Şuşa teatrı Aşqabadda festivalda iştirak edib
Xəbər verdiyimiz kimi, 14-16 noyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabadda “Xoşbəxtlik dövrünün teatr sənəti” adlı IV Beynəlxalq Teatr Festivalı keçirilib. Ölkəmizi festivalda Şuşa Dövlət Musiqili Dram Teatrı təmsil edib.
Sənət ocağı festivala Xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı əsəri əsasında səhnələşdirilən “Boy çiçəyi” tamaşasını aparıb. Kollektiv noyabrın 15-də Türkmənistan Baş Dram Teatrının səhnəsində çıxış edib. Üç müxtəlif insan taleyi, üç nakam məhəbbət hekayəsi türkdilli ölkələrin təmsilçilərini bir araya gətirən festivalda alqışlarla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur. Rolları Əməkdar artistlər Nazir Rüstəmov (Həsənzadə), Azad Məmmədov (Fərəc), aktyorlar Zəhra Salayeva (Nargilə) və Püstəxanım Zeynalova (Nəzakət) ifa edirlər.
Xatırladaq ki, türkdilli ölkələrin teatr mübadiləsi, yeni yaradıcılıq meyillərinin öyrənilməsi və dünya teatr prosesinə inteqrasiyası məqsədi daşıyan Aşqabad festivalı iki ildən bir keçirilir.