Özbək alimlər Məhəmməd Gəncəvinin yaradıcılığını tədqiq edirlər
   
   Özbəkistanın tanınmış ədəbiyyatşünas alimi Əbdülqədir Haytmetov “Özbək dili və ədəbiyyatı” məcmuəsində Şeyx Əhməd ibn Xudadad Tarazinin “Fünunül-bəlağə” əsərini müqəddimə ilə çap etdirib. Bu barədə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya üzrə fəlsəfə doktoru Paşa Əlioğlu məlumat verib.
   Müqəddimədə göstərilir ki, əsərin mikrofilmini özbək alimi, filologiya elmləri doktoru Erqeş Ömərov İngiltərənin Bodlian kitabxanasından əldə edib. Əsərin müəllifi Şeyx Əhməd ibn Xudadad Tarazi XV əsrin görkəmli alimi və şairi olub. Şeyx Əhmədin hicri tarixi ilə 840-cı ildə (1436-1437) cığataycada əski özbəkcə yazdığı həmin əsər Şərq şeirinin nəzəriyyəsinə, əruz vəzninə, janr, qafiyə, rədif və s. məsələlərə həsr edilib. Əsər dövrün hökmdarı, Əmir Teymurun nəvəsi Uluğbəyə ithaf edilib.
   Müəllif şeirin müxtəlif məsələlərini təhlil edərkən bir çox tanınmış şairlərin əsərlərindən, o cümlədən Gəncədən olan Məhəmməd Gəncəvi və Qivaməddin Gəncəvinin əsərlərindən nümunələr gətirir. Məhəmməd Gəncəvi kimdir sualına Ə.Haytmetov belə cavab verir: “Bu, böyük Azərbaycan şairi Nizami Gəncəvinin birinci arvadı, qıpçaq qızı Afaqdan olan oğlu Məhəmməddir”.
   Nizami özünün “Leyli və Məcnun”, “Həft peykər”, “İsgəndərnamə” poemalarında ailəsi haqqında müəyyən məlumatlar verib, oğlu Məhəmmədin şeir yazdığını da bildirib. “Füynunül-bəlağə” əsərinin beşinci fəslində Məhəmməd Gəncəvinin fars dilində yazdığı on şeirindən misallar gətirilib.
   AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun mərhum əməkdaşı, filologiya elmləri doktoru, professor Cənnət Nağıyeva Daşkənddə elmi məzuniyyətdə olarkən Özbəkistan alimlərinin bu maraqlı tapıntısından xəbər tutub və bu barədə məlumat verib.