Qara Qarayevin 105 illiyinə həsr edilən konfrans və konsert
Bu il dünyaşöhrətli bəstəkar, pedaqoq, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin (1918–1982) anadan olmasının 105 illiyidir. İl ərzində bu münasibətlə müxtəlif səpkili tədbirlər təşkil olunub.
Dekabrın 13-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda dahi bəstəkarın yubileyinə həsr edilən elmi-praktik konfrans keçirildi.
ABİ-nin sədri Xalq artisti, professor Firəngiz Əlizadə konfransı açaraq müəllimi Qara Qarayevin bəstəkar, pedaqoq və ictimai xadim kimi fəaliyyətindən danışdı. Dahi musiqiçinin Azərbaycan bəstəkarlıq məktəbinin inkişafındakı xidmətlərini xüsusi qeyd etdi. Diqqətə çatdırdı ki, vaxtilə Qara Qarayevin bəstəkar və musiqişünaslara etdiyi tövsiyələr bu gün də öz aktuallığını saxlayır: “Tələbələrini daim elm və yaradıcılığa həvəsləndirən dahi bəstəkar deyərdi ki, gənc coşqun ruh yüksəkliyi nümayiş etdirən və daim axtarış həvəsində olandır. Əlbəttə, ona bu fikirləri söyləməyə haqq qazandıran məhz pedaqoji təcrübəsi idi”.
Bəstəkarlar İttifaqında Qara Qarayevlə bağlı mütəmadi olaraq tədbirlərin təşkil edildiyini söyləyən F.Əlizadə “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş “Heydər Əliyev dühası və Qara Qarayev irsi” mövzusunda elmi konfrans haqqında da danışdı. Diqqətə çatdırdı ki, Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan bəstəkarlarına dövlət səviyyəsində diqqət və qayğını əsirgəməyib. Ulu öndər həmişə Azərbaycan musiqisini, bəstəkarlıq məktəbini yüksək qiymətləndirib. O, bütövlükdə musiqi sənətimizin inkişafını diqqətdə saxlayıb.
ABİ sədri onu da qeyd etdi ki, Qara Qarayevin musiqisi, sözün əsl mənasında, beynəlmiləl ruhlu bir sənətdir. Ona görə də milyonların qəlbinə hərarət bəxş edir. Əsərləri ABŞ, İngiltərə, Fransa, Almaniya, Misir, Türkiyə, Rusiya, Polşa, Çexiya, Rumıniya və digər ölkələrin səhnəsində uğurla səslənib.
Konfransda Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor İmruz Əfəndiyeva “Qara Qarayevin harmonik dilində caz musiqisinin bəzi xüsusiyyətləri”, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Könül Nəsirova “Qara Qarayevin musiqi-tənqidi fəaliyyəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyeva “Qara Qarayevin yaradıcılığında “Leyli və Məcnun” mövzusunun təzahürü”, Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinin müəllimi Raya Abbasova “Qara Qarayevin “Ömər Xəyyamın sözlərinə 6 rübai” vokal silsiləsi” mövzusunda çıxış etdilər.
Sonra T.Quliyev adına 12 nömrəli Musiqi məktəbinin XI sinif şagirdi Z.Əlizadə, beynəlxalq müsabiqələr laureatları R.Persan, K.İmanova, D.Kərimova, A.Seyidov və C.Abdinzadə dahi bəstəkarın “Piano üçün prelüd”, “Mulat”, “Mən sizi sevirdim” (romans), “Don Kixot” simfonik qravürlərindən “Səyahət” əsərlərini ifa etdilər.
S.Fərəcov