“İçərişəhərim” adlı sərgi təşkil edilib
Şirvanşahlar Sarayı Kompleksində “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə “İçərişəhərim” adlı sərginin açılışı olub.
Layihənin əsas məqsədi İçərişəhər sakinlərinin tarixi əsrlərə söykənən milli dəyərlərini yaşatmaq və tanıtmaqdır.
Sərgidə nümayiş edilən 100-dən artıq eksponatlardan ən qədimi XVIII, ən müasiri isə XX əsrin ortalarına aiddir. Onların arasında qədim musiqi alətləri, analarımızın sevgi ilə yaratdıqları və qız-gəlinlərə cehiz olaraq verilən nəfis aksesuarlar, dini əşyalar, sənədlər və fotolar var. Hər bir əşya özündə böyük bir tarixi dövrləri yaşadaraq, qədim Bakının etnoqrafik lövhələrini, bədii sənətkarlıq dünyasını, ailə-məişət ənənəsini əks etdirir.
“İçərişəhərim” sərgisi noyabrın 30-dək Şirvanşahlar Sarayı Kompleksində ziyarətçilər üçün açıq olacaq.