Yaxud Samir Qulamovun “Axillesliyi”
Əvvəla, ondan başlayaq ki, uzun illərdir opera səhnəmizdə şahlıq edən bir muğam operasını yeni quruluş və libretto ilə səhnəyə qoymaq cəsarət, hətta deyərdim, dəli ürək istəyir. Yox, bu, yaxşı dəlilikdir. Məcnunun Leylinin dərdindən dəli olması qədər olmasa da.
Gələk əsas məsələyə. Mövzusu demək olar ki, hər kəsə bəlli eşq rəvayətini əsrlərdir ürəklərə daşıyan Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması, bir az da ondan öncə bu rəvayətə bambaşqa bir ülviyyət bəxş edən Nizami Gəncəvidən seçmələr də əlavə olunmaqla Akademik Musiqili Teatrın səhnəsində özünə yeni yaşam vəsiqəsi qazanan növcavan “Leyli və Məcnun”a.
Tamaşanın məşqindən əsas partiya ifaçılarından dublyorlarına bütün heyətinin oyununa bir neçə dəfə baxmışam.
Məncə, söhbətə məşqdən ayaq vermək üçün dabanından vurulan Axillesi də yada salaq. Niyəsini soruşsanız, hələ məşq zamanı boynuna saldığı dəsmalları təri ilə isladıb, çapar kimi akademik teatrın səhnəsindən-parterinə az qala 40 dəfə dövrə vurub, özü qarışıq hamımızın başını gicəlləndirən rejissor Samiq Qulamov, ondan fərqli olaraq sükunətini daim qoruyan rəssam Vüsal Rəhim və xor truppasına narahat-narahat göz-qaş edən Vaqif Məstanovun iş birliyi mənim ümid “planımı” doldurmuşdu. Hərçənd gərgin və bir az truppasından narazı rejissoru nə onda, nə də indi anlamaq çətindir. Çünki istənilən əsər seçimindən öncə onu oynayacaq truppa gözdən keçirilir və peşəkar komanda bunu məndən də əla bilir. Bu, öz yerində.
Qədim yunan əsatir qəhrəmanı ilə müqayisə kiməsə uğursuz görünsə də, hər halda, prosesin içində olan ariflər eyhamı anlayar. Axı Axilles həm də məğlubedilməz, cəsarətli idi. Atılan oxların heç biri ona zərər vurmazdı. Ta ki...
Son illər, xüsusən “komediya” teatrı olmaqdan imtina edəndən fərqli eksperimentlərlə sənət aləminə cəsarətli rəngarənglik qatmağa çalışan yaradıcı kollektivin bu cəhdi də maraqlıdır.
Klassik nümunədən fərqli olaraq biz burada aşiqləri yaradan və “öldürən” Məhəmməd Füzulini (arabir N.Gəncəvidən qəzəlləri də səhnədəki Füzulinin ifasında gözardı etmirəm), Leyli və Məcnunun ruhlarını və digər yeni obrazları görürük.
Tamaşanın quruluş heyətində yuxarıda qeyd etdiyim quruluşçu rejissor, rəssam və xormeysterdən savayı quruluşçu dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev və quruluşçu baletmeyster Əməkdar artist Emin Əliyev də var. Xalq artisti Səkinə İsmayılova muğam üzrə məsləhətçi kimi səhnə əsərinin hazırlanmasında iştirak edib. Solo tar ifaçısı Əməkdar artist Elxan Mansurov, konsertmeyster Fidan Əliyevadır. Rejissor assistentləri Əmrah Dadaşov və Sevinc Məmmədovadır.
Əsas rolları muğam müsabiqələrinin qalibləri İlahə Rüstəmova (Leyli) və Orxan Hüseynli (Məcnun), Məcnunun anası rolunu Bacıxanım Sadıqova (dəvətli) ifa edirdilər.
Qalan rollar teatrın truppasının aktyorlarına həvalə olunmuşdu: Gülnarə Abdullayeva (Leylinin anası), Əməkdar artist Nadir Xasıyev (Leylinin atası), Əmrah Dadaşov (Məhəmməd Füzuli), Emin Zeynallı (İbn Salam), Böyükxanım Məmmədova, Mirzəhra Muradova, Aydan Əliyeva (Leylinin bacıları), Əli Kərimov və Murad Əliyev (İbn Salamın döyüşçüləri).
Quruluşçu baletmeysteri Emin Əliyev həm də səhnədə Məcnunun, balet ifaçısı İranə Kərimova isə Leylinin ruhu obrazları ilə çıxış edirdilər.
Hələ məşq zamanı tamaşasının pitçinqini (müdafiəsini) edən rejissor öz arqumentini belə əsaslandırmışdı: “Mən belə başa düşürəm ki, əsərdə Füzuli üçün saf sevgidən də önəmli nələrsə var. Bu qadına qarşı zorakılıqdır, erkən nikahdır ki, atası Leylini 15 yaşında İbn Salama ərə vermək istəyir. Bu əsərdə Füzuli sanki cəmiyyətə etiraz edir. Mən fikrimi bu etiraza yönəltmək istədim. Məhəmməd Füzulinin ruh halını göstərmək istədim ki, o əsəri yazanda nəyi qabarıq göstərmək istəyib? Mənə elə gəlir ki, iki gəncin sevgisi, onların ülvi hissləri mövzusu sanki Füzuli üçün bir bəhanə olub bu əsəri yazmaqda. Bu gün də erkən nikahları, qız övladlarını təhsildən yayındıran valideynləri görürük. Biz də sevgi ilə bərabər həm də hazırladığımız tamaşada bu mesajları cəmiyyətə vermək istəyirik...”.
Haqlıdır, istədiyini edib. Amma onun aşiqləri səhnədə eşqdən yorulmuş, tükənmiş, eşqi çoxdan bitirib, közərən od ilə oynayan (səs, ifa, oyun texnikaları öz yerində olsa da) görkəmdə idilər. Yəqin məsələnin mahiyyətinə ictimai-sosial kultdan baxmaq məqamını önə çəkən rejissor mahiyyətdəki yeniyetmə eşqindəki qığılcımı tez alışıb-sönməklə əvəz edib.
Bu sözləri iki aşiqin ruhunu canlandıran hər iki balet artistinə, onların rəqs, xoreoqrafiya elementlərində (xüsusən qadın ifaçının monoton, yorğun, həvəssiz) ifalarına da şamil etmək olar. Hərçənd Emin Əliyev Məcnunun emosiya, itki və divanəlik məqamında daxili səsini (ruhunu) “eşitdiyi” diapazonda çatdırmağa çalışdı.
İxtisar olunan obrazı – Məcnunun atasının da yükünü özü daşıyıb, hamımızı bu eşqin girdabına salan Məhəmməd Füzuli obrazı (Əmrah Dadaşov) mahiyyət etibarilə gah ata, gah aşiq, gah fani, gah da əbədi çağırışları ilə diqqəti üzərinə çəkməyə çalışdı. Məncə, rejissor baş qəhrəmanların yükünü azaltmaq, yaxud da, əksinə – yeni obrazına daha çox vurğu vurub, ədəbi əsasını parlaq nümunəyə çevirmək üçün Füzuli üzərində daha çox dayanmışdı. Amma kaş onun bir küncdə əyləşməyi, arabir aşiqləri məzəmməti, qınaq sınağına çəkməyi olmayaydı. Bu heyhata Tolstoyun “Anna Karenina öldü” deyib hönkürtü ilə ağlamasını yada salan, “Leyli öldü” deyərək səhnənin ortasında hayqıran Füzulinin dramatik epizod səhnəsini də qataraq, acizanə təəssüf edirəm.
Bundan öncə baxımlı, dramatik aktrisa kimi kəşf etdiyimiz Gülnarə Abdullayeva tamaşada obrazın mahiyyətini, ananın narahatlıq və sevgisini, qayğı və qorxusunu ustalıqla paylaşdırıb bütün səhnələrində diqqəti özünə çəkə bildi. Bu sözləri arabir ariya oxuyurmuş ovqatına köklənib, ifasındakı cilovu əlindən verməsinə rəğmən, ümumi planda yaxşı oyun təsiri bağışlayan Nadir Xasıyevə (Leylinin atası) də aid edə bilərik.
E.Zeynallının İbn Salamı inamsız, təsirsiz, onu sevməyən, inkar edib ilahi eşqə çatan Leylisinə qarşı soyuqqanlı təsir bağışladı. Doğrudur, bu dəfə rejissor bizə İbn Salamı daha çox aşiq, bütün hikkə və intiqam, ehtiras və inanclarından arınmış – özlüyündə böyük eşq girdabında çarmıxa çəkilmiş kimi göstərir. Sözsüz ki, quruluş müəllifinin aşiq olduğu qadının sevgisinə ehtiram göstərən ali hissləri təqdim etmək istəyi bu traktovkada anlaşılandır. Amma aktyor, çox güman ki, rejissorun ondan nə istədiyini tam duya bilməyib.
...Tamaşanın quruluşçu rəssamı ənənəvi üslubuna sadiq qalaraq dəbdəbəli geyim, bəzək, zinət əşyalarına meyil etmişdi. Səhnə tərtibatında hakim rəng qırmızı idi. Bu rəng od, alov, ehtiras, eşq və eşqdən yananların qovrulduğu atəşi andırmaq üçün seçilmişdi. Ən çox alqışı haqq edən məqam bir səhnədə baş verən hadisələrdə keçidlərin yaxşı həlli idi. Zaman-zaman ştangetlərdən enən eşq günəşi və ondan doğan (paralanmış günəşin içindən çıxış) aşiqlər, səhradakı çadır, üzərinə tül sərilmiş məzarlar və ən sonda günəşə, işığa, sonsuz vüsala aparan pilləkən yaxşı və sadə həllə işarə idi.
Bu tamaşa – Samir Qulamovun akademik səhnə üçün yeni və cəsarətli cəhdi haqqında daha uzun rəy yazmaq, daha dərin analiz aparmaq və daha təfsilatlı fikirlər səsləndirmək olardı. Sadəcə, milli opera, musiqi sənətimiz, dahi Üzeyir bəyin milli kultumuza, sənət göstəricimizə çevrilib, bir növ nəbzimizi müəyyən edən əsəri – şah musiqi ladları adamı yalnız ona kökləyir. Bu arada V.Məstanovun əməyini yerə vurmayan xor, eləcə də balet artistləri, həmçinin orkestr solistlərlə həmahəng oyununu da qeyd etmək gərəkdir.
Ümumiyyətlə, dramatik hadisəni, faciənin mahiyyətini ifadə üçün bütün üsullar bir vasitə kimi istifadə olunarsa məqbuldur. Bu barədə Aydın Talıbzadə “Faciə: janriçi mutasiyalar” kitabında maraqlı bir təyin də verir. Onun fikrincə, “Bizim düşüncəmiz gerçəkliyin modifikasiya olunmuş virtual obrazını yaradır və başlayır orada yaşamağa, daha doğrusu, öz qavrayışını həqiqət bilib ona inanmağa. Gerçəklik bizim qavrayışımızda teatrallaşır. Odur ki, müasir insan virtuallığı bu qədər özünə doğma sayır. Bu onun aldanışıdır: xilası və məhvidir. Düşüncə çaşanda dəlilik olur və dəlilik toplumu faciəyə sürükləyir. Ona görə faciə çağdaş rejissor üçün təkcə tamaşa qurmaq, peşəkarlığını əyarlamaq bəhanəsi və ya vasitəsi deyil, beyin əməliyyatıdır, düşüncə tərzidir, qavrayış üslubudur”.
Qısacası, istənilən cəhd, elə S.Qulamovun “Leyli və Məcnun”u rejissor tərcümeyi-halı üçün “dəb”dəbədən daha çox, özünün və heyətinin yaradıcılıq tələbatını ödəməsi üçün vasitəsidir. Şəxsən mən sidq-ürəklə buna inanıram...
Həmidə Nizamiqızı