Ötən yüzilliyin əvvəllərində Rusiya imperiyasının ucqarlarında maarif və mədəniyyətin inkişafı üçün müəyyən addımlar atılır. Azərbaycanın mədəni həyatında yetişən mütərəqqi fikirli ziyalılar da bu imkandan yararlanmağa çalışırlar. Onlardan biri müəllim, jurnalist və tərcüməçi Abdulla Sur idi. O, qısa, lakin mənalı ömür sürmüş, doğma xalqının müasirləşməsi, zəmanə ilə ayaqlaşması və elm-savad sahibi olması üçün fədakarlıq göstərmişdi...
Millət sevdalısı ziyalını anadan olmasının 140 illiyi ilə bağlı bir daha yada saldıq.
Mirzə Abdulla Məhəmmədzadə (Abdulla Sur) 1883-cü ildə Gəncədə dünyaya göz açır. İlk təhsilini də şəhərdəki xeyriyyə məktəbində alır. Dünyəvi elmlərlə yanaşı, ərəb və fars dillərini də mükəmməl öyrənir. Çox gənc yaşında təhsil aldığı məktəbdə müəllimlik edir. Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsi ilə az vaxt ərzində Gəncə ziyalıları arasında tanınır. Müəllimlik fəaliyyəti ilə bərabər, ədəbi yaradıcılıqla da məşğul olur, dövri mətbuatda çıxışlar edir. İlk məqaləsi 1903-cü ildə Tiflisdə nəşrə başlayan “Şərqi-Rus” qəzetində dərc olunur. Həmin il qəzetinin baş redaktoru Məhəmməd ağa Şahtaxtınskının dəvəti ilə Tiflisə gedir. Yazıları qəzetin hər sayında yer alır...
“Şərqi-Rus” qəzeti bağlandıqdan (1905) sonra Gəncəyə qayıdır. Müəllimlik fəaliyyətini davam etdirir. Eyni zamanda “Həyat” və “İrşad” qəzetləri ilə əməkdaşlıq edir. “İrşad” qəzetində “Əski İstanbul xanımları” (1906) adlı məqaləsi dərc olunur. Məqalədə göstərir ki, qadınların yeni nəslin formalaşmasında əməyi danılmazdır. Bunu anlayan Avropa millətləri artıq qadınların hüquqlarını tanımağa və cəmiyyətdə müəyyən status daşımalarına razılıq veriblər. Ancaq müsəlman ölkələrində hələ də bu sahədə ciddi problemlər var. A.Surun fikrincə, avropalı millətlərdən ibrət almaq onu təqlid kimi başa düşülməməlidir. O, müasirləşmək, zəmanə ilə ayaqlaşmaq və maarif kəsb etmək üçün Avropa millətlərindən, habelə mütərəqqi Rusiya ziyalılığından nümunə götürməyi, eyni zamanda milli keyfiyyətləri də öndə tutmağı, bu işdə Türkiyədən öyrənməyi məqbul sayırdı.
1906-cı ildə Abdulla Sur İstanbula gedir. İki il yarım orada yaşayır, İstanbul Darülfünunda (Universitetində) ədəbiyyat müəllimi kimi çalışır. Türk qəzetlərində məqalələr dərc etdirir. Osmanlı ədəbiyyatı haqda araşdırmalar aparır. “Türk ədəbiyyatına bir baxış” kitabını qələmə alır. Kitabı yazıb qurtarsa da, çap etdirmir. İstanbulda 1908-ci ilin noyabr ayına qədər yaşayan Abdulla Sur İbrahim Şinasinin “Şair evlənməsi” əsərini də Azərbaycan dilinə tərcümə edir.
Ülviyyə Tahirqızı araşdırmasında yazır ki, Abdulla Sur Azərbaycana qayıtdıqdan sonra qəlbində vətəninin mədəniyyət həyatına böyük qayğı hissi baş qaldırır. 1910-cu ildə Gəncədə “Ədəbiyyat və sənət” cəmiyyəti yaradır. Məqsədi istedadlı gəncləri üzə çıxarmaq və təhsillərinə kömək etmək olur. Yeni ədəbiyyat və sənət əsərlərini ortaya çıxarmaq məqsədilə müsabiqələr də təşkil edir. Cəmiyyət eyni zamanda klassik, çağdaş Azərbaycan və Osmanlı türk ədəbiyyatının problemləri ilə davamlı şəkildə məşğul olur. Dilin və üslubun sadəliyi, başa düşülən olması məsələsinə olduqca böyük önəm verir. Buna görə də o, əsərlərini ərəb, fars və türk dillərinin sintezindən ibarət bir dildə yazan Əbdülhaq Hamid, Tofiq Fikrət, Məhəmməd Hadi kimi görkəmli şair və yazıçıların yaradıcılığını tənqid edir. İşlətdikləri dilin əsərlərindəki fikrin və düşüncələrin başa düşülməsinə əngəl yaratdığını bildirir.
Qələmə aldığı məqalələrində bildirir ki, müasirlik İslam dininin əsasını təşkil edir, İslamı mədəniyyətə və müasirləşməyə əngəl kimi görənlərə qarşı çıxır. Bildirir ki, müsəlman dünyasının inkişafı üçün, ilk növbədə, valideynin uşaqlara, kişilərin qadınlara münasibəti dəyişməlidir. Avropada olduğu kimi, müsəlman dünyasında da uşaqları qorxutmaqla deyil, qayğı ilə tərbiyə etmək lazımdır. Bu kimi mühüm amillər İslam dinində də var. “Hər gün küçələrdə görürük” (1906) məqaləsində yazır: “Artıq müsəlmanlar uşaqlarına zülm verməkdən əl çəkib, onları dünyəvi məktəblərə qoymalıdır. Yalnız bu halda müsəlman uşaqları da başqa millətlərin uşaqları kimi elm və tərbiyə sahibi ola bilərlər...”. Bu dövrdən etibarən onun müasir ruhlu İslam-Türk mədəniyyətinin sintezindən çıxış etdiyi daha çox hiss olunur.
Abdulla Sur özünün “Türk ədəbiyyatına bir nəzər” əsərini çap etdirməsə də, Firidun bəy Köçərlinin “Azərbaycan türklərinin ədəbiyyatı” kitabının ərsəyə gəlməsinə köməyini əsirgəmir. F.Köçərli onun ölümündən sonra xatirələrində qeyd edir ki, bu kitabın yazılmasında Abdulla Surun böyük əməyi olub: “Biz mərhum Mirzə Abdullaya Gəncə şair və yazıçılarının tərcümeyi-halı və əsərlərindən nümunələr, qiymətli materiallar göndərdiyi üçün minnətdarıq. Mərhum doğma ədəbiyyatı böyük məhəbbətlə sevər və bizim əsərimizə lazım olan məlumatları toplamaqda bütün xahiş və tapşırıqlarımızı həvəslə yerinə yetirərdi...”.
Abdulla Sur 1912-ci ilin yazında qəfil xəstələnir. Onu müalicə üçün Tiflisə aparırlar. Ancaq bütün ümidlər boşa çıxır və o, 8 may 1912-ci ildə Tiflis xəstəxanasında dünyasını dəyişir. Gəncənin Səbiskar qəbiristanlığında böyük izdihamla dəfn olunur...
Hüseyn Cavid onun ölümü ilə bağlı deyir: “…Mərhum A.Sur pək çalışqan, pək sahibməslək, pək himmətli bir müəllim idi… O, ölmədi, öləməz. O, millətin qəlbində yaşar...”.
Onu da qeyd edək ki, sovet hakimiyyəti illərində Abdulla Sur uzun müddət diqqətdən kənarda qaldı. Müstəqillik dövründə haqqında araşdırmalar aparıldı, dərsliklərdə adına, yaradıcılığına yer ayrıldı...
Savalan Fərəcov