Noyabrın 22-də dünya şöhrətli ingilis bəstəkarı, dirijor və pianoçu Edvard Benjamin Brittenin anadan olmasının 110 illiyi tamam olacaq.
Benjamin Britten 1913-cü ildə kiçik balıqçı qəsəbəsi olan Loustoftda (Suffolk qraflığı) dünyaya göz açıb. Atası Robert Viktor Britten diş həkimi, anası Edit Roda Xoki həvəskar musiqiçi idi. Məhz anasının sayəsində o, erkən yaşlarında musiqiyə maraq göstərib. 1927-ci ildən Frank Bricdən musiqi dərsləri almağa başlayır. Daha sonra Londondakı Kral Musiqi Məktəbində C.Ayrlendin bəstəkarlıq, A.Benjaminin fortepiano siniflərində oxuyur.
B.Brittenin ilkin bəstələri olan “Bakirə himni” və xor variasiyaları “Oğlan doğuldu” əsərləri musiqi cəmiyyətinin diqqətini cəlb edir. 1935-1945-ci illərdə şair Uiston Hyu Oden ilə uzun müddət əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsində bir sıra vokal əsərləri, o cümlədən Odenin librettosu əsasında ilk operası “Paul Bunyan”ı yazır.
1936-cı ildə B.Brittenin opera ifaçısı Piter Pirs ilə əməkdaşlığı başlayır ki, daha sonralar bəstəkar ifaçıya bir sıra əsərlər həsr edir. B.Britten və P.Pirs 1942-ci ildə ABŞ-dən qayıtdıqdan sonra bəstəkar daha çox operalar yazmağa başlayır. Onun yaradıcılığı İngiltərə operasının canlanmasına, yenidən dünya musiqi arenasına çıxmasına səbəb olur. Bəstəkar “Piter Qrayms”, “Bill Bad”, “Albert Herrinq”, “Lukresiyanın təhqir edilməsi”, “Mikelancelonun 7 sonatası” kimi bir sıra məşhur operalarını təqdim edir. Ona dünya şöhrəti gətirən əsəri isə “Hərbi rekviyem” operasıdır. Bu operaya görə müəllif üç nominasiyada “Gremmi” mükafatına layiq görülüb. Bəstəkar “Yay gecəsində yuxu” operasına görə isə UNESCO-nun mükafatını (1961) alıb. Musiqi təşkilatçısı kimi də tanınan sənətkar 1948-ci ildə Oldboro musiqi festivalının əsasını qoyub.
B.Brittenlə görkəmli bakılı violonçel ifaçısı və dirijor Mstislav Rostropoviç arasında dostluq və yaradıcılıq əlaqələri olub. Bu musiqi xadimlərinin tanışlığının maraqlı tarixçəsi vardır. 1960-cı ildə Londonda dahi rus bəstəkarı Dmitri Şostakoviçə həsr olunmuş gecə keçirilirdi. Bu gecədə M.Rostropoviç də çıxış edirdi. O, bəstəkarın violonçel üçün I konsertini ifa edirdi. Onun ifasını ilk dəfə dinləyən B.Britten bütünlüklə bu insanın şəxsiyyətinə, dahiliyinə heyran olmuşdu. Əgər violonçel əvvəllər bəstəkarı bir solo aləti kimi cəlb etmirdisə, indi bu ifa onu bu haqda dərindən düşünməyə vadar etdi. Beləliklə, B.Britten solo-violonçel üçün əsərlər yazmaq qərarına gəldi. Dahi ifaçı M.Rostropoviç bu illəri belə xatırlayır: “Londonda keçirilən konsertdən sonra B.Britten səhnə arxasında mənə yaxınlaşdı və “Mən sizinlə gələcək haqqında ciddi danışmaq istəyirəm” dedi. Sonra mehmanxanaya mənim yanıma gəlib violonçel üçün sonata yazmaq istədiyini bildirdi. İlk ifasını da Oldboro festivalında səsləndirməyimi xahiş etdi. Mən də ona söz verdim”.
Oldboro festivalı B.Britten üçün xüsusi əhəmiyyət kəsb edirdi. Möhkəm əqidəli maarifçi olan B.Brittenin rəhbərliyi ilə yaranan bu festivalın açılışı 1948-ci ildə “Müqəddəs Nikolay” adlı kantata ilə gerçəkləşib. O vaxtdan hər il keçirilən festivalda bəstəkar yeni-yeni premyeralar hazırlayır və əsərlərin ifa olunması üçün ifaçılar cəlb edirdi. Bu məqsədlə B.Britten öz yazdığı violonçel üçün sonatasının M.Rostropoviç tərəfindən məhz Oldboro festivalında ifa olunmasını istəmişdi. O dövrün siyasi-ictimai vəziyyəti ilə bağlı problemlərə baxmayaraq, M.Rostropoviçlə B.Brittenin Oldboroda yaradıcılıq görüşü baş tutdu. Beləliklə, B.Brittenin adıçəkilə sonatasının ilk ifası Oldboro festivalında reallaşdı. Bəstəkar bu əsərini, eləcə də solo süitalarını və violonçel üçün simfoniyasını məhz M.Rostropoviçə həsr edib. B.Britten M.Rostropoviçlə dostluğu barədə deyib: “Mən daha çox ruhən özümü yaxın hiss etdiyim insanlar üçün əsərlər yazmağa üstünlük verirəm”. B.Britten və P.Pirs M.Rostropoviç və Q.Vişnevskayanın dəvəti ilə SSRİ-yə gəlmişdi. Bu səfəri zamanı B.Britten A.Puşkinin əsərlərindən təsirlənir və onun şeirlərinə musiqilər bəstələyir.
B.Britten teatr, kino və radio üçün yazılan musiqilərin də müəllifidir. Onun əsərləri özünün kəskin dramatizmi, psixologizmi və ifadəliliyi ilə fərqlənir.
Bəstəkar 1976-cı il dekabrın 4-də ürək çatışmazlığından vəfat edib, Oldboroda Müqəddəs Pyotr və Pavl kilsəsinin yaxınlığında dəfn olunub.
R.Həsənova
L.və M.Rostropoviçlərin Ev-Muzeyinin elmi işçisi