Doğulandan bəri insan ürəyinin səsi ilə öz sevgisini axtarmağa çalışır. Bu sevgi özünü hər yerdə göstərə bilər. Yaradıcı insanların qəlbi isə bir ayrı cür döyünür. Bu döyüntü ilə o, ahəngdar şəkildə qəlbinin ona demək istədiklərini anlamağa çalışır. Qəlbindəki böyük sevgi hissinin ona göstərdiyi düzgün yol isə insanın ən böyük hədiyyəsi ola bilər. Məhz belə bir həyati hədiyyə istəklərinin dalınca əzmlə getməyi bacaran gənc bəstəkar Vüqar Məmmədzadəyə nəsib olub.

O, erkən yaşlarından musiqi sənətinə sevgi ilə böyüyüb. Ailəsində hər zaman eşitdiyi professional musiqi, ona aşılanan estetik tərbiyə gələcəkdə yetkin bir bəstəkarın meydana çıxması üçün zəmin yaradıb.

Vüqar ilk musiqi təhsilini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Məktəb-studiyada alıb. Daha sonra Asəf Zeynallı adına Musiqi Kollecində və Bakı Musiqi Akademiyasında (Arif Məlikovun sinfi) təhsilini bəstəkarlıq üzrə davam etdirib. Sağlam və peşəkarcasına qoyulmuş təhsil bünövrəsi artıq gələcəkdə parlaq bir istedadın ortaya çıxacağını labüd edirdi.

O, həmçinin 2020-ci ildə Almaniyada R.Şuman adına Düsseldorf Konservatoriyasında professor Oliver Şnellerin sinfinə daxil olub. Bir sıra tanınmış musiqi mütəxəssislərindən ustad dərsləri alıb.

V.Məmmədzadə 2018-ci ildə Türkiyədə “Caspi Art” beynəlxalq müsabiqəsində Qran-pri mükafatına, 2019-cu ildə Nəsiminin 650 illik yubileyi ilə əlaqədar yazdığı “Hardasan?” romansı ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təşkil olunan “Nəsimi-romans” müsabiqəsində diploma layiq görülüb.

Bəstəkarın əsərləri həm ölkəmizin bir çox musiqi salonlarında, həm də xaricdə səsləndirilib. Qəbələ və Şəki “İpək Yolu” beynəlxalq musiqi festivalları çərçivəsində keçirilən konsertlərdə, Praqada təşkil olunan “Sülhün səsi” adlı konsertdə onun əsərləri də dəfələrlə ifa edilib. Vyanada isə “Mənim yolum” adlı əsərinin premyerası uğurla gerçəkləşib. Ölkəmizin hüdudlarından kənarda belə uğurlara imza atmaq gənc bir bəstəkar üçün çox böyük addımlardır. Təsadüfi deyil ki, Vüqar “Netflix” kimi populyar dünya platforması ilə də əməkdaşlıq edən ilk Azərbaycan bəstəkarıdır. “Netflix”lə əməkdaşlıqdan sonra bəstəkar Fransanın video-oyun şirkətlərindən “Ubisof Mon Real” ilə işbirliyi quracaq.

Türkiyənin məşhur seriallarından “Diriliş Osman” layihəsinin ikinci mövsümündə bəstəkar işinin ona həvalə edilməsi də Vüqarın yaradıcılıq uğurlarından soraq verir. Sənət yolunda yorulmadan, əzmlə çalışan bəstəkar Vətən qarşısında borcunu yaradıcılığı ilə bərabər, 44 günlük müharibədə layiqincə iştirak etməklə də nümayiş etdirdi. Zəngilan uğrunda gedən döyüşlərdə yaralandı, qazi oldu. Dövlət başçısının müvafiq sərəncamları ilə Zəngilan, Qubadlı və Şuşanın azad olunmasına görə medalları ilə təltif olundu.

Şanlı Qələbəmizin birinci ildönümündə Heydər Əliyev Sarayında “Qarabağ Azərbaycandır!” adlı konsert proqramı təşkil edildi. Konsertdə səslənən üçlü simfonik orkestr üçün “Dəmir yumruq” əsəri də Vüqarın vətənə sevgisinin parlaq ifadəsidir.

Bəstəkar mütəmadi öz üzərində çalışır, sənətin yeni zirvələrini fəth etmək üçün addımlar atır. Biz bu yolda gənc musiqiçiyə yaradıcılıq uğurları arzulayırıq.

Nuray Əliyeva
musiqişünas