Heydər Əliyev Sarayında Azərbaycan və Rusiyanın xor kollektivlərinin, eləcə də solistlərin və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı orkestrinin iştirakı ilə möhtəşəm konsert təşkil olunub.

Dekabrın 2-də təqdim olunan proqramda Karl Cenkinsin xor, solistlər və simfonik orkestr üçün “Sülh duası” (“Sülh messası”) oratoriyasını səslənib. Konsert Heydər Əliyev Sarayı və Opera və Balet Teatrının təşkilatçılığı, Bakıdakı Rus Evinin dəstəyi ilə təşkil olunub.

Konsertdə Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi altında Azərbaycan Dövlət Xor Kapellası, Boris Tarakanovun rəhbərliyi altında D.İ.Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetinin akademik böyük xoru və Moskva Metropoliteninin akademik xoru, Rusiyanın Əməkdar artisti Tatyana Jdanovanın rəhbərliyi altında “Vozrojdenie” (“Dirçəliş”) akademik xoru, Olqa Ostrovskayanın rəhbərliyi altında “Uvertüra” kamera xoru, habelə Kristina Əfəndiyevanın rəhbərliyi altında Bakıdakı Müqəddəs Arxangel Mixail məbədinin xoru çıxış ediblər. Azərbaycan və Rusiyanın xor kollektivlərinin bir araya gəlməsi D.İ.Mendeleyev adına RKTU-nun mədəni təşəbbüsü olan Mendeleyev Xor Konqres-Festivalının birləşmiş xor ideyası ilə reallaşıb.

Akademik Opera və Balet Teatrı orkestrinin müşayiət  etdiyi konsertdə solist qismində Fatma Səfərzadə (soprano, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı) və Pavel Artyomov (tenor, Moskva Metropoliteninin akademik xoru) çıxış ediblər. Konserti Xalq artisti, dirijor Yalçın Adıgözəlov idarə edib. Layihənin müəllifi və baş xormeysteri Boris Tarakanovdur.

Britaniyalı bəstəkar və instrumental ifaçı K.Cenkinsin (Karl William Jenkins) “Sülh duası” oratoriyası multikultural dəyərlər və sivilizasiyalararası dialoqu, müharibələr əleyhinə çağırış ideyasını təcəssüm etdirən musiqi əsəridir. Müəllif bu əsəri 1999-cu ildə yeni minilliyin gəlişi münasibətilə Britaniya Kral Silah Muzeyinin sifarişi əsasında yazıb. Üç səmavi dinin (Xristianlıq, Yəhudilik, İslam) motivləri üzərində qurulan oratoriya poetikləşmiş müharibənin təsviri ilə başlayır, tədricən müharibənin dəhşətlərini, ölümün apofeozunu təsvir etməyə keçir. Oratoriyada katolik messası ilə yanaşı, azan və təkbir səsləri də yer alıb.