Noyabrın 5-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında Azərbaycan dirijorluq məktəbinin tanınmış nümayəndəsi, Xalq artisti Cavanşir Cəfərovun 70 illik yubileyinə həsr olunmuş gecə keçirilib.
Yubilyara Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının fəxri fərmanı təqdim edilib. Teatrın direktor müavini Əməkdar artist Fərid İbrahimov sənətkarın yaradıcılıq yolundan söz açıb.
Bildirilib ki, N.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasını bitirən olan C.Cəfərov uzun illər Akademik Opera və Balet Teatrının simfonik orkestrinin baş dirijoru olub, teatrın repertuarındakı bir çox opera və balet tamaşalarını ustalıqla idarə edib. Maestro bu gün də dirijor kimi teatrda fəaliyyətini davam etdirir. O, həmçinin orkestr heyəti ilə Fransa, Almaniya, Rusiya, Türkiyə, Gürcüstan və s. ölkələrdə qastrol səfərlərində olub, musiqi sənətimizi uğurla təmsil edib.
C.Cəfərov Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı adından da təltif edilib.
Yubilyarın dirijor pultu arxasında olduğu gecədə orkestrin müşayiəti ilə Opera və Balet Teatrının aparıcı solistləri – Xalq artistləri Samir Cəfərov və Gülnaz İsmayılova, Əməkdar artistlər Səbinə Əsədova, Fəridə Məmmədova, Azər Zadə, İlahə Əfəndiyeva, Fərid Əliyev, Afaq Abbasova, solistlər Fatimə Cəfərzadə, Mahir Tağızadə, Adil Axundov, Nina Makarova, teatrın xor kollektivinin üzvləri çıxış ediblər. Proqramda C.Verdi, C.Puççini, P.Maskanyi, C.Rossini, İ.Ştraus və başqa bəstəkarların musiqiləri səsləndirilib.