Antalya teatrının “Gecikənlər”i Bakı səhnəsində

 

Çətindir. Həm də dözülməz. Əlin hər şeydən üzülüb və sən ən doğmalarını itirib özünlə təkbaşına hesab çürüdürsən. Nə dava eləməyə, nə hesab soruşmağa, nə də edib-etmədiyin yanlışlarına görə üzr istəyəcək kimsən qalıb. Sən hamı və hər şey üçün gecikmisən...

Dekabrın 4-də Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə gerçəkləşən “Qonaq teatr” layihəsi çərçivəsində Antalya Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrı Pərvin Ünalpın “Gecikənlər” (“Gec kalanlar”) tamaşasını təqdim etdi. ATXİ-nin səhnəsində təqdim olunan tamaşaya Əməkdar artist Nofəl Vəliyev quruluş verib.

Nümayişdən əvvəl çıxış edən Xalq artisti, ATXİ-nin sədr əvəzi Hacı İsmayılov qonaq kollektivi salamlayaraq onları Bakıda görməkdən məmnunluğunu bildirdi. Dedi ki, iki qardaş ölkə arasındakı teatr sahəsində əlaqələr intensiv xarakter alıb. Azərbaycanlı rejissorlar Türkiyənin teatrlarında mütəmadi tamaşalar hazırlayırlar. Eyni zamanda Azərbaycan teatrlarının Türkiyəyə qastrol səfərləri təşkil olunur.

Sonra Antalya teatrının təqdimatında iki ruh – ana və oğul ilə iki canlı – bacı və qardaşın həyatla ölüm, xəyalla gerçəklik arasındakı var-gəlinə tamaşa etdik.

Avtomobil qəzasında ölən ərinin itkisi ilə barışmayıb gününü onunla ruh bağlantısında keçirən, çox sevdiyi arvadını öldükdən sonra da “tərk etməyən” gənc kişinin kədəri bütün tamaşa boyu izləyicini qarabaqara izləyir və “Mən gecikdim, yanlışlıqlara yol verdim, hissə qapıldım. Çalış, sən belə etmə” deyə pıçıldayır...

Alqışlarla qarşılanan tamaşadan sonra Antalya Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrı Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə görə və yaranmasının 40 illik yubileyi münasibətilə ATXİ-nin fəxri fərmanı ilə mükafatlandırıldı. Həmçinin teatrın yaradıcı heyətindən Mehmet Özgür, Hasibe Aygül Özgür, Sencan Köymen, Safinaz Özgür, Anıl Şereflioğlu, Selim Turqay Deli, Seyfi Albayrak, eləcə də tamaşanın rejissoru Əməkdar artist Nofəl Vəliyev fəxri fərmanla təltif olundular.

Həmidə