Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə teatr kollektivlərinin qastrol aksiyaları davam edir.

 

Musiqili Teatr Lənkərana gedir

 

Akademik Musiqili Teatr “Sən elə bir zirvəsən!...” tamaşası ilə bu dəfə Lənkəranda qonaq olacaq. Noyabrın 20-də Lənkəran Mədəniyyət Mərkəzinin səhnəsində nümayiş olunacaq tamaşada teatrın solistləri Əməkdar artist Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin xor və balet heyətinin üzvləri çıxış edəcəklər.

Musiqili-tarixi esse kimi hazırlanan bu səhnə əsərinin bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçusu teatrın baş rejissoru Cavid İmamverdiyev, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

Xatırladaq ki, teatrın kollektivi bu səhnə əsərini Gəncə, Şəki və Mingəçevirdə də göstərib.

 

Paytaxt kuklaçıları Qaxda olublar

 

Azərbaycan Dövlət Kukla Teatrının kollektivi noyabrın 16-da Qax rayonuna səfər edib. Kollektiv Qax Dövlət Kukla Teatrının səhnəsində repertuarındakı son nümunələrdən olan “Üç donuz balası” tamaşasını təqdim edib.

Tamaşada üç fərqli xarakterli qəhrəmanın simasında əməksevərlik, tənbəllik və xudbinlik kimi keyfiyyətlərdən bəhs olunur. Uşaqlara əməksevərlik, əzmkarlıq və qorxmazlıq aşılayan kukla tamaşası qəhrəmanların başına gələn komik, həm də ibrətamiz hadisələrlə zəngindir.

Birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnı mətnlərinin müəllifi Sevinc Nuruqızıdır. Səhnə işində Səriyyə Mansurova, Aygül Ağayeva, Elnur Xəlilov, Yasin, Elgün Həmidov, Cavid Telman, Araz Həsənov və “Oyuq” teatr-studiyasının yetirməsi Adil İqbal iştirak edirlər.

 

“Yuğ”un “Şəbədə”si Masallıda

 

Azərbaycan Dövlət Yuğ Teatrı isə “Şəbədə” tamaşasını Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində nümayiş etdirib.

Mərkəzin direktoru Vəkil İsmayılov qonaqları salamlayıb. Sonra teatrın direktoru İslam Həsənov tamaşa haqqında məlumat verib.

Böyük mütəfəkkir, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” (1855) pyesi əsasında hazırlanan birhissəli səhnə əsərinə rejissor Gümrah Ömər quruluş verib. Quruluşçu rəssam Umay Həsənova, rejissor assistenti Məryəm Qələndərlidir. Rolları Xalq artisti Vidadi Həsənova (Ağa Mərdan), aktyorlar Elgün Həmidov (Ağa Salman), Vüqar Hacıyev (Ağa Abbas, Hacı Rəcəbəli), Amid Qasımov (Ağa Kərim), Elçin Əmirov (Əziz bəy), Mətanət Abbas (Zübeydə), Ləman Mərrih (Səkinə) və Günəş Mehdizadə (Zeynəb) canlandırırlar.

“Mənəviyyatın çözə bilmədiyini heç bir ədalət məhkəməsi çözə bilməz!” ideyalı səhnə işi xurafat və geriliyin bütün zaman və məkanlarda mütərəqqi dəyərlərə zərbə olduğunu bəyan edir.

Səhnə əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.