Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi münasibətilə hazırladığı “Sən elə bir zirvəsən!...” adlı musiqili-tarixi esseni bu dəfə Lənkəranda nümayiş etdirib.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Lənkəran Mədəniyyət Mərkəzində keçirilən tədbirdə dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub, həyat və fəaliyyətinə nəzər salınıb.
Teatrın solistləri Əməkdar artist Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet artistlərinin çıxışları rəğbətlə qarşılanıb.
Tamaşanın ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyevdir.
Xatırladaq ki, Akademik Musiqili Teatr bu tamaşanı Gəncə, Şəki və Mingəçevirdə də göstərib. Növbəti nümayiş 30 dekabrda – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində teatrın öz səhnəsində olacaq.