Oktyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, qarmon ifaçısı, bəstəkar, pedaqoq Zakir Mirzəyevin 80 illik yubileyinə həsr olunan tədbir keçirildi.
Ustad ifaçının uzun illər işlədiyi Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşən tədbirdə tanınmış mədəniyyət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” ansamblının idarəçiliyi ilə keçən tədbir yubilyarın müəllifi olduğu “Şənlik” rəqsinin ifası ilə başlandı. Daha sonra Xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi çıxış edərək Zakir Mirzəyevin Azərbaycan milli musiqi sənətində və onun tədrisi sahəsində xidmətlərindən danışdı.
Yubilyar səhnəyə çıxaraq sənət dostları, tanınmış nağaraçı Elşən Qasımov və klavişin ifaçısı Adil Məmmədli ilə birlikdə “Muğam və rəqs” əsərini ifa etdi. Musiqi Kollecinin direktoru Əməkdar incəsənət xadimi Nazim Kazımov Zakir Mirzəyevi istedadlı ifaçı, muğamın bilicisi, mahir pedaqoq və ifaçı kimi səciyyələndirdi.
Xalq artisti, bəstəkar Tofiq Bakıxanov, Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzim, professor Fərahim Sadıqov yubiley münasibətilə sənətkarı təbrik etdilər.
Qeyd olundu ki, Zakir Mirzəyev qarmonu simfonik orkestrlə uzlaşdıran ilk ifaçıdır. O, Vyanada Üzeyir bəyin heykəlinin açılışı zamanı Motsartın əsərini qarmonda səsləndirərək Avropa dinləyicilərinə bu alətin Azərbaycan musiqi ifaçılığında mühüm yer tutduğunu sübut edib.
Xalq artistləri Gülyanaq Məmmədova, Teyyub Aslanov, Eyyub Yaqubov, Z.Mirzəyevin tələbələrindən ibarət qarmonçalanlar ansamblı, qarmon ifaçısı Natiq Mirzəyev, Dağıstanın Əməkdar artisti Qulammirzə Mirzəyev, muğam müsabiqəsinin qalibi Zabitə Alıyeva və başqaları yubilyara təbriklərini mərasim boyu təqdim etdikləri musiqi nömrələri ilə çatdırdılar.
Qeyd edək ki, Zakir Mirzəyev 100-ə qədər rəqs havası bəstələyib. 2005-ci ildə “Azərbaycan musiqisində qarmonun rolu və əhəmiyyəti” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib. 2007-ci ildə uzun illər üzərində çalışdığı soltərəfli yeni Azərbaycan qarmonu hazırlayıb. 2008-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən bu ixtirasının patentini alıb. Sənətşünas eyni zamanda bir sıra dərslik və monoqrafiyaların da müəllifidir. “Azərbaycan qarmonu” monoqrafiyası iki dəfə çap edilib. “Qarmon məktəbi” dərsliyi və “Rast muğamı” metodik vəsaiti müvafiq sahə üzrə təhsil ocaqlarında istifadə olunur.
Lalə Azəri