Yuli Qusmanın 80 illik yubileyi münasibətilə

 

19, 20, 21 dekabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Qorxma, biz səninləyik!” adlı tamaşa-konsertin premyerası olacaq.

Səhnə əsəri tanınmış rejissor, 60-cı illərin “KVN” komandasının məşhur kapitanı, Azərbaycanın Xalq artisti Yuli Qusmanın 80 illik yubileyi münasibətilə təqdim olunur və onun 42 il öncə çəkdiyi “Qorxma, mən səninləyəm!” filminin yaradıcı heyətinin xatirələri əsasında hazırlanıb. Tamaşa-konsertin bəstəkarı Xalq artisti Polad Bülbüloğlu, libretto müəllifləri Yelena İsayeva və Cavid İmamverdiyevdir.

Layihənin ideya müəllifi yubilyarın qardaşı, Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandır. Yuli Qusmanın yubileyinin vaxtilə çalışdığı teatrda qeyd olunması fikri isə tamaşanın bədii rəhbəri, teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayevə məxsusdur.

Səhnə əsərinin quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Fidan Əliyeva, qrim üzrə rəssamı Aybəniz Hüseynova, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşa-konsertdə Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Boris Qrafkin, Şövqi Hüseynov, Fərid Əliyev, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Rauf Babayev, Emil Heydərov, Nicat Əli, Leonid Kletz, Olqa Georgiyeva, teatrın xor və balet truppasının artistləri iştirak edirlər.

Premyerada yubilyarın özünün də iştirakı gözlənilir.  Yuli Qusmanın maraqlı yaradıcılıq yolu və onun sevimli filmi haqda tamaşada Polad Bülbüloğlunun sehrli musiqiləri ilə unudulmaz anlar yaşamaq istəyənlər biletləri almağa tələsə bilərlər.