Noyabrın 15-də işini başa vuran 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində təqdimatı keçirilən nəşrlərdən biri də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi Çingiz Aytmatovun “Ana tarla” kitabı olub.
Əsəri dilimizə görkəmli şair, publisist, tərcüməçi Teymur Elçin çevirib. Nəşrdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və dəstəyi ilə “Ana tarla” povesti əsasında səhnələşdirilən (quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyov) və cari ilin aprel ayında Bakı Bələdiyyə Teatrı tərəfindən nümayiş olunan tamaşadan fotolar da yer alıb.
Fondun prezidenti Günay Əfəndiyeva dünyaca məşhur qırğız yazıçısının daha bir kitabının Azərbaycan dilində nəşrinin əhəmiyyətindən, əsərin mövzusunun aktuallığından bəhs edərək deyib: “Əsəri oxuyarkən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpası naminə canlarını fəda etmiş qəhrəman oğulların və onları bizlərə bəxş edən anaların obrazları gözlərimizin önündə canlanır. Bu kitab Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış igid oğulları böyüdüb boya başa çatdıran mərd analara ithafdır...”.
Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonaliyev nəşri ölkələrimiz arasında tarixi dostluq münasibətlərinin, ədəbi əlaqələrin inkişafına töhfə kimi qiymətləndirib.
Millət vəkili, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru Mehman Həsənli Çingiz Aytmatovun dünyəvi mövzuları ehtiva edən yaradıcılığından söz açıblar.
Tədbirin bədii hissəsində Bakı Bələdiyyə Teatrının aktyorları Elməddin Zabitli və Zülfiyyə Qurbanova yazıçının əsərlərindən parçaları, eləcə də Azərbaycan şairləri tərəfindən yazıçıya həsr olunmuş şeirləri səsləndiriblər. Bakı Bələdiyyə Teatrının “Ana tarla” tamaşasından səhnələr göstərilib.