Kiyevdə Regionlararası Kadrların İdarə Edilməsi Akademiyasında (RKİEA) Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəviyə həsr olunan, Ukrayna dilində nəşr edilən “Ağıl və hikmət işığı” elmi əsərlər toplusunun təqdimatı keçirilib.
Təqdimat Ukrayna-Türk Ortaq Mədəni İrsi və “Dostluq” Xarkov Regional Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşıb.
Tədbir iştirakçıları konfransdan öncə Ümummilli lider Heydər Əliyevin akademiyanın qarşısındakı büstünün önünə gül dəstələri qoyaraq əziz xatirəsini anıblar.
Təqdimat mərasimi Ukrayna və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
RKİEA-nın birinci prorektoru fizika-riyaziyyat elmləri doktoru, professor Sergey Xrapaty, “Dostluq” Xarkov Regional Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinin sədri, kitabın məsul redaktoru Murad Ömərov, Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin müşaviri Sabir Rzayev, Albaniya Respublikasının Ukraynadakı fəxri konsulu iqtisad elmləri doktoru Şahin Ömərov, Ukrayna Azərbaycanlıları Şurasının icraçı direktoru Elşad İbrahimov, Ukrayna İnsan Hüquqları üzrə Ali Radasının üzvü Vladimir Kondur, “Kiyev-Mohyla Akademiyası” Milli Universitetinin professoru, əsərlər toplusunun elmi redaktoru Fərhad Turanlı, həmçinin Ukrayna, Türkiyə və Azərbaycanın müxtəlif regionlarından tarix, arxeologiya, türkologiya, filologiya sahəsində tanınmış alimləri çıxış ediblər. Bildirilib ki, ümumbəşəri idealları əks etdirən Nizami Gəncəvinin “Xəmsə”si multikultural dəyərləri, ədaləti, elmin qüdrətini, sülh və rifahı təbliğ edib, Qərbdə Şərqin, Şərqdə Qərbin tanınmasına töhfə verib. Nizami Gəncəvinin bu ideyaları bu gün onun adını daşıyan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətində də öz əksini tapıb. Natiqlər qeyd ediblər ki, Azərbaycanda Nizami Gəncəviyə və onun irsinə həmişə böyük hörmət və ehtiramla yanaşılıb.
Bildirilib ki, Nizami irsinin təbliği istiqamətində Heydər Əliyev Fondu tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir. Tədbirin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində keçirilməsi isə təsadüfi deyil. Çünki Ulu öndər ədəbiyyata, sözə, sənətə həmişə böyük önəm verib. Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın inkişaf tarixinin böyük hissəsi də Heydər Əliyevlə bağlıdır.
Qeyd edək ki, elmi əsərlər toplusunun təqdimatı Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun dəstəyi ilə keçirilib.