Sənətşünas Kübra Əliyevanın kitablarının təqdimatı keçirildi

 

Sənətşünaslıq üzrə elmlər doktoru, professor, Əməkdar incəsənət xadimi Kübra Əliyeva ömrünün böyük bir hissəsini Azərbaycan xalça sənətinin tədqiqinə və təbliğinə həsr edib. Uzunillik axtarışlarının nəticəsi olan “Azərbaycanın xovsuz xalçaları”, “Təbriz xalçaçılıq məktəbi”, “Lətif Kərimovun həyat və yaradıcılığı”, “Ornament tarixi”, “Azərbaycanın xovsuz toxunuşlu məişət əşyaları”, “Xalq rəssamı Kamil Əliyevin yaradıcılığı”, “Azərbaycan ərazisindəki talışların həsirtoxuma sənəti”, “Azərbaycanın Qarabağ xalçaçılıq məktəbi” və s. kitabları bu sahə üzrə sanballı mənbə kimi qiymətləndirilir.

Noyabrın 21-də Azərbaycan Milli Xalça Muzeyində alimin kitablarının təqdimatı keçirildi.

Tədbirdə çıxış edən muzeyin direktoru bildirdi ki, Kübra Əliyeva Azərbaycanın tanınmış xalçaçı-alimi Lətif Kərimovun, eyni zamanda Azərbaycanın dekorativ-tətbiqi sənətinin tanınmış tədqiqatçısı, akademik Rasim Əfəndiyevin yetirməsi kimi bu sahənin araşdırılmasına mühüm töhfələr verib. Kübra Əliyeva 40 ilə yaxın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti və Qərb Universitetində pedaqoji fəaliyyət göstərib, yeni mütəxəssislərin yetişdirilməsinə töhfə verib. Hazırda AMEA Memarlıq və İncəsənət İnstitutu Qafqaz Albaniyasının memarlıq və incəsənəti şöbəsinin müdiri olan alimin məqalə və məruzələri İngiltərə, Fransa, Avstriya, İsrail, Polşa, Almaniya, Türkiyə, ABŞ, İspaniya, Rusiya və digər ölkələrdə keçirilən elmi konfrans və simpoziumlarda dinlənilib, çap edilib.

Akademik Nərgiz Axundova Kübra Əliyevanın AMEA-dakı fəaliyyətindən söz açdı, onun uzun illər Azərbaycan elmini və mədəniyyətini bir sıra ölkələrdə layiqincə təbliğ etdiyini bildirdi. Akademik onun “Azərbaycan Ensiklopediyası”nın III cildindən başlayaraq, X cildinə qədər Azərbaycan dekorativ-tətbiqi sənətinə aid 60-dan artıq məqalənin müəllifi olduğunu da vurğuladı.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı sənətşünas alimin mədəniyyətimizə, arxeoloji və etnoqrafik irsimizə bəxş etdiyi töhfələrdən söz açdı. Onu həyatını Azərbaycan xalçalarının öyrənilməsinə həsr edən fədakar və mədəniyyətimizin təəssübkeşi kimi dəyərləndirdi.

Professorlar Telman İbrahimov, Röya Tağıyeva, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxışlarında alimin elmi fəaliyyətinin müxtəlif aspektlərinə nəzər saldılar.

Sonda çıxış edən professor Kübra Əliyeva təqdimata qatılan qonaqlara təşəkkürünü bildirdi.

Doğulub boya-başa çatdığı Şuşa şəhəri, onu həyatı boyu əhatə edən ziyalılarla bağlı düşüncə və xatirələrini bölüşən alim dedi: “Tanınmış naşir Abuzər Orucovun (Bakıda 1907-1917-ci illərdə fəaliyyət göstərmiş “Orucov qardaşları” mətbəəsinin təsisçisi olan qardaşdan biri – red.) nəvəsi olmağımla daim qürur duymuşam. İnsanların həyatında, yaradıcılığında onları əhatə edən insanların mühüm rolu olur. Elə buna görə də Şuşada hamının tanıyıb hörmət etdiyi boyaqçı babamı, onun şəhərin ən gözəl məhəlləsindəki unikal memarlığa malik evini bu gün də unuda bilmirəm. Bu gün də gözlərimi yumanda xəyalən Şuşaya, məhəlləmizə, o koloritə gedirəm”.

Lalə Azəri