Azərbaycan

 

4 noyabr 1939 – Əməkdar mədəniyyət işçisi Limunət Nurullah qızı Abdullayeva (1939-2016) Qax rayonunun Qaxmuğal kəndində doğulub. Qax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru işləyib.

4 noyabr 1944 – Əməkdar mədəniyyət işçisi, rejissor, animasiya filmləri rəssamı Rauf Məmmədağa oğlu Dadaşov (1944 – 9.2.2020) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında, “Azanfilm” studiyasında işləyib.  

4 noyabr 1954 – Aktyor Fərman Abdulcabbar oğlu Abdullayev (1954 – 5.3.2013) Şəkidə anadan olub. Şəki teatrında çalışıb, filmlərdə (“Həm ziyarət, həm ticarət...”, “Sarı gəlin”, “Yalan”) çəkilib.

4 noyabr 1967 – Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (3.10.1887 – 1967) vəfat edib.  “Arşın mal alan” (1945) filmində Soltan bəy obrazına görə Dövlət mükafatına layiq görülüb.

 

5 noyabr 1925 – Türkoloq, filologiya elmləri doktoru Elməddin Məhəmməd oğlu Əlibəyzadə (1925 – 26.3.2015) Oğuz rayonunun Muxas kəndində anadan olub. “Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi” və s. əsərlərin müəllifidir.

5 noyabr 1938 – Ərəbşünas, filologiya elmləri doktoru, professor Malik Rüstəm oğlu Mahmudov (1938 – 3.6.1991) Ordubad şəhərində anadan olub.

5 noyabr 1948 – Satirik şair, qəzəlxan Baba Pünhan (Atababa Seyidəli oğlu Mədətzadə; 1948 – 17.4.2004) Bakının Kürdəxanı kəndində doğulub. Kitabları: “Acı həqiqət”, “Mən nə dedim ki...” və s.

5 noyabr 2001 – Xalq artisti Eldəniz Məmməd oğlu Zeynalov (1.1.1937 – 2001) vəfat edib. Filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

5 noyabr 2018 – Tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Seyran Əmir oğlu Qafarov (2.10.1969 – 2018) vəfat edib.

 

6 noyabr 1931 – Şair, nasir Tofiq Mahmud (Tofiq Mahmud oğlu Mehdiyev; 1931-1997) Naxçıvan MR Şahbuz rayonunda doğulub. Uşaq və gənclər üçün əsərlərin müəllifidir.

6 noyabr 1974 – Şair-dramaturq, tərcüməçi İslam Əhməd oğlu Səfərli (12.2.1923 – 1974) vəfat edib. Sözlərinə populyar mahnılar bəstələnib. “Göz həkimi”, “Ana ürəyi”, “Yolayrıcı” və s. pyeslərin müəllifidir.

6 noyabr 1977 – Bakıda görkəmli yazıçı-dramaturq, dövlət xadimi Nəriman Nərimanovun Xatirə Muzeyinin açılışı keçirilib. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev mərasimdə iştirak edib.

6 noyabr 2009 – Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 28.4.1914 – 2009) vəfat edib. Əsərləri: “Şimal küləyi”, “Dəniz qapısı” və s. “Kölgələr sürünür”, “Yenilməz batalyon” filmlərinin ssenarisini yazıb.

 

7 noyabr 1877 – Aktyor, vokalçı Hənifə Həsən oğlu Terequlov (Məhəmmədhənifə Tanrıqulov; 1877-1942) Tiflisdə doğulub. Hacıbəyli qardaşlarının teatr truppasının, digər teatr cəmiyyətlərinin üzvü olub.

7 noyabr 1898 – Əməkdar incəsənət xadimi, aktyor, rejissor Məmməd Əli oğlu Əlili (1898 – 13.6.1993) anadan olub. “Ögey ana”, “Dağlarda döyüş” və s. filmlərin 2-ci rejissoru olub, “Dəli Kür”, “Nəsimi” filmlərində çəkilib.

7 noyabr 1905 – Teatr və kino rejissoru Şüa Nəsrulla oğlu Şeyxov (1905 – 27.1.1970) anadan olub. Gənc Tamaşaçılar, Füzuli Dram teatrlarında çalışıb. “Qəribə əhvalat”,  “Kölgələr sürünür” (İsmayıl Əfəndiyevlə birgə) və s. filmləri çəkib.

7 noyabr 1908 – Şair, alim, pedaqoq Maqsud Məsim oğlu Şeyxzadə (1908 – 19.2.1967) anadan olub. Bakıda təhsil alıb, sonra Daşkəndə köçüb. Özbəkistanın tanınmış ədibi olub, özbək dilində əsərlər, ssenarilər yazıb, tərcümələr edib.

7 noyabr 1917 – Görkəmli bəstəkar, pianoçu, Xalq artisti Tofiq Ələkbər oğlu Quliyev (1917 – 4.10.2000) Bakıda doğulub. Azərbaycan estrada musiqisinin yaradıcılarından biridir. “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Nəsimi”, “Qayınana” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Bəstəkarlar İttifaqının sədri olub.

7 noyabr 1917 – Xalq rəssamı Tağı Əzizağa oğlu Tağıyev (1917-1993) Bakıda anadan olub. “Qara Qarayev”, “Səttar Bəhlulzadə”, “Səməd Vurğun”, “Koroğlu”, “Babək” portretlərinin müəllifidir.

7 noyabr 1917 – Türkoloq alim, professor İren İsgəndər bəy qızı Məlikova (Melikoff; 1917 – 9.1.2009) Peterburqda doğulub. 1919-cu ildə ailəsi Fransaya köçüb. Fransada azərbaycanlı diasporunun tanınmış simalarından olub.

7 noyabr 1920 – Azərbaycanın ilk radio diktorlarından biri, Xalq artisti Fatma Ağacabbar qızı Cabbarova (1920 – 29.11.2010) Bakıda anadan olub. 1991-ci ilədək Dövlət Teleradio Verilişləri Şirkətində işləyib.

7 noyabr 1922 – Bakıda böyük satirik Mirzə Ələkbər Sabirin abidəsinin təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan SSR-in hökumət başçısı Nəriman Nərimanov nitq söyləyib.

7 noyabr 1925 – Əməkdar incəsənət xadimi, teatr rəssamı Əyyub Səfər oğlu Fətəliyev (1925 - 21.4.2000) İrəvanda anadan olub. Akademik Opera və Balet Teatrında quruluşçu rəssam işləyib.

7 noyabr 1934 – Xalq artisti, tanınmış müğənni Oqtay Ağayev (1934 – 14.11.2006) Bakıda anadan olub. Azərbaycan Dövlət Estrada Orkestrinin, Azərbaycan Televiziyası və Radiosu Estrada orkestrinin solisti olub.

7 noyabr 1940 – Xalq artisti, xanəndə Baba Mahmudoğlu (Mirzəyev; 1940 – 6.12.2006) Qazax rayonunda doğulub. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm” və s.) əsas partiyaları ifa edib.

7 noyabr 1945 – Xalq artisti Zərnigar Fəti qızı Ağakişiyeva (1945 – 8.2.2018) Quba rayonunun Rustov kəndində anadan olub. Akademik Milli Dram Teatrında (1973-2011) çalışıb, televiziya tamaşalarında, filmlərdə (“Dantenin yubileyi”, “Təhminə” və s.) maraqlı obrazlar yaradıb.

7 noyabr 1979 – Tanınmış rejissor, aktyor Yusif Yulduz (Yusif Seyfulla oğlu Əliyev; 1905–1979) vəfat edib. Peşəkar təhsil alan ilk azərbaycanlı teatr rejissorlarındandır. Akademik Milli Dram, Opera və Balet, Gəncə, Quba və b. teatrlarda çalışıb. Filmlərdə çəkilib.

7 noyabr 1990 – Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, operator Əlisəttar Ələsgər oğlu Atakişiyev (25.12.1906 – 1990) vəfat edib.

7 noyabr 2002 – Prezident Heydər Əliyev görkəmli bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Fikrət Əmirovun 80 illiyi haqqında sərəncam imzalayıb.

 

Dünya

 

4 noyabr 1575 – İtalyan rəssamı Qvido Reni (Guido Reni; 1575-1642) anadan olub.

4 noyabr 1923 – Alman yazıçısı Barbara Bartos-Höpner (Barbara Bartos-Höppner; 1923-2006) anadan olub. Uşaq və yeniyetmələr üçün kitabların, ssenarilərin müəllifidir.

 

5 noyabr 1913 – İngilis aktrisası, “Oskar” mükafatçısı Vivyen Li (Vivien Leigh - Vivian Mary Hartley; 1913-1967) anadan olub.

5 noyabr 1938 – Fransız (yəhudi əsilli) müğənni və bəstəkar Co Dassen (Joe Dassin – Joseph İra Dassin; 1938–1980) anadan olub.

 

6 noyabr 1814 – Belçikalı musiqi aləti ustası, saksofonun yaradıcısı Adolf Saks (Antoine-Joseph (Adolphe) Sax; 1814-1894) anadan olub.

 

7 noyabr 1810 – Macar bəstəkarı, pianoçu və dirijor Erkel Ferens (Erkel Ferenc; 1810-1893) anadan olub.

7 noyabr 1913 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1957) laureatı Alber Kamyu (Albert Camus; 1913 – 4.1.1960) anadan olub. Ekzistensializm fəlsəfəsinin tanınmış nümayəndəsidir. Əsərləri: “Vəba”, “Özgə”, “Sizif haqqında mif”, “Qiyamçı adam”, “Şeytanlar” və s.

Hazırladı: V.Orxan