Olaylar, faktlar (31 oktyabr – 3 noyabr)

 

139 il əvvəl...

 

1 noyabr 1884-cü ildə beynəlxalq miqyasda coğrafi uzunluq və saat zolağının başlanğıc nöqtəsi kimi Qrinviç meridianı (yaxud sıfır meridianı) qəbul edilib. Qrinviç meridianı Londondakı Qrinviç rəsədxanasının yerləşdiyi yerdən hesablanır.

 

102 il əvvəl...

 

3 noyabr 1921-ci ildə Rusiya K(b)P Mərkəzi Komitəsi Qafqaz Bürosunun plenumu Cənubi Qafqazın üç sovet respublikasının – Azərbaycan, Ermənistan və Gürcüstanın federasiyasının yaradılması barədə qərar qəbul edib. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası 1922-ci ildə yaradıldı və Sovet İttifaqının (SSRİ) təsisçilərindən biri oldu. ZSFSR 1936-cı ilədək fəaliyyət göstərdi və həmin il qəbul edilən SSRİ-nin yeni Konstitusiyasına əsasən, Azərbaycan, Ermənistan və Gürcüstan Sovet İttifaqının müttəfiq respublikalarına çevrildilər.

 

101 il əvvəl...

 

1 noyabr 1922-ci ildə Türkiyə Böyük Millət Məclisi (TBMM) Osmanlı səltənətinin sona çatması barədə qərar qəbul edib. Qərarda TBMM-in ölkə ərazisində həqiqi hökmran və hüquqi hakimiyyət olduğu vurğulanırdı. Axırıncı Osmanlı Sultanı VI Mehmed (Vahideddin) noyabrın 10-da İstanbula son cümə namazına qatılıb və noyabrın 17-də səhər ingilis hərbi gəmisi ilə Maltayaya göndərilib.

 

100 il əvvəl...

 

2 noyabr 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyəti – respublikanın baş elmi müəssisəsi təsis olunub. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1929-cu il 9 noyabr tarixli qərarı əsasında Azərbaycan Elmi-Tədqiqat İnstitutuna çevrilib. Daha sonra institutun bazasında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil olunub.

 

69 il əvvəl...

 

1 noyabr 1954-cü ildə Əlcəzairdə Fransa müstəmləkəçiliyi əleyhinə inqilab başlanıb. Əlcazairin milli-azadlıq mübarizəsi 8 il sürdü və 1962-ci ildə Əlcəzair Xalq Demokratik Respublikası  elan edildi. 1  noyabr Əlcəzairdə milli bayram – İnqilab Günü kimi qeyd olunur. Əlcəzair XVI əsrin əvvəlindən Osmanlı imperiyasının tərkibində olmuş, 1830-cu ildən isə Fransanın müstəmləkəsinə çevrilmişdi.

 

31 il əvvəl...

 

31 oktyabr 1992-ci ildə Ankarada Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan dövlət başçılarının ilk zirvə toplantısı (29-31 oktyabr) başa çatıb. Türkiyə Prezidenti Turqut Özalın təşəbbüsü ilə gerçəkləşən sammitdə türkdilli ölkələrin əməkdaşlıq platforması qurulub. 2009-cu ildə (Naxçıvan sammiti) Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması barədə qərar qəbul edilib. Türk Şurası bir il sonra İstanbul sammitində rəsmən təsis olunub. 2021-ci ildə Türk Dövlətləri Təşkilatı adlandırılıb.

 

28 il əvvəl...

 

1 noyabr 1995-ci ildə ABŞ-nin Ohayo ştatının Deyton şəhərində Bosniya və Herseqovinadakı qanlı münaqişənin nizamlanmasına dair yekun danışıqlar başlanıb. ABŞ-nin himayəsi altında keçirilən danışıqlarda Bosniya münaqişəsinin üç əsas tərəfi (üç etnik qrup üzrə) – Bosniya müsəlmanlarının (boşnaklar) lideri Aliya İzzətbəyoviç, Xorvatiya prezidenti Franyo Tuncman və Serbiya prezidenti Slobodan Miloşeviç iştirak edirdi. Danışıqlar Bosniya üzrə sülh sazişinin imzalanması ilə başa çatdı.

Hazırladı: V.Orxan