Mərakeşdə rəsmi səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov noyabrın 13-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabat şəhərindəki mənzil-qərargahında baş direktor Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı Azərbaycanla ICESCO arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin mövcud olduğu və ölkəmizin müsəlman ölkələri ilə qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb.
Bu xüsusda yaxın zamanda ICESCO-nun ölkəmizdə regional mərkəzinin açılmasının vacibliyi vurğulanıb. Təşkilatın gündəliyinə daxil olan bir sıra istiqamətlərdə birgə proqram və layihələrin icrası planları nəzərdən keçirilib.
Ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” seçildiyi məmnunluqla qeyd edilib.
Ceyhun Bayramov “Bakı Prosesi” çərçivəsində əməkdaşlığın vacibliyinə toxunaraq Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində ICESCO-nun Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb və gələn il növbəti forumun təşkilində də qurumla səmərəli əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.
Regionda baş verən son proseslərə toxunan nazir Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş və cari ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində tam nəzarətimizə qaytarılan ərazilərimizdə Ermənistan tərəfindən mədəni və dini irsimizə böyük ziyan dəydiyini diqqətə çatdırıb.
ICESCO-nun baş direktoru cari ilin 2-5 oktyabr tarixlərində ölkəmizə səfərini və keçirdiyi görüşləri məmnunluq hissi ilə qeyd edib. ICESCO-nun ölkəmizlə əməkdaşlığa yüksək dəyər verdiyini vurğulayıb.
Görüşdən sonra Salim əl-Malik Azərbaycan nümayəndə heyətini ICESCO-nun baş qərargahında yeni yaradılmış “Peyğəmbərin Yolu” muzeyi ilə tanış edib.
Ceyhun Bayramov təşkilatın qonaq kitabına ürək sözlərini yazıb.