2024-2025-ci illərdə UNESCO-nun yubileylər proqramı çərçivəsində Azərbaycanın görkəmli şəxsiyyəti, memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi və Mahmud Kaşğarinin “Divani-lüğəti-türk” əsərinin 950 illiyi qeyd ediləcək.
Bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından bildirilib.
Hər iki yubileylə bağlı qərar UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında (7-22 noyabr) qəbul olunub.
UNESCO 1956-cı ildən etibarən görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileylərini qeyd edir. Ötən illərdə Azərbaycandan İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, Seyid Yəhya Bakuvi, Yusif Məmmədəliyev, Mir Cəlal Paşayev, Səttar Bəhlulzadə və başqa şəxsiyyətlərin, “Kitabi-Dədə Qorqud” dastanının, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası və “Arşın mal alan” operettasının yubileyləri, mədəni irsimizlə bağlı digər əlamətdar ildönümləri UNESCO səviyyəsində qeyd edilib.
Yubileylər proqramı çərçivəsində keçirilən tədbirlər ölkəmizin zəngin mədəniyyətinin dünyada daha da tanınmasına, Azərbaycanın görkəmli şəxsiyyətləri və əlamətdar hadisələri barədə geniş auditoriyaya məlumatın çatdırılmasına imkan yaradır.