Azərbaycan
22 noyabr 1922 – Böyük bəstəkar, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi Cəmil oğlu Əmirov (1922 – 20.2.1984) Gəncədə doğulub. Simfonik muğamlar (“Şur”, “Kürd-Ovşarı”, “Bayatı-Şiraz”), “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, “Sevil” operası və s. musiqi əsərlərinin müəllifidir. Bəstəkarın “Min bir gecə” baleti dünya musiqi xəzinəsinə daxildir. Filmlərə musiqi yazıb.
22 noyabr 1922 – Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (1922 – 12.12.2007) Bakıda anadan olub. Kitabları: “General”, “Ləpədöyəndə”, “Burulğanlar”, “Çəmbərəkənd balladası” və s.
22 noyabr 1933 – Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov (1933 – 12.7.2006) Şəkidə doğulub. “Sən niyə susursan?”, “Onun böyük ürəyi” və s. filmlərin quruluşçu operatoru olub. “Tütək səsi”, “İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Təhminə”, “Otel otağı” və s. filmlərə quruluş verib.
22 noyabr 1933 – Yazıçı-jurnalist Firudin Balakişi oğlu Ağayev (1933-1995) Lerik rayonunda doğulub. Əsərləri əsasında “Skripkanın sərgüzəşti”, “İşarəni dənizdən gözləyin” və s. filmlər çəkilib.
22 noyabr 1938 – Xalq artisti, Dövlət mükafatı laureatı Həsən Ağaməmməd oğlu Məmmədov (1938 – 27.8.2003) Salyan rayonunda anadan olub. “Böyük dayaq”, “Gün keçdi”, “Yeddi oğul istərəm”, “İstintaq”, “Axırıncı aşırım” və s. filmlərdə yaddaqalan obrazlar qalereyası yaradıb. Akademik Milli Dram Teatrında çalışıb.
22 noyabr 1940 – Müğənni, skripka ifaçısı, Əməkdar incəsənət xadimi, professor Rauf Zülfüqar oğlu Adıgözәlov (1940 – 29.6.2002) anadan olub.
22 noyabr 2012 – Xalq artisti, görkəmli aktyor Yaşar Məmmədsadıq oğlu Nuri (3.9.1951 – 2012) vəfat edib. Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Televiziya tamaşalarında, filmlərdə yaddaqalan obrazlar yaradıb.
22 noyabr 2013 – Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
22 noyabr 2021– Əməkdar incəsənət xadimi, bəstəkar Asya Baxış qızı Sultanova (16.10.1923 – 2021) vəfat edib. 1950-ci illərdən Moskvada yaşayıb, mahnılarını dövrün məşhur müğənniləri oxuyublar.
23 noyabr 1923 – Yazıçı, şair Əmrah Bala oğlu Əmrahov (1923-1988) Bakının Kürdəxanı kəndində anadan olub. Kitabları: “Ürək vətən üçün döyünəndə”, “Ulduzlar gecə parlar”, “Dağ bənövşəsi” və s.
23 noyabr 1927 – Tarixçi, şərqşünas, professor Əhməd Əhməd oğlu İsgəndərov (1927-2017) Bakının Mərdəkan kəndində doğulub. Moskvada yaşayıb, SSRİ EA-nın Ümumi Tarix İnstitutunda baş elmi işçi, direktor müavini, “Tarix məsələləri” jurnalının baş redaktoru işləyib. Rusiyanın Əməkdar elm xadimi, Rusiya EA-nın müxbir üzvü olub.
23 noyabr 1936 – Ədəbiyyatşünas, yazıçı-dramaturq, professor Aqşin Əlisəttar oğlu Babayev (1936 – 10.6.2020) Bakıda anadan olub. Türk ədəbiyyatına dair tədqiqatların, “Ayrılıq”, “Dünyanın axırı” və s. kitabların, tərcümələrin müəllifidir.
23 noyabr 1937 – Əməkdar artist Zemfira Nəriman qızı Quliyeva (1937 – 3.11.1997) Gəncə şəhərində anadan olub. 1963-cü ildən Musiqili Komediya Teatrında çalışıb.
23 noyabr 1948 – Dahi bəstəkar, publisist, pedaqoq, SSRİ Xalq artisti Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (18.9.1885 – 1948) vəfat edib. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın, ilk musiqili komediyanın müəllifidir. Azərbaycan EA-nın akademiki olub.
23 noyabr 1999 – Xalq artisti, görkəmli teatr və kino aktrisası Leyla Ağalar qızı Bədirbəyli (8.1.1920 – 1999) vəfat edib. Dövlət mükafatı laureatı laureatı olub.
23 noyabr 2011 – Prezident İlham Əliyev tanınmış ictimai xadim, publisist, Əməkdar jurnalist Nəsrulla İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
24 noyabr 1906 – Ədəbiyyatşünas Əli Nazim (Ələkbər Mahmud oğlu Mahmudzadə; 1906 – 23.8.1941) Təbrizdə doğulub. Repressiya qurbanı olub.
24 noyabr 1922 – Əməkdar artist, vokalçı Rəhilə Muxtar qızı Cabbarova (1922 – 2.12.2002) Tiflisdə doğulub. Opera və Balet Teatrının solisti olub, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.
24 noyabr 1924 – Əməkdar incəsənət xadimi, rəssam Vəcihə Əli qızı Səmədova (1924 – 24.10.1965) anadan olub. Tanınmış şəxsiyyətlərin portretlərinin, mənzərə və tematik tabloların müəllifidir.
24 noyabr 1997 – Prezident Heydər Əliyev Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
24 noyabr 2001 – Əməkdar incəsənət xadimi, aktyor, sirk ustası Siyavuş Məmməd oğlu Şəfiyev (1.9.1937 – 2001) vəfat edib.
Dünya
22 noyabr 1869 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1947) laureatı Andre Pol Qiyom Jid (André Gide; 1869–1951) anadan olub.
22 noyabr 1916 – Amerika yazıçısı Cek London (Jack London – John Griffith Chaney; 12.1.1876 – 1916) vəfat edib. “Martin İden”, “Dəmir daban”, “Dəniz canavarı” və s. romanların müəllifidir.
23 noyabr 1875 – Rus yazıçısı, sənətşünas, publisist Anatoli Vasilyeviç Lunaçarski (1875-1933) anadan olub.
23 noyabr 1933 – Polyak bəstəkarı və dirijoru Kşiştof Pendereski (Krzysztof Penderecki; 1933 – 29.3.2020) anadan olub.
24 noyabr 1632 – Niderland filosofu, rasionalizm cərəyanının tanınmış nümayəndəsi Benedikt Spinoza (Benedictus de Spinoza; 1632–1677) anadan olub.
24 noyabr 1934 – Rusiya (alman əsilli) bəstəkarı, pianoçu və musiqi nəzəriyyəçisi Alfred Şnitke (1934-1998) anadan olub.
Hazırladı: V.Orxan