Azərbaycan

 

1 noyabr 1906 – Azərbaycanın ictimai-siyasi və ədəbi fikir tarixində önəmli rol oynamış “Füyuzat” (ərəbcədən “gerçəyi dərk edib zövq almaq”) jurnalı nəşrə başlayıb. Hacı Zeynalabdin Tağıyevin yardımı ilə nəşr olunan jurnalın redaktoru Əli bəy Hüseynzadə idi.

1 noyabr 1923 –  Qəzəlxan şair Əliağa Bakir (Əliağa Hacağa oğlu Rzayev; 1923-1998) Bakıda anadan olub.

1 noyabr 1939 – Azərbaycan SSR Xalq Komissarları Soveti Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıqla bağlı dahi şairin həyat və yaradıcılığından bəhs edən muzeyin (indiki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi) yaradılması barədə qərar qəbul edib.

1 noyabr 1945 – Kinorejissor, ssenarist Nicat Feyzullayev (1945-2015) Bakıda tanınmış rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində anadan olub. “Küçələrə su səpmişəm” bədii və çoxsaylı sənədli filmlər çəkib.

1 noyabr 1965 – Məşhur xanəndə, Xalq artisti Seyid Şuşinski (Mir Möhsün ağa Seyid İbrahim oğlu; 12.4.1889 – 1965) vəfat edib. 1930-60-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.

1 noyabr 1994 – Türkiyənin paytaxtı Ankarada – Bilkənd Universitetində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinə həsr olunmuş mərasim keçirilib. Tədbirdə Azərbaycan Prezidenti Heydər Əliyev iştirak edib.

1 noyabr 2005 – Əməkdar artist Bürcəli Veysəl oğlu Əsgərov (15.2.1933 – 2005) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb. Filmlərdə, televiziya tamaşalarında çəkilib.

1 noyabr 2022 – Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist Leyla Həzrət qızı Səfərova (15.10.1945 – 2022) vəfat edib.

 

2 noyabr 1934 – Şair, Əməkdar müəllim Oqtay Rza (Oqtay Məhərrəm oğlu Rzalı; 1934 – 18.8.2019) Salyan rayonunun Qalalı kəndində doğulub. N.Tusi adına ADPİ-də işləyib. Dünya xalqları ədəbiyyatından tərcümələr edib.

2 noyabr 1937 – Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 1937 – 18.11.2000) anadan olub. “Hicran”, “Bankir adaxlı” və s. musiqili komediyaların, populyar mahnıların müəllifidir. Tamaşalara, filmlərə (“Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “İstintaq” və s.) musiqi bəstələyib.

2 noyabr 1947 – Əməkdar artist Telman Rüstəm oğlu Əliyev (1947 – 4.7.2017) Şuşa şəhərində anadan olub. Gəncə, Akademik Milli Dram teatrlarında çalışıb, filmlərdə çəkilib.

2 noyabr 1964 – Əməkdar artist Murad Məmmədrza oğlu Muradov (1884-1964) vəfat edib. Ağdam rayonunun Muradbəyli kəndində doğulub, Akademik Dram Teatrının aktyoru olub.

2 noyabr 1988 – Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökumə Abbasəli qızı Qurbanova (11.6.1913 – 1988) vəfat edib. 1938-ci ildən Akademik Dram Teatrında çalışıb.

2 noyabr 1997 – Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Mustafa oğlu Bədəlov (1909-1997) vəfat edib. 1936-cı ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu (Sergey Eyzenşteynin sinfi) bitirib.

 

3 noyabr 1943 – Tiflis Azərbaycan teatrının ilk peşəkar aktyorlarından olmuş Mirzəli (Əlibala) Hacı Abbas oğlu Abbasov (1870-1943) vəfat edib. Tamaşalara quruluş verib, pyeslər yazıb. Gürcüstanın Əməkdar artisti olub.

3 noyabr 1983 – Görkəmli aktyor, Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (22.3.1913 – 1983) vəfat edib. Dövlət Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında çalışıb. Filmlərdə yaddaqalan obrazlar yaradıb.

3 noyabr 1997 – Əməkdar artist Zemfira Nəriman qızı Quliyeva (23.11.1937 – 1997) vəfat edib. 1963-cü ildən Musiqili Komediya Teatrında çalışıb.

3 noyabr 2007 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Böyükağa Məşədi oğlu Mirzəzadə (21.2.1921 – 2007) vəfat edib. Tematik tablolar, portret janrında uğurlu nümunələr yaradıb, teatr tamaşalarına bədii tərtibat verib.

3 noyabr 2018 – Prezident İlham Əliyev milli mədəni-maarif salnaməsində xüsusi yeri olan Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

Dünya

 

1 noyabr 1636 – Fransız şairi, ədəbiyyatşünas, klassisizmin nəzəriyyəçisi Nikola Bualo (Nicolas Boileau-Despreaux; 1636 – 13.3.1711) anadan olub.

1 noyabr 1781 – Alman rəssamı Yozef Karl Ştiler (Joseph Karl Stieler; 1781-1854) anadan olub.

 

2 noyabr 1699 - Fransız rəssamı Jan Batist Simeon Şarden (Jean Baptiste Simeon Chardin; 1699-1779) anadan olub.

2 noyabr 1906 – İtalyan kino və teatr rejissoru Lukino Viskonti (Luchino Visconti di Modrone; 1906 – 17.3.1976) anadan olub. Filmləri: “Rokko və onun qardaşları”, “İnteryerdə ailə portreti” və s.

2 noyabr 1950 – İrland əsilli Britaniya yazıçısı, dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1925) laureatı Corc Bernard Şou (George Bernard Shaw; 26.7.1856 – 1950) vəfat edib.

 

3 noyabr 1797 – Rus yazıçısı Aleksandr Bestujev-Marlinski (1797-1837) anadan olub. Qafqaza sürgün olunub. Azərbaycan xalq qəhrəmanın həyatından bəhs edən “Molla Nur” povestini yazıb.

3 noyabr 1801 – İtalyan bəstəkarı Vinçenso Bellini (Vincenzo Salvatore Carmelo Francesco Bellini; 1801-1835) anadan olub. Operaları: “Norma”, “Somnambula” və s.

3 noyabr 1869 – Rus şərqşünası, akademik Vasili Bartold (1869–1930) anadan olub. “Kitabi-Dədə Qorqud”un bəzi boylarını rus dilinə tərcümə edib.

Hazırladı: V.Orxan