Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində “Ulu Öndər hər addımımda” adlı fotomüsabiqəyə start verilib.
Azərbaycan Gənclər Fondundan bildiriblər ki, müsabiqənin təşkilində məqsəd Ümummilli Liderin ölkə quruculuğu sahəsində aparmış olduğu işlərin və onların nəticəsinin könüllülər arasında daha geniş şəkildə təbliğ olunmasıdır.
Ölkə üzrə həyata keçirilən “Ulu Öndər hər addımımda” adlı fotomüsabiqədə iştirak etmək istəyən gənclər gündəlik həyatlarında rastlaşdıqları Ulu Öndərin fəaliyyətinin bilavasitə nəticəsi olan və fərqli sahələri əks etdirən fotolar çəkərək sosial mediada paylaşım edəcəklər.
2018-ci ildən etibarən həyata keçirilən Könüllülük Həftəsi çərçivəsində baş tutan layihə və tədbirlər 2023-cü ildə daha fərqli formatda həyata keçirilməkdədir. Buna səbəb ildən-ilə ölkə rəhbərliyi tərəfindən könüllülük hərəkatının inkişafına daha geniş imkanların yaradılmasıdır.
Qeyd edək ki, “Azərbaycan Könüllülük Həftəsi 2023” Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”in dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilir.