Qahirə Opera Evində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş klassik musiqi konserti keçirilib.
Misirdəki səfirliyimiz, Misirin Mədəniyyət Nazirliyi və Qahirə Opera Evi tərəfindən təşkil edilən konsertdən əvvəl Azərbaycan səfiri Elxan Poluxov çıxış edərək Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, ölkəmizin ərəb dövlətləri ilə əlaqələrin inkişafına verdiyi töhfələrdən bəhs edib. Qeyd edib ki, Heydər Əliyev Azərbaycanın Misirlə əməkdaşlığına da xüsusi diqqət yetirirdi.
Misirin dövlət və hökumət nümayəndələri, tanınmış incəsənət xadimləri də konsertə gələnlər arasında olublar. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Misirin görkəmli musiqiçisi Əhməd əl-Səidin bədii rəhbəri olduğu Qahirə Simfonik Orkestri və Xor Kapellası Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” və “Fortepiano və orkestr üçün ərəb mövzularında konsert”, Qara Qarayevin “Adajio” və “Yeddi gözəl” baletindən rəqs, Soltan Hacıbəyovun “Karvan”, Niyazinin “Konsert valsı”, Tofiq Bakıxanovun “Xeyir və Şər” baletindən valsı ifa ediblər. Pianoda solist qismində Xalq artisti Yeganə Axundova çıxış edib.
Tədbir çərçivəsində Qahirə Opera Teatrının foyesində səfirliyimizin təşəbbüsü və dəstəyi ilə yeni işıq üzü görən nəşr – misirli jurnalist, Asiya ölkələri üzrə tədqiqatçı Əhməd Tarabek tərəfindən qələmə alınmış “Heydər Əliyevin düşüncələrində Ərəb və İslam aləmi” kitabı təqdim edilib.
Maraqla qarşılanan konsert yerli mətbuat orqanları tərəfindən işıqlandırılıb.