Azərbaycan
25 noyabr 1909 – Əməkdar artist Fateh Mirzə Möhsün oğlu Fətullayev (1909 – 4.5.1983) Lənkəranda anadan olub. Musiqili Komediya, Akademik Dram və digər teatrlarda çalışıb, “Ögey ana” (Arif), “Bir məhəlləli iki nəfər” və s. filmlərdə çəkilib.
25 noyabr 1913 – Memar, Əməkdar inşaatçı Nəsrulla Yaqub oğlu Kəngərli (1913-1991) anadan olub.
25 noyabr 1918 – Xalq yazıçısı, Dövlət mükafatı laureatı İmran Haşım oğlu Qasımov (1918 – 20.4.1981) Bakıda doğulub. “Uzaq sahillərdə” (H.Seyidbəyli ilə birgə) povesti, “Dairəni genişləndirin”, “Sən nə üçün yaşayırsan?” pyesləri və s. əsərlərin, kinossenarilərin (“İnsan məskən salır”, “Onun böyük ürəyi”) müəllifidir. Yazıçılar İttifaqının birinci katibi (1975-1981) olub.
25 noyabr 1935 – Əməkdar artist, xanəndə Qaraxan İmran oğlu Behbudov (1935 – 17.11.2020) Ağdam rayonunun Əfətli kəndində anadan olub.
25 noyabr 1961 – Xalq artisti, vokalçı Əli Rəhim oğlu Əsgərov (1961 – 23.2.2023) anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, opera festivallarının laureatı, Bülbül adına Vokalçıların I Beynəlxalq Müsabiqəsinin (1997) Qran-pri mükafatçısı olub.
25 noyabr 1981 – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Nazirlər Soveti Hüseyn Cavidin ev-muzeyinin yaradılması haqqında qərar qəbul edib. Qərarın icrası uzun müddət ləngidi və ədibin 1920-1937-ci illərdə yaşadığı binadakı (hazırda AMEA Əlyazmalar İnstitutu) mənzilin muzeyə çevrilməsi 1995-ci ildə Prezident Heydər Əliyevin göstərişi ilə həllini tapdı.
25 noyabr 1994 – Xalq artisti Məhəmməd İsmayıl oğlu Burcəliyev (25.4.1914 – 1994) vəfat edib. Gəncə Dövlət Dram Teatrının aktyoru olub, teatrda direktor işləyib, tamaşalara quruluş verib. Filmlərdə çəkilib.
25 noyabr 2015 – Prezident İlham Əliyev tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
25 noyabr 2016 – Prezident İlham Əliyev Azərbaycanda “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 5 may “Xalçaçı günü” elan edilib.
26 noyabr 1927 – Dilçi-türkoloq, professor, Əməkdar elm xadimi Həsən İbrahim oğlu Mirzəyev (1927-2015) Qərbi Azərbaycanın (indiki Ermənistan) Dərələyəz mahalının Qovuşuq kəndində anadan olub.
26 noyabr 1928 – Əməkdar artist Müxlis Sabir oğlu Cənizadə (1928 – 11.12.1972) Bakıda anadan olub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb. “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.
26 noyabr 1937 – Şair, aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov (1872-1937) repressiya edilərək güllələnib. Ağsu rayonunda Qəşəd kəndində anadan olub.
27 noyabr 1870 – Məşhur şərqşünas, maarifçi Mirzə Kazım bəy (Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu; 22.6.1802 –1870) vəfat edib. Peterburq Universiteti Şərqşünaslıq fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.
27 noyabr 1912 – Xalq artisti, aktyor və rejissor İsa Həsən oğlu Musayev (1912 – 8.2.1976) anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərib.
27 noyabr 1919 – Əməkdar incəsənət xadimi, aktyor, ssenarist, rejissor Cahangir Aslanoğlu (Məmmədov; 1919 – 16.1.1998) anadan olub. “Gülmək cana faydadır”, “Qarğa, məndə qoz var” və s. komediyaların, yumoristik hekayə və səhnəciklərin müəllifidir.
27 noyabr 1934 – Əməkdar incəsənət xadimi, dirijor Kazım Ağalar oğlu Əliverdibəyov (1934 – 19.12.2022) Bakıda anadan olub. Opera və Balet Teatrında işləyib. Bakı Musiqi Akademiyasının professorudur, Türkiyədə (İzmir Konservatoriyası) dərs deyib.
27 noyabr 1945 – Əməkdar rəssam, heykəltaraş Namiq Əbdülxaliq oğlu Dadaşov (1945 – 7.10.2021) Bakıda anadan olub. Üzeyir Hacıbəyli və Bülbülün Şuşa şəhərindəki büstlərinin, Bakıda Fikrət Əmirovun heykəlinin müəllifidir.
27 noyabr 2015 – Görkəmli dilçi alim, akademik Tofiq İsmayıl oğlu Hacıyev (1.5.1936 – 2015) vəfat edib. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru olub.
28 noyabr 1852 – Şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (14.6.1794 – 1852) vəfat edib. Gəncədə doğulub, 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib.
28 noyabr 1907 – Maarifçi, təbiətşünas alim, publisist Həsən bəy Zərdabi (Məlikov; 1842-1907) vəfat edib. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub.
28 noyabr 1933 – Əməkdar artist, vokal ifaçısı Adil İbrahim oğlu Məlikov (1933 – 19.5.2009) Astara rayonunda doğulub. Akademik Opera və Balet Teatrının solisti olub.
28 noyabr 1939 – Bəstəkar, Xalq artisti, professor Sevda Mirzə qızı İbrahimova (1939 – 17.7.2022) anadan olub. Müxtəlif janrlarda əsərlərin (“Vətən şəhidləri” kantatası, “Əhvali-ruhiyyələr”, “Azərbaycan təranələri” və s.) müəllifidir.
28 noyabr 1940 – Tanınmış şair, aşıq Alqayıt Bayram oğlu Xəlilov (1940 – 12.1.2013) Qərbi Azərbaycanda (Ermənistan SSR) – Göyçə mahalının Daşkənd kəndində anadan olub.
28 noyabr 1943 – Əməkdar rəssam Rafael Abbas oğlu Abbasov (1943 – 3.12.2020) Bakıda anadan olub. Portretlər, süjetli tablolar, natürmortlar, Abşeron və Naxçıvanın təbiətini tərənnüm edən mənzərələrin müəllifidir.
28 noyabr 2009 – Xalq rəssamı Rafiq Mahmud oğlu Mehdiyev (10.6.1933 – 2009) vəfat edib. Kitab və dəzgah qrafikası sahəsində çalışıb, həmçinin rəngkarlıq əsərlərinin müəllifidir.
Dünya
25 noyabr 1562 – İspan yazıçı-dramaturqu, şair Lope de Veqa (Felix Lope de Vega y Carpio; 1562–1635) anadan olub.
25 noyabr 1889 – Türk yazıçı-dramaturqu Rəşad Nuri Güntəkin (1889–1956) anadan olub. “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Yarpaq tökümü” və s. romanları əsasında populyar filmlər çəkilib.
26 noyabr 1857 – İsveçrəli dilçi alim, semiologiya və struktur linqvistikasının banisi Ferdinand de Sossyur (Ferdinand de Saussure; 1857–1913) anadan olub.
26 noyabr 1909 – Rumın dramaturqu, absurd teatrı estetik cərəyanının banisi Ejen İonesko (Eugene İonesco; 1909–1994) anadan olub. Pyesləri: “Daz müğənni”, “Dərs”, “Stullar”, “Təmənnasız qatil”, “Çamadanlı adam” və s.
26 noyabr 1939 – Amerika müğənnisi, aktrisa Tina Terner (Tina Turner – əsl adı Anna Mae Bullock; 1939 – 24.5.2023) anadan olub. Dəfələrlə “Qremmi” mükafatına layiq görülüb. Ömrünün son illərində İsveçrə vətəndaşlığı alaraq bu ölkədə yaşayıb.
27 noyabr 1940 – Çin (Honkonq) aktyoru, rejissor, Şərq əlbəyaxa döyüş növlərinin ustası Brüs Li (Bruce Lee; 1940–1973) anadan olub.
27 noyabr 1942 – Amerikalı rok-musiqiçisi, gitaraçı Cimi Hendriks (Jimi Hendrix – James Marshall Hendrix; 1942–1970) anadan olub.
27 noyabr 1953 – Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1936) laureatı Yudjin O’Nil (Eugene Gladstone O’Neill; 16.10.1888 – 1953) vəfat edib.
28 noyabr 1757 – İngilis şairi və rəssamı Vilyam Bleyk (William Blake; 1757–1827) anadan olub.
28 noyabr 1820 – Alman filosofu, kommunist ideologiyasının banilərindən biri Fridrix Engels (Friedrich Engels; 1820–1895) anadan olub.
28 noyabr 1829 – Bəstəkar və dirijor, Rusiyada ilk konservatoriyanın yaradıcısı Anton Qriqoryeviç Rubinşteyn (1829–1894) anadan olub.
28 noyabr 1881 – Avstriya yazıçısı, ədəbiyyatşünas Stefan Sveyq (Stefan Zweig; 1881–1942) anadan olub. Əsərləri: “Naməlum qadının məktubu”, “Maria Stüart”, “Şahmat novellası”, “Dünənki dünya” və s.
Hazırladı: V.Orxan