Festival festivala tən gərək
Türk dünyası teatrlarının Azərbaycanda festivala toplandığı bu günlərdə Bakıda yerli miqyaslı daha bir teatr festivalı keçirilir. Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bakı Uşaq və Gənclər Teatrının birgə layihəsi olan “Bir teatr – bir festival” ənənəsinin davamı olaraq “3+3=7” festivalı noyabrın 1-də işə başladı.
44 günlük Vətən müharibəsində şanlı Zəfərə həsr olunmuş festivalın açılış mərasimində çıxış edən layihənin rəhbəri Əməkdar artist İntiqam Soltan bu teatr bayramının adındakı rəqəmlərin düzülüşünə diqqət yetirdi. Birinci 3 – II Qarabağ müharibəsindəki Qələbəmizin yaşı, ikinci 3 – festivalın davametmə müddəti, nəhayət, 7 – iştirakçıların sayıdır.
Festivalda nümayiş olunan tamaşalara keçməzdən əvvəl festival barədə gərəkli məlumatları oxucuların diqqətinə çatdırmaq istərdik. Tamaşalar Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) salonunda, Dövlət Akademik Milli Dram Teatrı, Akademik Musiqili Teatr və Dövlət Gənc Tamaşaçılar Teatrında göstərilir. Festivalın informasiya dəstəkçiləri “Mədəniyyət TV” kanalı, teatro.az saytı və “Mədəniyyət” qəzetidir.
“3+3=7” festivalı ölkənin yeddi teatrını bir araya gətirib. Paytaxtın yuxarıda adları çəkilən üç teatrından savayı Azərbaycan Dövlət Kukla Teatrı, təşəbbüskar Bakı Uşaq və Gənclər Teatrı, eləcə də Mingəçevir Dövlət Dram Teatrı və Lənkəran Dövlət Dram Teatrı bu sənət bayramına qoşulub.
Festivalın ilk günü Gənc Tamaşaçılar Teatrının repertuarından “İnanıram” monotamaşası (Ülviyyə Heydərova) ilə başladı. Rejissor Elşad Rəhimzadənin quruluş və səhnə tərtibatı verdiyi tamaşada müharibə zamanı yeganə övladını itirən qadının çəkdiyi iztirablardan, onu həyata bağlayan dəyərlərdən söhbət açılır. Yeri gəlmişkən, ötən il hazırlanan tamaşa bu yaxınlarda Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən “ART - ORDO 2023” IX Beynəlxalq Teatr Festivalında nümayiş olunub və Zemfira Əbdülsəmədova Ana roluna görə mükafata layiq görülüb.
Festivalın birinci günü daha iki tamaşa ilə yadda qaldı.
ATXİ-nin böyük zalında əvvəlcə Bakı Uşaq və Gənclər Teatrı Könül Şahbazova-Qasımovanın müəllifi və rejissoru olduğu “Son nəfəsə qədər” tamaşasını təqdim etdi.
Xeyirlə Şərin mübarizəsi kimi təqdim olunan, pantomim və rəqs elementləri üzərində qurulmuş 12 dəqiqəlik tamaşa Qarabağ uğrunda 44 günlük savaşımızın ideyasını, Vətən uğrunda döyüşənlərin həmişə işğalçıları dəf edə biləcəyini göstərdi. Yalnız ağ və qara libaslı gənc aktyorlar gözəl plastika nümayiş etdirdilər və hərəkətlərində cəngi ruhlu musiqinin ritmindən geri qalmadılar.
Azərbaycan Dövlət Kukla Teatrı M.F.Axundzadənin “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” komediyası əsasında hazırlanmış (quruluşçu rejissor Aleksandr Maksimtsev, bərpaçı rejissor Elxan İsmayılov) “Müsyö Jordan” tamaşasını təqdim etdi. Hər kəsin əzbər bildiyi əsərin marionet kuklaların təfsirində yığcam və məzəli təqdimatı tamaşaçıların ovqatını savaş ruhundan qalibiyyət hissinin fərəhinə köklədi.
Festivalın ikinci günü Bakı Uşaq və Gənclər Teatrının daha bir səhnə işi – “Cənnətə bilet” (müəllif-rejissor İlhamə Əhmədova) və Akademik Milli Dram Teatrının “Küknarlara məktub” (müəllif Qoderzi Çoxeli, rejissor Nigar Güləhmədova) tamaşaları oynanıldı.
“3+3=7” festivalı noyabrın 3-də işini başa çatdırır. Son günün proqramına Akademik Musiqili Teatrın “Bir nəfəs qədər” (ideya müəllifi Əliqismət Lalayev, rejissor Samir Qulamov), Mingəçevir Dövlət Dram Teatrının “Adsız” (müəllif Aygün Həsənoğlu, rejissor Vüsal Mehrəliyev), Lənkəran Dövlət Dram Teatrının “Haqqın 44 günü” (müəllif-rejissor Anar Babalı), Bakı Uşaq və Gənclər Teatrının “Vətən” (rejissor İntiqam Soltan) tamaşaları daxildir.
Gülcahan Mirməmməd