Azərbaycan
29 noyabr 1920 – Əməkdar rəssam Güllü Hacağa qızı Mustafayeva (1920-1993) Türkmənistanın Cərco şəhərində anadan olub. Əsərləri: “Leyli və Məcnun məktəbdə”, “Şairə Məhsətinin portreti” və s. Yaradıcılığında uşaq portretləri xüsusi silsilə təşkil edir.
29 noyabr 1928 – Azərbaycanın, SSRİ-nin və Rusiya Federasiyasının Xalq rəssamı Tahir Teymur oğlu Salahov (1928 – 21.5.2021) Bakıda doğulub. SSRİ Dövlət mükafatına, Azərbaycanın və Rusiyanın Dövlət mükafatlarına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Moskva Rəssamlıq Akademiyasının professoru olub. Məşhur əsərləri: “Bəstəkar Qara Qarayevin portreti”, “Təmirçilər”, “Səhər eşelonu” və s. Azərbaycanın ən ali təltifi olan “Heydər Əliyev” ordeninə (2008) layiq görülüb.
29 noyabr 1994 – Əməkdar incəsənət xadimi, rəssam Kamal Əhməd oğlu Əhmədov (28.2.1940 – 1994) vəfat edib.
29 noyabr 2009 – Əməkdar artist Firdovsi Qiyas oğlu Naibov (22.4.1935 – 2009) vəfat edib. Akademik Milli Dram, Gənc Tamaşaçılar teatrlarının aktyor olub.
29 noyabr 2010 – Xalq artisti, diktor Fatma Ağacabbar qızı Cabbarova (7.11.1920 – 2010) vəfat edib. Azərbaycanın ilk radio diktorlarından olub.
30 noyabr 1934 – Şair, tərcüməçi İlyas Oruc oğlu Tapdıq (1934 – 25.12.2016) Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub. “Meşənin mahnısı”, “Qızlar və qağayılar”, ”Məhəbbət yolları” və s. kitabların müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.
30 noyabr 1950 – Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti günləri (dekadası) başlanıb. Dekabrın 9-dək davam edib.
30 noyabr 1973 – Əməkdar artist Cabbar Əli oğlu Əliyev (15.1.1904 – 1973) vəfat edib. Akademik Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.
30 noyabr 1973 – Əməkdar incəsənət xadimi, rəssam İzzət Əli qızı Seyidova (20.10.1910 – 1973) vəfat edib. İlk azərbaycanlı qadın teatr rəssamlarından olub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.
30 noyabr 2012 – Əməkdar artist, skripkaçı, pedaqoq Tahir İsrafil oğlu Atakişiyev (21.8.1927 – 2012) vəfat edib.
1 dekabr 1940 – Teatr xadimi, dramaturq, aktyor, Əməkdar artist Mirmahmud Mirələkbər oğlu Kazımovski (1882-1940) vəfat edib. Kiçik pyes, vodevil və musiqili komediyalar yazıb. “Bakılılar” (1938), “Kəndlilər” (1939) filmlərində çəkilib.
1 dekabr 1940 – Nasir, publisist, tərcüməçi Rafiq Savalan (Rafiq İmanqulu oğlu Ağayev; 1940 – 29.10.2023) Bakıda anadan olub. Azərbaycan Televiziyası və Radiosunda işləyib. Rus ədəbiyyatından tərcümələr edib.
1 dekabr 1981 – Bakıda görkəmli aktyor, rejissor Hüseyn Ərəblinskinin 100 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mərasimdə iştirak edib.
1 dekabr 2004 – Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 14.10.1933 – 2004) vəfat edib. Kitabları: “Qayalara yazılan səs”, “Yolayrıcında söhbət” və s. Rus dilindən ədəbi tərcümələr edib. Azərbaycanın “İstiqlal” ordeninə layiq görülmüş (1995) ilk şairlərdən biridir.
1 dekabr 2015 – UNESCO Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında (Vindhuk, Namibiya) Azərbaycan tərəfindən təqdim olunan “Lahıc misgərlik sənəti” nominasiyası Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.
1 dekabr 2016 – Şəki şəhərində “Şəki – Türk dünyasının mədəniyyət paytaxtı – 2016” ilinin bağlanış mərasimi keçirilib. TÜRKSOY-un “Mədəniyyət paytaxtı” layihəsində estafeti Qazaxıstanın Türkistan şəhəri qəbul edib.
Dünya
29 noyabr 1906 – Məşhur kinooperator, sənədli filmlər rejissoru, SSRİ Xalq artisti Roman Lazareviç Karmen (1906–1978) Odessada anadan olub. “Xəzər neftçiləri haqqında povest” sənədli filminə görə “Azərbaycanın Əməkdar incəsənət xadimi” adına layiq görülüb.
30 noyabr 1667 – İngilis (irland) yazıçısı, “Qulliverin səyahəti” əsərinin müəllifi Conatan Svift (Jonathan Swift; 1667–1745) anadan olub.
30 noyabr 1817 – Alman filoloqu və tarixçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1902, “Roma tarixi” əsərinə görə) laureatı Teodor Momzen (Theodor Mommsen; 1817–1903) anadan olub.
30 noyabr 1835 – Amerika yazıçısı Mark Tven (Mark Twain – əsl adı Samuel Langhorne Clemens; 1835–1910) anadan olub. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. romanların müəllifidir.
1 dekabr 1940 – Amerikalı komediya aktyoru, ssenarist Riçard Prayor (Richard Pryor; 1940-2005) anadan olub.
Hazırladı: V.Orxan