Muğam, xalq və bəstəkar mahnılarından ibarət  konsert

 

Beynəlxalq Muğam Mərkəzində (BMM) dekabrın 4-də xanəndə Rəvanə Qurbanova və tarzən Rövşən Qurbanovun “Qəlbimizin səsi” adlı konserti keçirilib.

BMM-in solistləri olan ifaçılar muğam, xalq və bəstəkar mahnılarından ibarət  konsert proqramında şən-şux nəğmələrlə tamaşaçıların könlünü oxşayıblar. Rövşən Qurbanovun sənət dostları ilə birgə duet ifaları, tələbələrinin çıxışları maraqla qarşılanıb.

Musiqi axşamında tanınmış musiqi xadimləri, ifaçıların müəllimləri də dinləyicilər arasında olublar. Xalq artistləri – tarzənlər Vamiq Məmmədəliyеv, Ramiz Quliyev çıxış edərək Rövşən Qurbanovun tarzən kimi fəaliyyətini yüksək dəyərləndirib, cütlüyü birgə uğurlu ifa münasibətilə təbrik ediblər.

Xalq artisti Mənsum İbrahimov 2007-ci ildə “Muğam” televiziya müsabiqəsinin laureatı, eyni zamanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olan Rəvanə Qurbanovanın sənət dünyasından söz açıb, ona yaradıcılıq uğurları arzulayıb.

L.Azəri