Kamal Abdullanın “Ruh” kitabı haqqında qeydlər
   
   Yeddi rəng, yeddi çalarda. Yerin hansı ucundansa tutub hansı ucunasa bağlanır. Nə başladığı yeri tapmaq mümkündür, nə də bitdiyi yeri. Deyirlər, kim göy qurşağının altından dilək edib keçsə, arzusuna yetər. Amma heç keçdim deyən olmadı. Heç ona qaçıb çatan da olmadı. Yüyürməyə zaman sərf edincə, o bir ilğım kimi gözdən itib gedir.
   
   Nədir göy qurşağı?! Sübh çağı buxarlanan şehlə günəşin öpüşü, ya bu dünyada cismimizin, nəfsimizin rəng verdiyi ruhlarımızdır. Bəlkə bu rəngləri biz yaşadıqca qazanırıq. Onlarda səhərin dümağ vaxtı ruhlarımızın bir gün də kirlənməmiş bizə boylanan əcdadlarımızdır. Yəqin hələ demədikləri, hələ yetmədikləri muradlarının arxasınca boylanırlar. Bəlkə bizdən nigarandırlar.
   Kamal Abdullanın “Ruh” kitabı ilə tanış olanda bu duyğular içimdə cücərməyə başladı. Kitabda rənglərin məngənəsində boğuşan insanlar, ruhların qarşısında edilən etiraflar, naməlum qalan vəziyyətlərin qiyamət sorğu-sualı və birdə kitaba yeddi pyesin daxil olması məndə göy qurşağı anlamını formalaşdırdı. Sanki mən də göy qurşağını indi başqa gözlə görməyə başladım.
   Kitabın “Ruh” adlandırılması təsadüf deyildir. Hər pyesdə biz ona-ruha rast gəlirik. Ya səs kimi, ya mələk qiyafəsində, ya da...
   Amma onların da öz rəngi var. Onları da digər qəhrəmanlardan ayıran birləşdirən, bir araya gətirən rənglər mövcuddur.
   Təsadüfi deyildir ki, kitaba yazdığı “Ön söz”də aktyor Həsənağa Turabov öz fikirlərini “Rənglərin sirri” başlığı altında verir. Çünki burada qəhrəmanların özlərini xarakterizə edən, onların düşdükləri vəziyyəti, ruhi durumunu, hisslərini rənglər ifadə edir. Personajlar onlara, onların yaratdığı möcüzəyə inanır, onlardan nə isə umur, gözləyirlər. Talelərini bu rənglərin sanamasına buraxırlar.
   Onlarsa nigaran ruhlar kimi elə hey onları izləyir. Nigarandırlar. Nə isə başa salmağa, içimizi alan narahatlıqdan, özümüzü müqəssir bildiyimiz, ruhumuzu yükləmiş ağırlıqlardan bizi azad etməyə çalışırlar. Elə azadlıq ki, hətta uca biləcək qədər.
   Kitabla tanış olarkən diqqətimi bir məqam da çəkdi. Müəllif hər dramın altından, sanki onun janrını təyin edirmiş kimi, ifadələr işlədir. Fəlsəfi, sentimental duyumlu dram; duyumlar dramı; xəyali oyun; yarı xəyali, yarı dramatik oyun; oyunabənzər həqiqətin qurması; xəyali faciə. Əsərlərlə tanış olduqda bu adlandırmaların mənasını daha yaxşı başa düşdüm.
   Bu əsərlərdə adlar da qəribədir. Müəllif adları ya ümumiləşmiş ifadələrlə - oğlan, qadın, qorxacaq qadın, kişi, ya da şərti adlarla - mələk, tərki dünya və s. kimi adlandırır.
   Pyeslərlə tanış olduqdan sonra bu qənaətə gəldim ki, bu əsərlər teatrın inkişafı üçün əsl materialdır.
   Gəlin, kitaba daxil olan pyeslərlə tanış olaq.
   
   Birinci rəng: “Kim dedi ki, Simurq quşu var imiş”
   
   Biz öz həyatımızın bir aləti, ya mütaliəçisiyik? Bəlkə bu yerimizi özümüz təyin edirik?
   Hadisələr Yer adlanan gəmidə baş verir. Birinci şəkildə pyesi izləyəcək hadisə verilmir. Kapitan və Zabitin uzun dialoqundan məlum olur ki, qəhrəmanımız -Kapitan tək yaşayır. O ulduzları evinə qonaq dəvət edir. Sonrakı şəkildə peyda olan nağılçı və ada sahibi ömrünü nağıl kimi yaşamağın mənasını müzakirə edirlər. Sonra digər nağıl personajları səhnəyə daxil olur. Ada sahibinin dediyi şeirdə pyesin məğzi açılır. İnsanın ürəyində böyütdüyü arzularının yerini kiçik, lüzumsuz şeylərin zəbt etməsi və insanın bununla özünü aldatması. İnsanın həmişə olmayanla özünü sakitləşdirməsi. Aristotelin təbirincə desək, olanı yox, olmayanı göstər.
   Ulduzları evinə qonaq çağıran Kapitan onların göstərdiyi yolla nağıl dünyasına yola düşür. Nağılçı hər şeyin bir əksi olduğunu, hər şeyin bir əksində olduğunu deyir. Bundan təsirlənən Şahzadə Padşahın ayaqlarına düşür. Padşah da rəhmə gəlir. Lakin remarkada həll olunun epizodun davamı nağılçının sözlərini təsdiqləyir. Vəzirin Padşahın üstünə itələdiyi Gözəl qız onu fikrindən daşındırır. O ayaqlarına düşmüş Şahzadəyə məhəl də qoymur. Əsər boyu Gözəl qız lap əvvəldən Padşahın yanında durur, sonra Şahzadənin yanına keçir. Onu Vəzir gah şahın yanına itələyir, gah köksünə sıxıldığı Şahzadə onun bağrından itələyir, gah da Vəzir özü onu qoynuna sıxır. Lap fani dünyanın ən gözəl neməti olan pul kimi itirib-qazanmaq istəyirlər.
   Əslində bu əsəri monodram adlandırmaq daha düz olardı. Çünki pyesin digər qəhrəmanları tək yaşamağa adət etmiş insanın nağıllaşmış xəyalıdır. Qəfil qonaq gələn səs Kapitanın bütün duyğularını silkələyir. Bu səs o dünyadan gəlibmiş kimi o dünyadakıların bizlərdən daha vəfalı olduğunu deyir. Hələ bu dünyaya gəlməyənlərin də o dünyada ruhları olduğunu, amma onların da bura qədəm basan kimi unutqanlaşdığını deyir. Bəlkə bura hər şeyin tükəndiyi yer imiş. Bu səslə Kapitan eyni yaddaşa, eyni dünyaya sahiblərmiş.
   Səslə Kapitanın hekayəsi nağıl qəhrəmanlarını susdurur. Bu səs Kapitanın dünyasını dəyişmiş sevgisidir. Onlar indiyə qədər edə bilmədikləri söhbəti edirlər. Amma bu dəfə də yağışın kəsməsi, ulduzların yerini alması ilə səs də göylərə çəkilir. Yenə deyilməmiş sözlər, arzular yarımçıq qalır.
   Sonda hər şey həqiqətə söykənir. İstər nağıllarda, istərsə də real həyatda - Simurq quşu yox imiş. Həyat nağıllardan amansız olur.
   
   İkinci rəng: “Bir-iki bizimki”
   
   Bu pyesdə başlanğıc hadisə dramaturji qaydaya görə birinci şəkildə özünü göstərir. Vaxtilə bir-birini sevən kişi və qadın xəyali olaraq görüşürlər. Onlar bir-birini məzəmmət edir, keçmişi yad edirlər. Dialoqlar “Kim dedi ki, Simurq quşu var imiş” pyesindəkini xatırlatsa da, situasiya tamam başqadır. Qəhrəmanlar arasındakı sevgi hissi uşaqlıqdan mövcud olmuş, onlar fərd, cins olaraq bir-birilərinə görə özlərini kəşf etmişlər. Oğlan qızın saçını öpməklə kişi olduğunu, qızın saçlarını onun dodağına toxundurmaqla qadınlığını hiss etməsi personajlar arasında cismani toxunuşla ruhi bağlantının sıçrayışını göstərmişdir.
   Uşaqlıqda saqqız üstə düşən mübahisələr, konfet verməklə oğlanın qızı aldatması, qaranlıqda qıza arxa olub “səsimdən tut, gəl” deməsi və bu xarakterin gələcəkdə onları izləməsi müəllif tərəfindən uğurlu həll olunub. Konfetlə başlanan aldanışlar davam edir, qız hələ də onun qəlbində yer edə bilmir, hələ də onu qaranlıqdan çıxara bilmir. Nəhayət, qadının ruhu onu qaranlığa aparır. Və səsindən tutub onun dalınca gəlməyi deyir. Amma onlar orada da bir-birilərini itirirlər.
   
   Üçüncü rəng: “Hərdən mənə mələk də deyirlər...”
   
   Haradasa kimsə oğlana nə isə deyib. Qadın süd ağaran dan yerinə günəşin verdiyi əsrarəngiz rənglərin möcüzəsinə inanan oğlanı ona görə bu mənzərəni görməyə gətirib ki, ona deyilmiş sözü öyrənib, düşdüyü bu ağır vəziyyətdən çıxartsın.
   Biz pyes boyu sanki qadınla bərabər bu sözün nədən ibarət olmasını öyrənmək istəyirik.
   Qəhrəman inanır ki, hər şey rənglərdən ibarətdir, hər şey rənglərdən doğub. Bu dünyada nə varsa, ya rənglərin bətnindən gəlib, ya da onların qidası olub. Həyatda nə varsa, adları belə rənglərdir. Rənglərin də səsləri var.
   Qadınsa oğlanı rənglərin bu təsirindən hifz etmək istəyir, onu sehrləyən sözü tapmaq istəyir. Düşünür ki, əgər bu sözün nədən ibarət olduğunu bilsə, ona kömək edə biləcək. Mələk isə onun bütün arzularına yetirəcəyinə söz verir. Lakin bunun müqabilində ona sidq ürəklə inanmağı tələb edir. Yalnız bundan sonra ona uca biləcəyi qədər azadlıq vəd edir.
   Sonda oğlan nə qadının, nə də kişinin ona vəd etdiyi azadlığa qovuşa bilmir, bu sevdadan bezmiş halda səhnəni tərk edir. Rənglər isə sayrışır.
   
   Dördüncü rəng: “Ruh”
   
   Qırx ildən sonra görüşən məktəb yoldaşları dostlarından birinin ölümünün şahidi olurlar. Pərdə bu xəbərlə açılır. Görüş zamanı hamı bir-birini təqsirləndirir, keçmiş günahlar sanki onları qarabaqara izləyir. Onların bu taleləri Şübhəli Məxluqun əlinə təsadüfən qıfıla düşən açar kimidir. Ağciyərin öldürdüyü adamın ölümünə deyil, onun yerinə həbsdə yatan qardaşının taleyində özünü günahkar bilməsi. Tərki Dünya ilə Qorxacaq Qadının məktəbdəki eşq macəraları və s. Lakin onların ölmüş adamın yaxınlarına xəbər vermədən axırıncı sözünü bilmək istəmələri, onun var-dövlətindən umacaqlı olmaları ruhlarının nə qədər çirkab içində olmasını açıqlayır. Onlar ölmüş adamın ruhunu çağırırlar. Məqsəd aydındır. Ruhdan var-dövlətini bölərkən köhnə dostlara da pay düşməyəcəyini öyrənmək!
   Ruh gəldikdən sonra onlara yolda azdığını və 40 il bundan əvvələ getdiyini deməsi ilə hər şey dəyişir. Özlərini, keçmişlərini unutmuş bu insanlar o illərə qayıtmaq, o zaman necə olduqlarını öyrənmək istəyirlər. Məlum olur ki, məktəb illəri ilə indiki zamanın arasında qara boşluq var. Onlar anlayır ki, mərhumun qızıllarına deyil, içlərinin boşluğunu dolduran isti bir şeyə ehtiyacları var. Onlar öz mənəvi aləmlərindən çıxmışlar və ona yenidən tapınmaq istəyirlər.
   Bu dram əsəri kitabdakı digər əsərlərdən daha dolğundur, burada dialoqlar ziddiyyət yaradır və hadisə törədə bilir. Bir-birilə başlanan ziddiyyət qəhrəmanların duyğularının daxili savaşı ilə bitir.
   
   Beşinci rəng: “Pis oğlan”
   
   Bu pyesdə bütün dialoqlar telefon vasitəsilə aparılır. Telefon az qala personajlardan birinə çevrilir. Personajların ilk dialoqlarından məlum olur ki, onlar bir-biriləri haqqında məlumatlıdırlar. Onlar eyni xasiyyətin, eyni zövqün, hətta eyni xəstəliyin belə daşıyıcısıdırlar.
   Virtual olaraq bir-birinə doğmalaşmış iki insan bir dünyanı paylaşır, hamıdan saxladıqları daxili dünyalarını bir bölüşürlər. Onlar hər gecə söhbətləşirlər. Belə gecələrin birində Kişi Qadına yazdığı məktubu oxuyur. Məktubun məğzindən aydın olur ki, o sadəcə qadını ovundurmaq üçün onunla bir ağrını belə çəkdiyini deyib.
   Söhbətlər sakit axarda gedir. Heç bir partlayışa səbəb olmur. Hətta kişinin gizlətdiyi bu şirin yalan belə elə açılır ki, yanan odun üzərinə su tökən kimi.
   
   Altıncı rəng: “Yağışlı gecələr”
   
   Bu pyesdə hadisə baş versə də konflikt səviyyəsinə gəlmir. Tərəflərdən biri məlum olsa da, digər tərəf qaranlıq olaraq qalır. Onların açıq mübarizəsini tamaşaçı izləyə bilmir. Digər pyeslərdən fərqli olaraq materialist mövqedə olsa da hadisələr başlamadan bitir.
   Adəmin arvadı, yəni mərhumənin qızı oğurlanıb və külli miqdarda pul istənilir. Yas mərasimi təsvir edilir. Lakin dialoqlar heç bir hadisə yaratmır və heç bir hadisənin fonunda baş vermir. Hamı sadəcə xilaskarı - Ərgülü gözləyir. Sonda Ərgül gəlib vəziyyətdən hali olur və iki-üç saatdan sonra Adəmi arvadına qovuşdurur.
   Adəmlə Ərgül arasında qapı arxasında baş verən söhbətdənsə biz heç nə eşitmirik.
   
   Yeddinci rəng: “Elə bil qorxa-qorxa”
   
   Ağ və Qara kölgə çağırışa gedən ruhu yola salır. Öz oğlunun çağırışına gələn Ruh - cəllad Məmmədqulu başına gələnləri nəql edir. Bu hadisələrdə heç kimi günahkar bilmir. Vaxtı ilə aldığı qisasları belə əbəs sayır. Bununla da özünə günah yığdığını, başına gələn hadisələrin səbəbkarı olduğunu bildirir. Atası Səyyahın ondan qisas istəməsi, qarı nənənin Karvanbaşından qisas istəməsi mənə nədənsə “Hamlet” əsərini xatırlatdı. Sonda oğlu Allahverdinin belə qarı nənənin ahına tuş gəlməsi Cəllad Məmmədqulunun son günahının yerdə qalması ilə nəticələnir.
   
   Günay Baxışova