Onun mənalı ömür yoluna nəzər saldıqda bütün fəaliyyətində cəmiyyət üçün faydalı, hər zaman yenilikçi və fədakar əməyinə şahid olursan. Biləsuvar rayonunun mədəni mühitindən söhbət düşəndə daha çox xatırlananlar arasında Zülfüqar Əliyev də var.
Zülfüqar Nadir oğlu Əliyev 1950-ci il martın 24-də Biləsuvarın Təzəkənd kəndində dünyaya göz açıb. Yeniyetmə yaşlarından incəsənətə, musiqiyə böyük həvəs göstərən Zülfüqar tar ixtisası üzrə təhsil alıb. Sonra Bakı Mədəni-Maarif Texnikumunda təhsilini davam etdirib. Eyni zamanda Biləsuvar rayon Mədəniyyət evində kitabxanaçı kimi əmək fəaliyyətinə başlayıb.
1969-1971-ci illərdə hərbi xidmət keçən Z.Əliyev qayıtdıqdan sonra bir müddət əvvəlki işində çalışıb. Ancaq o, sevdiyi sahədə ali təhsil almaq istəyirdi. Beləliklə, yenidən Bakıya üzü tutur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) mədəni-maarif işçisi, özfəaliyyət teatr kollektivi rəhbəri ixtisasına qəbul olunur. Sonradan Azərbaycan incəsənətinin tanınmış simaları kimi şöhrət qazanan Xalq artistləri Rasim Balayev, Telman Adıgözəlov, Ramiz Novruzov, Kübra Əliyeva və başqa istedadlı gənclərlə eyni auditoriyanı, səhnəni, film meydançasını bölüşür.
Ömrünün düz 44 ilini mədəniyyətə, incəsənətə həsr edən şair qəlbli Z.Əliyev rayonda bu sahədə ilk ali təhsil alanlardan olub. Onun xüsusi bacarığı, səriştəsi gənc ikən yüksək qiymətləndirilir. 1971-ci ildə, 21 yaşında Biləsuvar rayon Mədəniyyət evinə (indiki Mədəniyyət mərkəzi) rəhbər təyin edilir. Bundan sonra rayonun mədəni mühitində canlanma yaranır. O, incəsənət sahəsində təhsilli gənclərin azlığını görüb bu istiqamətdə əməli addımlar atır. İstedadlı gəncləri arayıb üzə çıxarır, onlara stimul verir. Keçirilən mədəni-kütləvi tədbirlərin səviyyəsinin yüksəlməsinə nail olur.
Z.Əliyevin öz peşəsinə sonsuz sevgisi həm də gəncləri bu sahəyə yönəldir, təhsil almağa həvəsləndirirdi. Məhz bu dövrdə incəsənətə xüsusi marağı ilə seçilən gənclərin sayının çoxalması rayon Mədəniyyət evi üçün yeni möhtəşəm binanın tikilməsinə vəsilə olur. Bundan sonra mədəniyyət ocağında daha böyük tədbirlər keçirilməyə başlanır. Ölkəmizin tanınmış incəsənət ustaları, yaradıcılıq kollektivlərinin rayonda çıxışları da intensiv xarakter alır.
Mədəniyyət mərkəzində 26 illik fəaliyyətindən sonra Zülfüqar müəllim Biləsuvar Dövlət Rəsm Qalereyasına da rəhbərlik edib. Təşkilatçılığı ilə seçilib, yeniliyə meyilli olub. Onun 1986-cı ildə təşkil etdiyi “Şəhriyar” və “Muğan” estrada ansamblları bir çox televiziya proqramlarında və dövlət tədbirlərində uğurlu çıxışları ilə yadda qalıb. 1987-ci ildə rayonda ilk folklor rəqs qrupunun yaradılmasında da onun mühüm xidmətləri olub.
Z.Əliyev Biləsuvar Rayon Tarix-Diyarşünaslıq Muzeyinin fondunun maraqlı eksponatlarla zənginləşməsinə də öz töhfəsini verib. Rayonun 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidləri haqqında kitabın ərsəyə gəlməsində də yaxından iştirak edib. Respublikamızda və xaricdə keçirilən bir sıra tədbirlərdə, el şənliklərində təşkilatçı və aparıcı kimi də geniş rəğbət qazanıb. O, mədəniyyət sahəsində uzunillik səmərəli fəaliyyətinə görə müxtəlif təltiflərə layiq görülüb. Özünü mədəniyyət sahəsindən ayrı təsəvvür edə bilməyən Zülfüqar müəllim təqaüdə çıxdıqdan sonra da bu sahəyə xidmətini davam etdirib.
Zülfüqar müəllim sentyabrın 13-də, ömrünün 73-cü ilində haqq dünyasına qovuşdu. Bölgədə mədəni mühitin inkişafı üçün yorulub-usanmadan çalışan səmimi, qayğıkeş insan Zülfüqar Əliyevin xatirəsi rayonun mədəniyyət ictimaiyyətinin və onu tanıyan hər kəsin qəlbində yaşayacaq.
Allah rəhmət eləsin.
Surxay Şahbazov