Olaylar, faktlar (24–26 oktyabr)
228 il əvvəl...
24 oktyabr 1795-ci ildə Polşanın (Reç Pospolita) 3-cü dəfə bölüşdürülməsinə dair Rusiya, Prussiya və Avstriya arasında “Peterburq sazişi” imzalanıb. Polşanın dövlət kimi mövcudluğuna son qoyulub. Polşanın bölüşdürülməsinə dair öncəki iki saziş 1772 və 1793-cü illərdə imzalanmışdı. Reç Pospolitanın tərkibinə daxil olan indiki Litva, Belarus və Ukraynanın bir hissəsi Rusiyanın nəzarətinə keçib.
94 il əvvəl...
24 oktyabr 1929-cu ildə Nyu-York Fond Birjasında ABŞ şirkətləri səhmlərinin sürətlə qiymətdən düşməsi ilə ölkə görünməmiş maliyyə böhranına yuvarlanıb. “Qara cümə axşamı” adı ilə tarixə düşən bu hadisə Amerikada “böyük depressiya”nın başlanğıcı oldu.
78 il əvvəl...
24 oktyabr 1945-ci ildə BMT-nin Nizamnaməsi qüvvəyə minib, təşkilat rəsmən fəaliyyətə başlayıb. 1945-ci il iyunun 26-da San-Fransiskoda (ABŞ) keçirilən beynəlxalq konfransda qəbul olunan sənədə 40-dan çox ölkə (o cümlədən SSRİ, ABŞ, Britaniya) imza atmışdı və 29 ölkənin ratifikasiyasından sonra BMT Baş Assambleyasının 1-ci sessiyası işə başladı. Hazırda 193 ölkə BMT-nin üzvüdür.
63 il əvvəl...
24 oktyabr 1960-cı ildə Qazaxıstandakı Baykonur kosmodromunda kosmik raketin sınaq buraxılışı zamanı partlayış baş verib. Nəticədə SSRİ-nin Strateji Raket Qoşunlarının komandanı marşal Mitrofan Nedelin daxil olmaqla 160-dək zabit və konstruktorlar heyəti həlak olub.
59 il əvvəl...
24 oktyabr 1964-cü ildə Britaniyanın Mərkəzi Afrikadakı müstəmləkəsi olan Şimali Rodeziya Zambiya adı altında müstəqilliyini elan edib.
50 il əvvəl...
25 oktyabr 1973-cü ildə növbəti Ərəb-İsrail müharibəsi (“Məhşər günü” savaşı) yekunlaşıb. Oktyabrın 6-da yəhudilərin əlamətdar dini günü (“Məhşər günü” – Yom Kipur) qeyd olunduğu vaxt Misir və Suriya qüvvələrinin İsrailə qarşı başladığı savaşın məqsədi 1967-ci ildəki “Altıgünlük müharibə”də (5-10 iyun) məğlubiyyətin əvəzini çıxmaq idi. Lakin bu müharibəni də İsrail qazandı və 6 il əvvəl zəbt etdiyi Sinay yarımadasına (Misir) nəzarəti saxlamaqla bərabər, üstəlik Suriyanın strateji əhəmiyyətli Qolan təpələrini də (paytaxt Dəməşqin 40 kilometrliyində) ələ keçirdi. 25 oktyabrda İsrailin tərəfində olan ABŞ və ərəblərə yardım edən SSRİ-nin də ümumi səyləri ilə müharibə dayandırıldı.
26 il əvvəl...
25 oktyabr 1997-ci ildə Azərbaycan neftinin Şimal marşrutu – Bakı-Novorossiysk (Qara dəniz) neft kəməri ilə ixracı başlanıb. Sovet dövründə çəkilən boru xətti (uzunluğu 800 km, nəql gücü ildə 5 milyon ton) Çeçenistandakı müharibə səbəbindən bir neçə il fəaliyyətsiz qalmışdı. 1999-cu ildə Azərbaycan neftini dünya bazarına daşıyan ikinci kəmər – Bakı-Supsa (Qara dəniz) işə düşdü.
21 il əvvəl...
23-26 oktyabr 2002-ci ildə Moskvada “Nord-Ost” terroru baş verib. Oktyabrın 23-də axşam Mavsar Barayevin başçılığı ilə “ölüm kəməri” bağlamış 40-a yaxın çeçen mənşəli şəxsdən ibarət dəstə Dubrovka teatr mərkəzinə basqın edərək “Nord-Ost” müziklini izləyən 850-dək tamaşaçını girov götürüb. Tələbləri Rusiya qoşunlarının Çeçenistandan çıxarılması olub. Oktyabrın 26-da səhərə yaxın xüsusi təyinatlıların əməliyyatı nəticəsində terrorçular məhv edilib. Eyni zamanda 130 (rəsmi rəqəmlərə görə) girov həlak olub.
Hazırladı: V.Orxan