Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən “Zəfər” musiqi və teatr festivalı davam edir.

Festivalın növbəti musiqili tədbiri noyabrın 4-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında keçirilib.

Gecədə Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru, vokal sinfi, “Sədəf” xalq çalğı alətləri ansamblı, oğlan və qızlardan ibarət rəqs kollektivləri çıxış edib.

Konserti mədəniyyət, incəsənət xadimləri, şəhid, qazi övladları və digər qonaqlar izləyiblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra konsert proqramı təqdim olunub. Proqramda “Qaytağı”, “Nəlbəki”, “Şuşanın dağları”, “Şalaxo”, “Qaval”, “Lakkuti”, “Şənlik”, “Yaşa” rəqsləri, “Bayatı-Şiraz”, “Söz olmasaydı”, “Bulaq üstə”, “Qarabağ”, “Ey Azərbaycanım” və digər musiqilər ifa edilib.

Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Nurəddin