Azərbaycan səhnəsinin ilk aktrisalarından olan görkəmli opera müğənnisi Fatma Muxtarova çox mürəkkəb bir ömür və sənət yolu keçib. Parlaq istedadı, ecazkar və şaqraq səsi (metso-soprano) ilə dövrünün qaranlıq düşüncəsi üzərində qələbə qazanan sənət fədaisi ağır məhrumiyyətlərə dözməli olub.
Unudulmaz sənətkarı anadan olmasının 130 illiyi münasibətilə xatırladıq.
Öncə qeyd edək ki, Azərbaycan Dövlət Teatr Muzeyində Fatma Muxtarova haqqında müxtəlif vaxtlarda mətbuatda dərc edilən xeyli material var. Onlardan biri də görkəmli bəstəkar Əfrasiyab Bədəlbəylinin “Mahir opera müğənnisi” adlı məqaləsidir. Bu materiallarda aktrisanın ömür və sənət yolu haqqında əhəmiyyətli bilgilər verilir.
Fatma Səttar qızı Muxtarova 26 mart 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olub. O, gənc ikən valideynləri Rusiyaya köçür. Əvvəlcə Rostovda, bir neçə ildən sonra Sankt-Peterburqda məskunlaşırlar. Lakin çox keçmir, ailə ağır məhrumiyyətlərlə üzləşir. Fatmanın atası vaxtsız vəfat edir. Qərib diyarda heç bir yaxın qohumu, simsarı olmayan ailə köməksiz qalır. Gözəl və şirin səsli, rus dilində sərbəst danışmağı bacaran Fatma bir parça çörək üçün ağır zəhmətlərə qatlaşır. Əvvəlcə şarmanka çalıb-oxuyur, sonralar ifaçılığını qarmonun müşayiəti ilə davam etdirir. “Katya” təxəllüsü ilə tanınan Fatma, çox keçmir, rus meydan teatrının təmsilçilərinə qoşulur. Bir müddət küçə oyunbazları ilə şəhərləri gəzir.
Günlərin birində xalq teatrı truppasının tərkibində Saratov şəhərinə gəlir. İstedadlı müğənnini təsadüfən “Saratovskaya vedomosti” qəzetinin redaktoru A.Arxangelski də dinləyir. Bu qarabəniz, gözləri nur saçan qızın məlahətli, ecazkar ifasına heyran olur. Redaktor elə həmin gün bu barədə Saratov Konservatoriyasının professoru M.Medvedyevə danışır. Bu iki ziyalının xeyirxahlığı sayəsində o, ciddi sənət aləminə qovuşur...
Rusiyada vətəndaş müharibəsi illərində Fatma Muxtarova təbliğat-konsert briqadalarının tərkibində konsertlərdə çıxış edir. 1920-ci ildən başlayaraq Kazan, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa və Tiflisdə opera tamaşalarında oxuyur. Avropa və rus klassik sənətkarlarının əsərlərinin füsunkar ifaçısı kimi şöhrət tapır. Bu səbəbdən də tez-tez bir teatrdan başqa bir sənət ocağına dəvətlər alır. Ancaq Fatma Azərbaycan teatr səhnəsində çıxış etmək arzusunda olur. Bu məqsədlə 1923-cü ildə Azərbaycan peşəkar teatrının 50 illiyi ilə bağlı bir təbrik məktubu göndərir: “Gənc Azərbaycan teatrına rus opera səhnəsindəki ilk müsəlman qadından salam! Azərbaycan opera səhnəsində də ilk müsəlman qadın olmaq arzusu ilə yaşayıram”.
O, 1923-cü ildə Bakıya gəlir. İlk çıxışı da C.Bizenin “Karmen” operasında olur. Tamaşa boyu sürəkli alqışlarla qarşılanır. Həmin vaxt Bakıda olan tanınmış rus rəssam İ.Brodski də “Karmen”i izləyənlər arasında idi. Baş qəhrəmanı canlandıran Fatma xanım elə bir səhnə məharəti ortaya qoyur ki, rus rəssam sənətçini dünyanın ən gözəl Karmeni adlandırır.
1928-ci ildə F.Muxtarova daimi yaşamaq üçün Bakıya köçür. Azərbaycan opera səhnəsində bir-birindən maraqlı obrazlar qalereyası yaradır. Sənətin kamillik zirvəsinə çatan, vokal ifaçılığının ən zərif və emosional incəliklərini mənimsəyən aktrisa 1953-cü ilə qədər Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərir.
Sənətşünaslar onun yaradıcılığından bəhs edərkən əsas partiyaları arasında daha çox Marfa və Marina (“Xovanşina” – Modest Musorqski), Lyubaşa, Bahar (“Çar gəlini”, “Qar qız” – Nikolay Rimski-Korsakov), Amneris, Auzçena, Madalena (“Aida”, “Trubadur” və “Riqoletto” – Cüzeppe Verdi), Dalila (“Samson və Dalila” – Kamal Sen Sans), Əzra (“Nizami” – Əfrasiyab Bədəlbəyli) obrazlarının üzərində dayanırlar. Ancaq onun yaradıcılığının zirvəsi, sözsüz ki, Karmen partiyası olub. Bu partiyanı həm Azərbaycan, həm də rus dillərində bənzərsiz tərzdə oxuyub.
Araşdırmalarda qeyd edilir ki, F.Muxtarova 1946-cı ildə Opera və Balet Teatrında “Karmen”i Azərbaycan dilində (tərcümə – Nigar Rəfibəyli) oxuyur. Tamaşanı izləyən Qara Qarayev aktrisanın vokal və səhnə ustalığını yüksək qiymətləndirir.
F.Muxtarova solist kimi dünyanın bir sıra konsert salonlarında möhtəşəm çıxışlar edib. Tiflis səhnəsində qazandığı nailiyyətlərə, milli opera sənətimizin inkişafındakı böyük xidmətlərinə görə 1936-cı ildə “Gürcüstanın Əməkdar artisti”, 1940-cı ildə isə “Azərbaycanın Xalq artisti” fəxri adlarına layiq görülüb.
Sənətkar 19 oktyabr 1972-ci ildə Bakıda vəfat edib.
S.Fərəcov