəsinə vurğun sənətkar idi. Rejissor fəaliyyəti dövründə 100-dən artıq klassik və müasir əsərə uğurlu quruluş vermişdi. O, Naxçıvan teatrında M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”, “Hacı Qara”, N.Vəzirovun “Hacı Qəmbər”, H.Cavidin “Şeyx Sənan”, “Şeyda”, C.Cabbarlının “Od gəlini”, “Solğun çiçəklər”, “Oqtay Eloğlu”, C.Məmmədquluzadənin “Anamın kitabı”, S.S.Axundovun “Laçın yuvası”, S.Vurğunun “Vaqif”, H.İbrahimovun “İtirilən sağlıq”, H.Razinin “Arxalı dağlar”, İ.Səfərlinin “Yolayrıcında”, V.Şekspirin “Otello”, F.Şillerin “Məkr və məhəbbət”, K.Qoldoninin “Mehmanxana sahibəsi”, “Məzəli hadisə”, K.Simonovun “Dördüncü”, V.İvanovun “Zirehli qatar 14-69”, B.Lovrenyovun “Hücum”, N.Dumbadzenin “Darıxma, ana” və digər əsərlərə verdiyi quruluşlar zəngin rejissor yozumu ilə diqqəti çəkirdi. A.Ostrovskinin “Cehizsiz qız” pyesi rejissorun quruluşunda 1966-cı il aprelin 16-da tamaşaya qoyulur. B.Qələndərli səhnə əsərində insan ləyaqətinin və məhəbbətinin qüdrətini ön plana çəkərək tamaşaçılara təqdim etmişdi. Bu tamaşada Larisa yalnız ətrafdakı insanlara deyil, həm də öz duyğularına qarşı mübarizə aparır. Buna görə də rejissor Larisa obrazının bədii təcəssümü üçün onun oxuduğu romansın “ehtiyac olmadan məni incitmə” sözlərini qəhrəmanın ölümünə görə zülmkarlar dünyasına qarşı ittiham kimi səsləndirir.
B.Qələndərlinin sənət axtarışları sayəsində yaranmış digər bir uğurlu tamaşa Adil Babayevin məşhur realist rəssam Bəhruz Kəngərlinin həyat və yaradıcılığını əks etdirən “Yarımçıq şəkil” adlı tarixi dramıdır. Əsər 1968-ci ilin 24 mayında tamaşaya qoyulmuşdu. Tamaşada Əkbər Qardaşbəyov (Bəhruz), İsa Musayev (Qəmküsar), Əyyub Haqverdiyev (Oğulbəy), Yusif Haqverdiyev (Ülfət), Pakizə Məmmədova (Şirin), Aydın Şahsuvarov (Solomon), Sofya Hüseynova (Eteri) və başqa artistlər obrazlarının öhdəsindən layiqincə gəlmişdilər. Quruluşçu rejissor bu tamaşada da dramaturqun fikrinə sadiq qalaraq Bəhruz Kəngərlinin həyatını yeniliyə, işığa doğru can atan insanların mübarizəsi kimi mənalandırmışdır. “Yarımçıq şəkil” pyesi Naxçıvan bölgəsi üçün xüsusilə əhəmiyyətli idi. Çünki hadisələr Naxçıvanda cərəyan edir və əsərin baş qəhrəmanı Bəhruz Kəngərlinin bütün fəaliyyəti də məhz bu qədim şəhərlə, onun adamları, mədəni mühiti ilə bağlıdır. Lakin rejissor bu əsərə “yerli” mövzu kimi baxmamış, onun daha çox ictimai-siyasi mahiyyətini və bədii məziyyətlərini açmağa nail olmuşdu. O, əsəri tamaşaya hazırlayarkən qəhrəmanın tərcümeyi-halının təfərrüatına uymadan, onu bir sənət fədaisi kimi canlandırmışdı. Tamaşada rəssam Bəhruzun mürəkkəb taleyi, ziddiyyətli daxili aləmi işıqlandırılırdı. Gürcü qızı Eterinin ona məhəbbəti, Bəhruzun həyəcan və iztirabları, tufanlı illərin hadisələri ilə üzvi şəkildə əks olunurdu.
Qədim yunan filosofu Demokritin “İnsan öz gözündə deyil, başqalarının gözündə yüksəlməlidir” fikri B.Qələndərlinin timsalında dəqiq əksini tapırdı. O, aktyor və rejissor kadrların ərsəyə gəlməsində mühüm rol oynayıb və kollektivdə böyük hörmət və rəğbət qazanıb. Baxşı müəllim öz sənətini nə qədər sevirdisə, bildiklərini də həmkarlarına eyni məhəbbətlə öyrədirdi. Gələcək kadrların mükəmməl yetişməsində B.Qələndərli öz təcrübəsini və sənətə olan yanaşmalarını rahatlıqla ortaya qoyurdu. Bir rejissor kimi onu yaşadan, unudulmağa qoymayan məziyyətlərdən biri də elə bu idi.
B.Qələndərli şərəfli rejissorluq fəaliyyəti ilə milli teatr sənətimizin əsl fədailərindən oldu. Azərbaycan teatr sənətinə öz töhfəsini verərək adını mədəniyyət tariximizə əbədi həkk etdirdi. Bu görkəmli sənətkarın fəaliyyəti həmişə diqqət mərkəzində olub, 1974-cü ildə respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. İki dəfə isə “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdu.
Ömrünü səhnə sənətinə həsr edən B.Qələndərli 1985-ci il sentyabrın 14-də Naxçıvan şəhərində dünyasını dəyişdi və vəsiyyəti ilə qəlbən sevdiyi qədim və tarixi şəhərimiz İrəvanda dəfn olundu.
Unudulmaz sənətkar çalışdığı kollektivlərin, tamaşaçıların, sənətsevərlərin rəğbətini və hörmətini qazanmışdı. Naxçıvanın teatr, sənət ictimaiyyəti onun xatirəsini həmişə uca tutur. Xatirə yazımızı şotlandiyalı məşhur filosof Vilyam Hamiltonun “Yer üzündə ən böyük varlıq insandır, insanda isə ən qiymətli şey müdriklikdir” fikri ilə yekunlaşdırıram. Həqiqətən də, Baxşı müəllim müdrik sənətkar idi...
Əli Qəhrəmanov
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, dosent