Fuad Axundov: “Hər hansı bina nə qədər gözəl olsa da, məni o binalarda yaşamış və ya yaşayan insanların taleləri daha çox maraqlandırır”

 

İçindən gələn çağırışın ardınca getmək, nüfuz, mənafe, mövqe, dəb anlamlarına heç bir önəm vermədən daha yaxşı bacardığın, özünü ən dolğun məzmunda ifadə etdiyin və nəhayət, başqalarının deyil, məhz özünün zəruri saydığın işlə məşğul olmaq hər kəsə nəsib olan daxili azadlıq təntənəsi deyil. Fuad Axundova bu, nəsib olub. Onun “Bakı sirləri”, “Əsrlər, nəsillər” kimi telelayihələri tarixi yaddaşın korşalmasının qarşısını alan, vətənpərvərlik duyğularına yeni nəfəs gətirməklə yanaşı, televiziya estetikamızda da fərqli bir səhifə yazmağa başladı. Fuad müəllimlə bu səhifənin yazılmasını şərtləndirən dönəmlərdən danışdıq.

 

Ərəbşünas

 

– Təlim-tərbiyəsində vətəndaşlıq, vətənpərvərlik duyğusu olan hər kəs yaşadığı məkanı sevir. Bu sevgini başqaları ilə bölüşmək kimi fəaliyyətinizin tarixçəsini bilmək maraqlıdır.

– Əslində mən şəhərin mərkəzində böyüməmişəm. Uşaqlığım indiki Mirəli Qaşqay, o vaxtkı Solntsev küçəsində keçib. Bakının tarixinə vurğunluq hissi isə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin birinci kursunda oxuyanda başladı. Mən universitetə qəbul olanda fakültə BDU-nun indiki binasında deyil, əvvəlki binada, Əlyazmalar İnstitutunun, keçmişdə Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbi olmuş binada yerləşirdi. O binanın energetikası, inşa edilmə tarixinin aurası elə güclü idi ki, artıq 1980-ci illərin ortaları, qarışıq bir dövr olduğu üçün isitmə sisteminin işləməməsi belə kəskin hiss olunmurdu. Düzdür, dərslərdə üst geyimində otururduq. Köhnə Bakıya vurğunluq, maraq, araşdırma həvəsi içimdə baş qaldırsa da, qadağalar buna imkan vermirdi. Birinci kursu bitirəndən sonra əsgərliyə getdim. 88-ci ildə əsgərlikdən qayıdanda Bakıda vəziyyət çox pis idi. O dərəcədə pis idi ki, bu, tədris prosesinə də təsir etmişdi. Ona görə hesab edirəm ki, dolğun təhsilim birinci kursla tamamlandı. Ərəb dili fakültəsində təhsil alsam da, birinci kursdan sonrakı tədrisin yarıtmaz olması, sonrakı dövrdə bu dili istifadə etməməyim səbəbindən ərəb dili mənimçün ölü doğulmuş uşaq kimidir.

Və məhz bu dövrdə məndə paytaxtımızın memarlıq ənənələrinə yaranan maraq və sevgi özünə bir cığır tapdı. İlk araşdırmalarım da onda başladı. Çünki qarışıq, ağır, depressiv dövr olmasına baxmayaraq, artıq qadağalar yox idi – binalara daxil olurdum, sakinlərlə görüşüb söhbət edirdim, bəxtim lap çox gətirəndə binanın keçmiş sahiblərinin varisləri ilə də ünsiyyət alınırdı. O adamlar sovet dövründə çox sıxışdırılmış vəziyyətdə yaşasalar da, ailəvi əşyaları, fotoları, ən əsası isə zadəgan nəslinə xas olan qürur hissini qoruyub-saxlamışdılar. Və bütün bunları mənimlə bölüşürdülər. Fotoları Dövlət Kino-Foto Arxivinə aparırdım, orda onların surətini çıxarıb fonda daxil edirdilər, orijinal nüsxələri isə gətirib sahiblərinə qaytarırdım. Arxivlər isə öz növbələrində mənə fondlarından istifadə etmək imkanı yaradırdı ki bu da gələcəkdə ekskursiyalarımın, tarixi-sənədli telelayihələrimin daha da məzmunlu olmasına imkan verdi. Mənim 750-dən çox fotodan ibarət şəxsi arxivim toplanıb, bu arxivdəki fotoların bir qismi arxivdən, bir qismi muzeylərdən, bir qismi isə tarixi şəxsiyyətlərimizin varislərindən əldə edilib. Hər hansı bina nə qədər gözəl olsa da, məni o binalarda yaşamış və ya yaşayan insanların taleləri daha çox maraqlandırır. O adamlarla görüşlərdən, söhbətlərdən sonra həmin bina sanki canlanırdı. Bina, binanın sahibi və sahibin timsalında dövr – tam mənzərə belədir.

 

Pedaqoq

 

– Qısa müddət pedaqoji fəaliyyətiniz də olub. Həmin dövr nə verdi sizə?

– Bu, təsadüfən alınmışdı. Əslində, mən bir müəlliməni axtarırdım ki, onun xələfləri haqqında məlumat toplayım. O da şəhərin mərkəzində yerləşən məktəblərdən birində işləyirdi, 189 nömrəli məktəbdə. Söhbət 1992-ci ildən gedir. O illəri xatırlayanlar məni yaxşı anlayarlar. Yadımdadır, məktəbdə işləməyə başlayanda mənə dedilər ki, elə et, şagirdlər sakit otursunlar. Mən də onlara Bakının memarlıq tarixi haqqında müxtəlif əhvalatlar danışmağa başladım. Bu əhvalatlar hansısa uzaq məmləkətə aid olmadığı, sinfin pəncərəsindən görünən şəhərlə bağlı olduğu üçün uşaqlarda maraq yaratdığını müşahidə etdim. Bu məni çox həvəsləndirdi. O vaxtdan uşaqlarla kiçik bir eksperiment keçirməyə başladım – onları şəhər gəzintilərinə çıxardım. Mənim sonralar başlayan və indiyə qədər davam edən ekskursiya fəaliyyətimin təkan qüvvəsi məhz məktəblilər olmuşdu. Hətta deyərdim ki, onlar bir növ sınaq modeli rolunu oynayırdılar – uşaqlara maraqlı olduğunu görəndə ekskursiyalarımın auditoriyasını genişləndirdim. Çünki, doğrudan da, uşaqların “biz bu şəhərdə doğulmuşuq, böyümüşük, amma bu  binalar, bu küçələr haqqında heç nə bilmirdik” kimi etirafları, doğma şəhərin küçələrini gəzdikcə gözlərinin açılması çox ruhlandırıcı idi. Buna görə ilk ekskursiyalarımı məhz onlar üçün təşkil etdim. İndi də olur belə ekskursiyalarım. İkinci ixtisasımın müəllimlik, rus dili və ədəbiyyatı müəllimi olmasına da, görünür, bu ünsiyyətin, bu təcrübənin təsiri olmuşdu.

 

İnterpol polkovnik-leytenantı

 

– Bir ərəbşünas və müəllimin İnterpolda fəaliyyətə başlaması necə baş verdi?

– Təsadüfən… Dediyim kimi, 90-cı illərdə pedaqoji fəaliyyət göstərirdim. Amma müəllimlərin maaşı o dövrdə az idi. Elə həmin illərdə Azərbaycan İnterpola üzv oldu. Mən də bu quruma cəlb olundum. Orada çox gözəl bir mühit var idi. 14 il İnterpol əməkdaşı kimi fəaliyyətdə oldum, 1993-cü ildən ta mühacirətə, 2007-ci ilə qədər. Polkovnik-leytenant rütbəsinə kimi yüksəldim. Rəhbərlik sarıdan bəxtim gətirdiyi üçün – indiyə qədər onlara minnətdaram – orada çalışa-çalışa ekskursiyalarıma da vaxt ayırırdım. Fəaliyyət sahələrim fərqli olsalar da, biri digərini istisna etmirdi. Bakının tarixi ilə bağlı araşdırmalar, ekskursiyalar mənə özümü ifadə etməkdən ötrü çox vacib idi. 2006-cı ildə bu özünüifadəm “Bakı sirləri” televiziya verilişinədək böyüdü.

Belə... Gördüyünüz kimi, mənim təhsilim, ixtisaslarım, çalışdığım və özümü ifadə etdiyim sahələr, yerlər tamamilə fərqlidir.

 

– İnterpolda çalışmağınız araşdırmalarınıza kömək etdimi?

– Xeyr, qətiyyən. Bu iki fəaliyyət sahələrini heç vaxt qarışdırmamışam bir-birinə. Hər biri müstəqil, paralel cığır olub. Eləcə də digər ixtisaslarım.

 

Dövlət idarəetmə mütəxəssisi

 

– Digər ixtisas dedikdə, yəqin ki, bir də Harvard Universitetindəki təhsilinizi nəzərdə tutursunuz…

– Bəli. İnterpolda işlədiyim dövrdə Harvard Universitetində dövlət idarəetmə ixtisası üzrə birillik təhsil dövrü də oldu. Amma bu mənə heç nə vermədi. Və problem qətiyyən Harvardda deyil, problem məndədir. O universitetə oxumağa gələnlər karyera planları ilə gəlirlər. Mənim belə bir planım yox idi – İnterpoldan Harvarda getdim, Harvarddan İnterpola qayıtdım. 20 il keçəndən sonra özümdən soruşuram ki, Harvard nə ilə yadımda qalıb? Xatirələrdən, assosiasiyalardan biri buz meydançasıdı, digəri avarçəkmə. Bundan ötrü Harvarda getməyə ehtiyac yox idi.

 

– “Dronqo” filmi çəkiləndə sizin baş rola namizədliyiniz nəzərdən keçirilməmişdi ki? Ümumiyyətlə, filmə çəkilmək təklifi almısınız?

– Yox, “Dronqo”ya çəkilmək təklifi almamışam. Çünki mən İnterpolda operativ əməliyyatçı deyildim. Filmə çəkilmək təklifinə gəldikdə, olub belə təkliflər. Amma bədii kino məni heç vaxt cəlb etməyib – bədii filmə ya gərək çox yüksək səviyyədə çəkiləsən, ya da heç çəkilməyəsən. Ona görə bədii kino mənumçün bir qədər sürüşkən müstəvidir ki, ora qədəm basmaq istəmirəm. Mən sənədli kinoda özümü görürəm. Sənədli kino mənimçün ağ-qara foto kimidir. Bədii kino isə sadəcə rəngli fotodur. Sənədli kinodan çox böyük həzz alıram. Təəssüf  ki, “Əsrlər, nəsillər” telelayihəsini davam etdirməyə sponsor yoxdur. Bu işi məmnuniyyətlə davam etdirərəm, çünki tarixi-sənədli kino yaradıcılığından çox böyük zövq alıram. Artıq neçə illərdir eyni rejissorla çalışıram: Mirsadıq Ağazadə. Amma biz ikimiz bir maşının iki çarxıyıq sanki. Təbii ki maşının hərəkətə gəlməsi üçün dörd çarx olmalıdır. Digər iki çarx prodüserlə sponsordur. Onlar da olanda fəaliyyətimizi davam etdirəcəyik. O filmlərin çəkiliş prosesləri son dərəcə maraqlı idi. Təbii ki, o filmlərin gəlir gətirmək mexanizmi olsaydı, belə bir fasilə yaranmazdı…

 

Mühacir

 

– Kanadaya mühacirət etməyinizin səbəbi nə idi?

– Mühacirətim Bakıda tüğyan edən tarixi binaların, memarlıq dəyəri olan tikililərin sökülmə, eroziyaya uğrama hallarına bir növ etiraz idi. Yüz il əvvəlki neft bumu dövründə inşa edilmiş memarlıq inciləri yüz il sonra yeni neft bumu dövründə dağıdılırdı.   Şükürlər olsun ki, tarixi binaların kütləvi sökülməsi halları xeyli səngiyib. Amma yenə də bunun institusional mexanizmi tapılmalı və çox ciddi diqqət ayrılmalıdır bu məsələyə. Əlbəttə, müasir memarlığı inkar etmək mümkün deyil. Köhnədən imtina da qaçılmazdır. Amma bunun münbit məcrası tapılmalıdır. Heç nə kor-koranə olmamalıdır. Konkret məkanın xüsusiyyətləri, tarixilik mütləq nəzərə alınmalıdır. Tarixi binanı söküb yerində “göydələn” tikmək mənim dünyagörüşümə, mənim məntiqimə sığmır. Yeri gəlmişkən, Torontoda köhnə binaların fasadını qoruyub-saxlayaraq yerində yeni bina inşa edirlər. Bu təcrübə bir çox ölkələrdə çoxdan tətbiq olunur. Bizdə nədənsə yerlə yeksan etməyə meyillidirlər.

 

– Ekskursiya və görüşləriniz haqqındakı xəbərlərdən belə bəlli olur ki, siz daha çox Bakıda olursunuz, nəinki Kanadada...

– Son illər, bəli. Mən özümü Azərbaycanda, vətənimdə rahat hiss edirəm. Burda dolanışığımı qurmaq mənimçün sadəcə, maddi ehtiyaclarımı ödəmək anlamına gəlmir. Ən əsası, mən televiziya verilişlərindən, ekskursiyalardan, araşdırmalardan hədsiz zövq alıram. Özümü realizə imkanı tapıram. Mən Kanadaya isinişə bilməməyimi deyəndə bəziləri məni köhnə rus təbliğatçılarının düşüncələrinə qapılmaqda qınayırlar...

 

– Bu yadlıq hissi başqa bir ölkəyə mühacirət etsəydiniz də sizinlə olacaqdı, necə düşünürsüz?

– Yəqin ki… İstənilən liberal-demokrat cəmiyyət mənə yad olaraq qala bilər. Halbuki bu cür cəmiyyət çox rahat cəmiyyətdir. Yenə də deyirəm: problem Kanadada deyil. Problem məndədir. Bu qavrayışım yanlış da ola bilər. Kanadadakı multikulturalizmin kökü yoxdur. Çünki mühacirlər cəmiyyətidir. Mən də görünür vasvası “bitki”yəm, hər torpaqda “kök ata” bilmirəm.

 

Vətən sevdalısı

 

– Əlbəttə, insan üçün münbitlik anlayışı daha dərin bir hissdir.

– Bəli. Abşeron torpağı nə qədər şoran olsa da, mən burda “kök atıb böyüyə bilən ağaclar”danam. Bakıda hansısa tarixi binanın sökülmə təhlükəsi ilə üz-üzə qaldığını görəndə gecələr gözümə yuxu getmir. Məsələn, ən sonuncu belə hal Bayılda 1906-cı ildə “Xalq evi” kimi inşa edilmiş binanın şəxsi mülkiyyətə keçəndən sonra yer üzündən silinməsi təhlükəsi idi. Bütün bunlar o demək deyil ki, mən böyük bir vətənpərvərəm. Sadəcə, çox istəyirəm ki, Azərbaycan dövlətçiliyi günü-gündən möhkəmlənsin ki, özünü məhz burda realizə etmək istəyən vətəndaşlarının münbit atmosferi olsun. İnsan kədərinə kədərlənməyi, sevincinə sevinməyi bacardığı yerdə yaşamalıdır. Arzuladığımız, xəyallarımızda canlandırdığımız Zəfəri 30 ildən sonra əldə etməyimiz, sözsüz ki, qarşımızda yeni imkanlar açır. Ümid edirəm ki, bu imkanlardan düzgün istifadə edəcəyik.

Dostlarımdan biri memar Elçin Əliyev memarlıq abidələrinin və tarixi küçələrin bərpası ilə məşğuldur. Bu, son dərəcə gərəkli bir fəaliyyətdir. Etiraf edək ki, bizdə bərpa mədəniyyəti aşağı səviyyədədir. Bizdə bərpa adı ilə “yevroremont” aparırlar. Halbuki bərpa ilə zövqlü mütəxəssislər məşğul olmalıdırlar. Təqdirəlayiq təşəbbüslərdən biri də gənclərin qədim binaların giriş qapılarını bərpa etməsidir...

 

– Belə təşəbbüslər binaların giriş meydançalarının bərpası ilə başlamışdı...

– Bəli. Bilirsiniz, dövlətin mühafizəsindən çıxmış hər hansı tarixi binanın hüquqi sahibinə çevrilib o binanı sökmək və ya görünüşündə radikal dəyişiklik etmək o binanın sahibinin vicdanına, vətəndaşlıq hissinə, dünyagörüşünün genişliyinə bağlı bir məsələdir. Binanı sökməklə, yaxud dəyişdirməklə o, qanunsuz bir iş tutmaqda təqsirləndirilməyə də bilər. Amma halal-haram tərəzisində onun tutduğu iş haramdır. Tarixi, memarlıq cəhətdən dəyəri olan tikilini nəinki sökmək, fasadında dəyişiklik də etmək olmaz, hətta həmin binanın yaxınlığında inşa edilən bina o binanın memarlıq üslubundan da fərqlənməməlidir. Söhbət təkcə binanı sökülməkdən xilas etməkdən getmir. Söhbət mühitin mühafizəsindən gedir.

 

– Bakı tarixçələrində sizi ən çox təəccübləndirən, təsirləndirən nə olub?

– Ailə tarixçələri. Amma onları açıqlamaq istəməzdim.

 

– Araşdırmalarınızı kitaba çevirmək çox yaxşı olardı...

– Çox istərdim ki, araşdırmalara, tədqiqatlara daha çox vaxt ayıra bilim. Təəssüf ki, maddiyatı düşünmək buna imkan vermir. Təbii ki, nə vaxtsa bütün araşdırma və tədqiqatlarımı kitaba çevirmək istərdim. Sağlıq olsun…

 

– Bakıya çatan kimi ən birinci baş çəkmək istədiyiniz yer varmı?

– Çox maraqlı sualdır. Adətən gecə vaxtı gəlib çatıram Bakıya. Və özümdə onu müşahidə etməyə başlamışam ki, bura çatan kimi gözüm “Alov qüllələri”ni axtarır. Halbuki o qüllələr tikiləndə mən çox dilxor olmuşdum, qəbul edə bilmirdim onları. İndi isə Bakıya çatıb onları görəndə rahatlanıram, əmin oluram ki, doğma şəhərimdə əmin-amanlıqdır. “Alov qüllələri” Bakının rəmzinə, döyünən ürəyinə çevrilib. Müasir memarlığın uğurlu ifadəsi kimi özünü təsdiq edib. Yəqin bu “hər bir yenilik unudulmuş köhnəlikdir” deyimi növbəti dəfə özünü büruzə verməsinə görədir – “Alov qüllələri” də bir növ Bakının 1841-ci ildə qəbul edilmiş gerbinin memarlıq nüsxəsidir.

Samirə Behbudqızı