55 irs elementi arasında Azərbaycanla bağlı 4 nominasiya da var
Dekabrın 4-də Botsvananın Kasane şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyası işə başlayıb.
Sessiyada Mədəniyyət Nazirliyi, UNESCO üzrə Azərbaycan Milli Komissiyası və UNESCO yanında daimi nümayəndəliyimizin təmsilçilərindən ibarət heyət iştirak edir.
Dekabrın 9-dək davam edəcək sessiyada 72 iştirakçı dövlət tərəfindən təqdim edilmiş 55 yeni elementin UNESCO-nun qeyri-maddi mədəni irslə bağlı müvafiq siyahılarına salınmasına baxılacaq.
Onlardan 45-i Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına təqdim olunub. Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün 6 və Yaxşı Mühafizə Təcrübələri Reyestrinə seçilmək üçün isə 4 müraciət edilib.
Sessiyada Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ölkəmizin milli bəyanatını təqdim edib. O, qeyri-maddi mədəni irslə bağlı 2003-cü il Konvensiyasının ölkəmiz üçün əhəmiyyətindən, Azərbaycan hökuməti tərəfindən qeyri-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərdən danışıb.
Daimi nümayəndə Azərbaycanın otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış ərazilərindəki maddi və qeyri-maddi mədəni irs barədə də söz açıb. İşğal dövründə çoxsaylı qeyri-maddi mədəni irs, eləcə də ənənəvi incəsənət, sənətkarlıq nümunələrinin tamamilə məhv edildiyi, azərbaycanlıların öz doğma yurdlarından didərgin salındığını və qeyri-maddi mədəni irs hüquqlarının həyata keçirilməsindən məhrum olduqları diqqətə çatdırılıb.
Sessiyada Azərbaycanın iştirakı ilə hazırlanan 4 çoxmillətli nominasiyanın da Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi nəzərdən keçiriləcək.
Bunlar “Təzhib sənəti” (Azərbaycan, İran, Tacikistan, Türkiyə və Özbəkistan), “İftar və onunla bağlı sosial-mədəni ənənələr (Azərbaycan, İran, Türkiyə və Özbəkistan), “Sədəf sənəti”, eləcə də “Balaban sənətkarlığı və ifaçılıq sənəti” (Azərbaycan və Türkiyə) nominasiyalarıdır. Həmçinin Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alan Azərbaycanın “Yallı (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri” ilə bağlı növbəti dövri hesabatın qəbulu gözlənilir. Hökumətlərarası Komitənin 18-ci sessiyasında qeyri-maddi mədəni irslə bağlı UNESCO Konvensiyasının 20 illik yubileyi də qeyd ediləcək.
Komitə həmçinin Paraqvay və Zimbabve tərəfindən təqdim edilmiş beynəlxalq maliyyə yardımı üçün 2 sorğu ilə bağlı qərar verəcək və əvvəllər sadalanan elementlərin statusu ilə bağlı bir sıra hesabatları araşdıracaq.