Sankt-Peterburq Mariinski Teatrının bədii rəhbəri, məşhur dirijor Valeri Qerqiyev dekabrın 1-də Rusiya Böyük Teatrının baş direktoru təyin olunub.
Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin onun beş il müddətinə bu vəzifəyə təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Valeri Qerqiyev bu vəzifədə 10 il (iki müddət) çalışmış Vladimir Urini əvəz edib.
Milliyətcə osetin olan V.Qerqiyev 1953-cü ildə Moskvada anadan olub, N.A.Rimski-Korsakov adına Leninqrad Konservatoriyasını (indiki Sankt-Peterburq Dövlət Konservatoriyası) bitirib. 1977-ci ildə Leninqrad Dövlət Akademik Opera və Balet Teatrında (indiki Dövlət Akademik Mariinski Teatrı) işə başlayıb. 1988-ci ildən teatrın baş dirijoru və opera truppasının bədii rəhbəri vəzifələrində çalışıb. Rusiyanın Xalq artistidir. V.Qerqiyev hər il Rusiyada və xarici ölkələrdə 300 tamaşa və konsert hazırlayır.