IX Bakı Beynəlxalq Kitab Sərgisinin maraqlı tədbirlərindən biri də noyabrın 13-də Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayevlə “Dronqo geri qayıdır” adlı görüş oldu.
Sərgi məkanının “Şuşa” təqdimat zonasında keçirilən tədbirin iştirakçıları arasında məktəblilər çoxluq təşkil edirdi.
Görüşdə oxucular müəllifin ədəbi qəhrəmanları haqqında çoxsaylı suallar səsləndirdilər. Yazıçı bildirdi ki, əsəri yazanda ilk olaraq düşündüyü bir azərbaycanlı qəhrəmanın yaradılması olub: “Dronqonu hamı azərbaycanlı kimi tanıyır. 44 günlük Vətən müharibəsində Qələbəmizdən sonra Dronqonun obrazında yeni qəhrəmanlarımız yarandı. Bu qəhrəmanlar Azərbaycan yazıçılarının əsərlərində zaman-zaman gənc oxucularla görüşəcəklər”.
Xalq yazıçısı gəncləri və məktəbliləri mütaliəyə dəvət etdi və oxunması vacib olan ədəbi nümunələr haqqında düşüncələrini bölüşdü.
Lalə