Yaradıcılıq yüksək bacarıqdır və fədakarlıq tələb edir. Bu fədakarlıq yaradıcı insanın işinə, sənətinə məhəbbətindən irəli gəlir. Məhz buna görə daim yeni mövzular axtarışındadır. Bunu elmi yaradıcılıqla məşğul olanlara da aid etmək olar. Belə simalardan biri haqda söhbət açmaq istərdik.
Hüseynova Sevda Əli qızı 1963-cü il oktyabrın 29-da Gürcüstanın Bolnisi rayonunda anadan olub. Bakıda, 158 saylı orta ümumtəhsil məktəbində oxuyub, eyni zamanda 22 saylı Uşaq musiqi məktəbinin fortepiano sinfində təhsil alıb. 1983-cü ildə A.Zeynallı adına Bakı Orta-İxtisas Musiqi Məktəbini Musiqi nəzəriyyəsi bölməsi üzrə fərqlənmə diplomu ilə bitirib.
Ali təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) alaraq musiqişünaslıq ixtisasına yiyələnib. “Musiqi folklorunun Aqşin Əlizadənin simfoniyalarının melodikasına təsiri” mövzusunda diplom işini müvəffəqiyyətlə müdafiə edib. Burada onun elmi rəhbəri Gövhər Hüseynovanın əməyini qeyd etməliyik. Əlbəttə, hər bir tələbə müəlliminə olan mənəvi borcunu əməli işində, fəaliyyətində əks etdirməlidir. Sevda xanım da müəlliminin adını fəaliyyətində yaşadır.
Əmək fəaliyyətinə 1988-ci ildə başlayıb. Teatr Xadimləri İttifaqında baş məsləhətçi, Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) məsləhətçi, daha sonra 1996-2015-ci illərdə Bakı şəhəri 37 saylı Uşaq musiqi məktəbinin Nəzəriyyə şöbəsinin müəllimi kimi pedaqoji fəaliyyət göstərib. 2011-ci ildən bu günədək ABİ-də baş məsləhətçi vəzifəsində çalışır.
1999-2002-ci illərdə ABİ-nin təsis etdiyi “Musiqi dünyası” jurnalında fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan Televiziyasının “Səhər” informasiya proqramı üçün Azərbaycan bəstəkarları və musiqişünasları haqqında məqalələr hazırlayıb. “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi üzrə Mədəniyyət Nazirliyi tərəfindən nəşr olunmuş “Bəstəkar Faiq Nağıyev”, “Bəstəkar Ədviyyə Rəhmətova”, ABİ-nın 1990-2001, 2002-2012 və 2013-2019 “Məlumat kitabçaları”nın tərtibçilərindən biri və redaktorudur.
2007-ci ildən Bəstəkarlar İttifaqının üzvü olan Sevda Hüseynova mütəmadi olaraq dövri mətbuatda və müxtəlif elmi jurnallarda elmi-publisistik məqalələr və resenziyalarla çıxışlar edir. Müxtəlif mövzularda, o cümlədən ayrı-ayrı bəstəkarların yaradıcılığı ilə bağlı onlarla yazısı dərc olunub.
Sevda Hüseynova ABİ-nin keçirdiyi respublika və beynəlxalq səviyyəli festival və müsabiqələrin proqramlarının, bukletlərinin hazırlanmasında, eləcə də tədbirlərin təşkilatçısı, aparıcısı kimi fəal iştirak edir. 2011-ci ildə “İpək Yolu” II Beynəlxalq Musiqi Festivalının koordinatoru olub.
Musiqişünas alim ölkə başçısının müvafiq sərəncamı ilə 2019-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Sevda xanımı yubiley yaşı münasibətilə təbrik edir, ona bundan sonrakı həyat və sənət yolunda da uğurlar arzulayırıq.
Fidan Nəsirova-Əhmədova
BMA-nın elmi-tədqiqat laboratoriyasının əməkdaşı