Hüseyn Cavidin doğum günündə xatirəsi yad olunub

 

Oktyabrın 24-də dahi şair, dramaturq, mütəfəkkir Hüseyn Cavidin (1882-1941) anadan olmasının 141-ci ildönümü tamam oldu.

Bu münasibətlə həmin gün Naxçıvan MR Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Hüseyn Cavidin Xatirə Kompleksini ziyarət edib, ədibin məzarı üzərinə gül dəstələri düzüblər.

C.Məmmədquluzadə adına NMR Ədəbiyyat Muzeyində gerçəkləşən tədbiri giriş sözü ilə açan Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, teatrının inkişafındakı misilsiz xidmətlərindən danışıb. Görkəmli dramaturqun bənzərsiz yaradıcılığı və bütöv, əyilməz şəxsiyyəti ilə özündən sonrakı ədəbi nəsillərə bir nümunə olduğunu bildirilib. Vurğulanıb ki, haqqında əsassız ittihamlar irəli sürülən, həbs olunub Sibirə sürgün edilən görkəmli dramaturqun yaradıcılığına və şəxsiyyətinə ən layiqli qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ulu öndərin rəhbərliyi ilə Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi və cənazəsinin Sibirdən tapılaraq Azərbaycana gətirilməsi haqqında qərar qəbul edilib. Bu tarixi qərarla şairin cənazəsi doğulduğu Naxçıvan şəhərində dəfn olunub, Bakıda və Naxçıvanda ev-muzeyləri yaradılıb. 1996-cı ildə Heydər Əliyevin iştirakı ilə məqbərəsinin açılışı olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ədibin 120, 135, 140 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib.

Muxtar respublika Yazıçılar Birliyinin sədri Əməkdar mədəniyyət işçisi Asim Əliyev, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Ədəbiyyatşünaslıq şöbəsinin kiçik elmi işçisi Səbinə Dünyamalıyeva və Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimovanın çıxışları dinlənilib.

Bədii hissədə Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorları – Xalq  artisti Həsən Ağasoy və Şölə Alışovanın ifasında ədibin əsərlərindən parçalar qiraət olunub. Sonda muzeyin şairə həsr olunan guşəsinə baxış keçirilib.