Xəbər verdiyimiz kimi, 4-9 noyabr tarixlərində Botsvananın Kasane şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyası keçirilir.
Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi sessiyada təşkilatın qeyri-maddi mədəni irs üzrə müvafiq siyahılarına təqdim edilən yeni elementlər də nəzərdən keçirilir.
Dekabrın 6-da Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.
Reprezentativ siyahıya salınan nominasiyalardan ikisi Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi "Balaban sənətkarlığı və ifaçılıq sənəti" və "Sədəf sənətkarlığı", digər ikisi isə "Təzhib sənəti" (Azərbaycan, İran, Tacikistan, Türkiyə, Özbəkistan), "İftar və onunla bağlı sosial-mədəni ənənələr" (Azərbaycan, İran, Türkiyə, Özbəkistan) çoxmillətli fayllarıdır.
UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün meyarlara dair müsbət rəy alan nominasiya fayllarına dair müvafiq qərar elan edilib.
Sessiyada çıxış edən ölkəmizin UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev Azərbaycan Respublikası adından UNESCO Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə xalqımızın mədəni dəyər nümunələrini dəstəklədiklərinə görə təşəkkür edib. Daimi nümayəndə eyni zamanda faylların hazırlanmasında iştirak edən ölkələrə də öz minnətdarlığını bildirib.
Qeyd edək ki, adıçəkilən nominasiya faylları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə AR Milli Komissiyası eləcə də qeyd olunan xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıqda ərsəyə gətirilib.
Bununla UNESCO siyahılarında Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı elementlərin sayı 23-ə çatıb. Onlardan 21-i Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısında, 2-si isə Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısındadır.