Macarıstanın turizm sənayesi ilə əlaqələr quran «AtaTravel» MMC səyahət həvəskarlarına bu istiqamətdə turlar təklif edir.
   
   «AtaHolding» ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Dilarə Zamanovanın bildirdiyinə görə, son vaxtlar Azərbaycanla Macarıstan arasında turizm sahəsində əməkdaşlıq genişlənir. «AtaTravel» MMC Macarıstanın «1000 yol» turoperatorunun tərəfdaşı olmaqla yanaşı, Budapeşt-Bakı-Budapeşt aviareyslərini həyata keçirəcək «WizzAirr» aviaşirkəti ilə sıx əməkdaşlıq edir.
   Bu çərçivədə «AtaTravel» şirkəti «1000 yol» turoperatoru və «WizzAirr» aviaşirkəti ilə birlikdə Azərbaycanın KİV təmsilçiləri və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri üçün iyunun 29-dan iyulun 5-dək infotur keçirilməsi barədə razılıq əldə edib: «İnfoturun gedişində rəsmi şəxslərlə görüşlər, əməkdaşlıq istiqamətlərinin müzakirəsi, perspektiv üçün müştərək planların işlənib hazırlanması və s. planlaşdırılıb”.
   «AtaTravel» Macarıstandan Azərbaycana turistlərin cəlb edilməsinə xüsusi diqqət ayırır. Bu məqsədlə sentyabrda macar turoperatorları üçün Azərbaycana infoturun təşkili nəzərdə tutulur.
   Dilarə Zamanova iyunun 18-də «WizzAirr» aviaşirkətinin Budapeşt-Bakı-Budapeşt birbaşa aviareysinin açılmasının qarşılıqlı turist axınına böyük təsir edəcəyini bildirdi: “WizzAirr” şirkəti 43 «Airbus A320» təyyarəsi olan parka malikdir və 2012-ci ildə bu şirkət tərəfindən 70 marşrutla 94 istiqamət üzrə dünyanın 33 ölkəsinə 12 milyon sərnişin daşınıb. Bu aviareys Avropaya səyahətin ən səmərəli və qənaətli üsulu olacaq. Bir nəfər üçün gediş-gəliş bileti 120 avrodur. Ətraflı məlumatı www.wizzairr.com veb-saytından əldə etmək mümkündür».
   Həmsöhbətimiz bildirdi ki, «AtaTravel» üçün Macarıstan yeni istiqamətdir. Keyfiyyətli xidmətlər, dağ landşaftı ilə gözəl təbiət dünya turistlərini Macarıstana cəlb edir: “Turizm istiqaməti ilə yanaşı, şirkətimiz Debresen Universiteti ilə təhsil sahəsində əməkdaşlıq qurmağı da planlaşdırır».
   
   Fəxriyyə