Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1998-ci il 15 oktyabr
Prezident Heydər Əliyev məşhur Rusiya rəssamı Nikas Safronovu qəbul edib. Rəssam Naxçıvana səfəri zamanı çəkdiyi əsərlərdən birini – “İlanlı dağ” tablosunu Heydər Əliyevə təqdim edib.
1998-ci il 6 noyabr
Respublika Sarayında Rusiyanın Xalq artisti İqor Moiseyevin rəhbərliyi ilə Rusiya Dövlət Akademik Xalq Rəqsləri Ansamblının konsertindən sonra kollektivlə görüşüb.
1998-ci il 15 noyabr
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Sevil” operasının yeni quruluşda ilk tamaşasına baxdıqdan sonra yaradıcı kollektivlə görüşüb.
“...“Sevil” operası Opera və Balet Teatrının səhnəsində çoxdan göstərilmir... Ona görə də əsərin yenidən canlanması, səhnəyə gəlməsi Azərbaycanın mədəni həyatında mühüm hadisədir...
45 il öncə “Sevil” operası yarananda da mən onun ilk tamaşasında olmuşam... Xatırlayıram, yaradıcı kollektivi, Fikrət Əmirovu həmin bu salon çox böyük ehtiramla qarşıladı. O vaxt Rəşid Behbudov ilk dəfə idi ki, operada çıxış edirdi. Hamı düşünürdü ki, estrada artisti operada necə çıxış edəcək? Amma çox gözəl oxudu. Firəngiz Əhmədova o vaxt opera artisti kimi məlum idi. O da, başqaları da öz rollarını çox gözəl ifa etdilər...
Deyirlər ki, əsər 20 ildir səhnədə olmayıbdır. İndi siz bunu yaratmısınız, çox da gözəl yaratmısınız. 45 il bundan öncə gördüyümü də unutmamışam. O da gözəl idi, bu da gözəldir... Hərə öz əməyini sərf edibdir, rejissor (Hafiz Quliyev – red.) da öz işinin öhdəsindən yaxşı gəlibdir. Mənə dedilər ki, tamaşanın ümumi musiqi rəhbəri Fərhad Bədəlbəylidir. Dekorasiyalar da çox gözəldir. Teatrda belə dekorasiyalardan çoxdan idi ki, uzaqlaşmışdıq. Bir vaxt dedilər ki, eləcə səhnə boş olsun və ifaçılar tamaşanı göstərsinlər. Amma indi gözəl dekorasiyalardan istifadə olunur, rəssamın (Tahir Tahirov – red.) da işi yaxşıdır. Əsərin əsasını təşkil edən, şübhəsiz ki, musiqidir. Orkestr çox gözəl çaldı. Dirijor (Cavanşir Cəfərov – red.) da yaxşı idarə edirdi. Amma bunların hamısını səhnədə göstərən, söz yox ki, siz ifaçılarsınız...
Mən sənətşünas deyiləm və bu vəzifəni də öz üzərimə götürmək istəmirəm. Ancaq hesab edirəm ki, Fikrət Əmirov “Sevil” operası ilə yaradıcılığının ən yüksək zirvəsinə qalxmışdır. Çünki bu əsər həm müasir həyatımızın mövzusu, həm də milli musiqimizin üzərində qurulmuşdur. Operanın ən dəyərli cəhəti də bundan ibarətdir...”.
1998-ci il 21 noyabr
Xalq artisti, kinorejissor Rasim Ocaqovu 65 illiyi, Xalq artisti, aktyor Həsən Məmmədovu 60 illiyi münasibətilə təbrik edib.
1998-ci il 28 noyabr
Dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovu 70 illik yubileyi münasibətilə təbrik edib.
1998-ci il 30 noyabr
Əlillərin ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi qaliblərinin Akademik Opera və Balet Teatrında keçirilən yekun konsertindən sonra tədbir iştirakçıları qarşısında çıxış edib.
“...Bu gün təqdim olunan incəsənət nümunələri bizi həddindən artıq sevindirdi, heyran etdi... Bizi sevindirən odur ki, fiziki cəhətdən çatışmazlığı olan insanlar nikbin yaşayırlar və öz iradələrinə söykənərək istedadlarını inkişaf etdirirlər... Bu, insanın nə qədər yüksək mənəviyyata, nə qədər yüksək iradəyə malik olduğunu bir daha göstərir... Azərbaycan dövləti bu insanlara bundan sonra da qayğı göstərəcək...”.
1998-ci il 4 dekabr
Musiqili Komediya Teatrında (indiki Akademik Musiqili Teatr) Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının yeni quruluşda tamaşasına baxdıqdan sonra yaradıcı kollektivlə görüşüb.
“...Mən bu tamaşanı Azərbaycan teatrında 40-50 il bundan öncə də görmüşəm. Sonra bunu bizim böyük rejissorumuz Hüseyn Seyidzadə filmə çəkdi. O film göstəriləndə mən böyük həvəslə baxıram. Çox gözəl bir filmdir...
Siz bu əsərə yenidən səhnə həyatı verdiniz. Quruluşçu rejissor Cənnət xanımı (Səlimova – red.) təbrik edirəm ki, belə gözəl quruluş yaradıbdır. Rəssam İsmayıl Məmmədovu təbrik edirəm, çünki tamaşada çox gözəl dekorasiyalar vardır. Hamınızın adınızı demək mənim üçün çətin olacaqdır, amma gərək Hacıbabanın, Afaq xanımın adlarını çəkəm. Bağışlasınlar, başqalarının adlarını bilmirəm. Hamınız rolları çox gözəl ifa edirdiniz.
Ancaq mən burada tamaşanın əvvəlindən indiyə qədər bu əsər haqqında düşünürəm. Şübhəsiz ki, birinci növbədə, bizim dahi bəstəkarımız Üzeyir Hacıbəyov haqqında düşünürəm. Məsələn, biz adətən öyrənmişik və deyirik ki, “Koroğlu” operası Üzeyir Hacıbəyovun şah əsəridir... Ancaq gəlin baxaq görək, Üzeyir Hacıbəyovun hansı əsəri şah əsər deyildir? Bunu bir-birindən seçmək mümkün deyildir. Çünki hərəsinin özünəməxsus yeri, məzmunu və mənası vardır... Biz Üzeyir Hacıbəyova adətən deyirik ki, bəstəkardır, musiqi yazandır. Ancaq Üzeyir Hacıbəyov bu əsərləri birinci növbədə, dramaturq kimi yaradıbdır. Yəni bu əsərin məzmununu, personajları yaradıbdır, hər birinin xüsusiyyətlərini yaradıbdır...
Biz hamımız Mirzə Fətəli Axundova, Nəcəf bəy Vəzirova minnətdar olmalıyıq ki, 125 il bundan öncə Azərbaycanda dünyəvi teatr yaradıblar. Üzeyir Hacıbəyova və bizim başqa dahi şəxsiyyətlərimizə minnətdar olmalıyıq ki, onlar belə gözəl, əbədi yaşayan əsərlər yaradıblar. Sizə də minnətdarıq ki, siz Azərbaycanda XX əsrin sonunda teatr sənətini inkişaf etdirirsiniz...”.
Hazırladı: V.Orxan